13 İyul 2019 08:06
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, hakimiyyətə gəlişi, dövlət qurumlarında tutduğu hər hansı vəzifə yeni bir etap, mərhələ açmaq iqtidarındadır. Bu nöqteyi-nəzərdən onun 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi ölkənin idarəçiliyində və ümumiyyətlə bütün sahələrdə irəliyə doğru addımlaması istiqamətində tarixdə seçilən əlamətlərə malik bir mərhələ açdı. Heydər Əliyevi digər rəhbərlərə müqayisə etmək mümkün deyil. Çünki bir çox rəhbərlər Azərbaycanın tarixində yalnız ad-soyadları ilə qaldılarsa, Heydər Əliyevin hər dəfə hakimiyyətə gəlməsi, dövlət strukturlarında vəzifədən vəzifəyə keçməsi ölkənin həyatında əlamətdar hadisəyə çevrilməklə çox dərin izlər buraxıb.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.
O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi kimi gördüyü böyük işlərin demək olar əksəriyyətində sanki Azərbaycanın müstəqillik dövründə ayrıca idarəçiliyinə gedən hazırlığın əlamətlərini görmək mümkündur:

“O zaman xüsusilə hərbi, xüsusi xidmət orqanları sahəsində milli kadrlara önəm verilməsi, hərbi təhsil sahəsində yeni bir mərhələnin açılması, ölkənin sənaye potensialının artırılması üçün çox əhəmiyyətli fundamentlərin atılması və sair addımlar bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyinə həqiqətən o dövrdən başlayaraq hazırlıq prosesi gedirdi. Belə də demək mümkündür ki, Heydər Əliyev hakim ideologiyanın ən istedadlı ideoloqlarından, rəhbərlərindən biri olmasına baxmayaraq bəlkə də Azərbaycanın nə zamansa müstəqil olacağını hamıdan qabaq görürdü, bilirdi.

Amma o zaman mövcud olan şərait bunu açıqlamağa imkan vermirdi. Amma Heydər Əliyev sanki ürəyində gördüyü gələcəyi, gələcəyə hazırlaşmaq nöqteyi-nəzərindən gərək olan işləri məhz o zaman görməyə başlamışdı. Mərkəzi Komitənin birinci katibi olduğu dövrdə Heydər Əliyevin Azərbaycan iqtisadiyyatında, sənayedə, kənd təsərrüfatında, mədəniyyətdə, dövlət orqanlarının qurulmasında, fəaliyyətində, bir sıra spesifik sahələrdə, məsələn hərbi, xüsusi xidmət sahəsində, diplomatik orqanlarda milli kadrların yetişdirilməsi istiqamətində gördüyü işlər bu gün müstəqil Azərbaycanın mənafeyinə, maraqlarına və tələbatına tamamilə uyğundur”.

A.Quliyev qeyd edib ki, bu nöqteyi-nəzərdən ulu öndər Heydər Əliyevin o dövrdə gördüyü işləri müstəqil Azərbaycan dövlətçiliyi naminə görülmüş işlər kimi qiymətləndirmək heç də şişirdilmiş qiymət deyil. Əksinə, bu, Heydər Əliyevin o zamankı fəaliyyətinin ən real və dolğun qiymətidir.

Qeyd edək ki, 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50 ili tamam olur.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər