ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi ilə bağlı “Roy-Engel” təklifini qəbul edib.
Teleqraf.com xəbər verir ki, 4 il əvvəl irəli sürülmüş layihəyə düzəlişin təşəbbüskarı senator Cudi Çudur.
ABŞ-da fəaliyyət göstərən erməni diaspora təşkilatı Amerika Erməniləri Milli Assambleyasına yaxınlığı ilə seçilən Cudi Çu “Roy-Engel” layihəsinə dəyişikliyin edilməsi təklifini iyul ayının əvvəlində irəli sürüb.
O, hazırladığı sənəddə qoşunların təmas xəttindən snayperlərin çəkilməsini və ATƏT müşahidəçilərinin sayını artırmağı təklif edib.
Qoşunların təmas xəttində rejim pozucusunu müəyyənləşdirən xüsusi avadanlıqların yerləşdirilməsi də təklif olunub.
Ermənipərəst senator Cudi Çu təklifini belə izah edib: “Qarabağa qarşı hücumların sayı azaldılmalı, bölgədə atəşkəs rejimi gücləndirilməlidir. Buna görə də Eliot Engel və Ed Roysun təqdim etdiyi atəşkəs rejimini gücləndirmək məqsədi daşıyan təkliflərinə dəyişiklik etdim”.
Layihənin müəllifləri Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Ed Roys və mövcud komitə sədri Eliot Engeldir. İlk dəfə 2015-ci ilin payızında təklif edilən layihəyə ABŞ Nümayəndələr Palatasının 100-dən çox üzvü dəstəklənmişdi.