10 İyul 2019 17:06
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi tədarük etməsi, ölkənin müdafiə potensialını artırmaqla yanaşı, Ankaranın geosiyasi mövqelərinin də möhkəmlənməsinə zəmin yaradır. Bu, ilk növbədə Türkiyənin müdafiə sahəsində ABŞ və NATO-dan asılığının azalmasıyla şərtlənir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

Ekspertin fikrincə, rəsmi Ankaranın qlobal miqyasda geosiyası konfiqurasiyanın dəyişməsinə, ABŞ, Avropa İttifaqı ölkələrinin geosiyasi qərarlarına adekvat cavab və reaksiya verməsi baxımından bu çox vacib amildir:

“Türkiyə Rusiyanın dəstəyi ilə Suriyada öz maraqlarını təmin etmək üçün müvafiq addımlar atmaq imkanı əldə edib. Moskva ilə siyasi-hərbi əməkdaşlığın inkişaf etməsi, Ankara üçün özünəməxsus sığorta rolunu oynayır. Türkiyə üçün hazırda Yaxın Şərq regionunda milli maraqların müdafiəsi və milli təhlükəsizliyə təhdidlərin qarşısının zamanında alınması əsas prioritetdir.

Bundan başqa, regionda fəallaşan Yunanıstan və Cənubi Kiprin ambisiyalarının neytrallaşdırılması da geosiyasi gündəlikdə durur. Son 4 ildə baş verən hadisələr göstərdi ki, Vaşinqtonda Yaxın Şərq siyasətini planlaşdırarkən Türkiyənin mövqeyi və təhlükəsizlik maraqlarını nəzərə almağa cəhd etmirlər. Zaman göstərdi ki, bu konkret siyasətçilərin mövqeyi ilə bağlı deyil və doktrina dəyişikliyindən irəli gəlir. Bu isə artıq Türkiyəni fərqli xarici siyasət yürütməyə, geosiyasi orientasiyada ənənəvi yanaşmalara yenidən baxmağa vadar edir”.

Zaur İbrahimli hesab edir ki, Rusiyadan “S-400”-lərin alınması bu kontekstdə rəmzi məna da daşıyır:

“Türkiyə bununla Qərb tərəfdaşlarına, NATO-ya, Vaşinqtona çox güclü və aydın mesaj verdi. “S-400”-lərin alınması Türkiyə üçün risklər də yaradır. Bu risklər Şərq istiqamətində Ankaranın geosiyasi imkanlarının məhdudlaşmasını ehtiva edir. Ankara Rusiyanın mövqeyini əvvəlki dövrlərlə müqayisədə daha çox nəzərə almalı və hesablaşmalı olacaq. Amma bir daha qeyd edək ki, Türkiyə üçün hazırda prioritet Yaxın Şərq regionunda öz milli maraqlarının qorunmasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər