14 İyul 2019 11:16
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərərək xalqımızın özünüdərki üçün zəruri addımları atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başlamışdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir:

"Ümummilli Liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli və unudulmaz günlərdən biri də 14 iyuldur. Ulu Öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Ulu Öndər respublikaya rəhbərliyə gəldikdən sonra qısa bir zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bildi. Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda rəhbər olduğu dövrdə yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə - müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı".

M.Qurbanlı bildirib ki, Ümummilli Liderin fəaliyyətinin əsasını milli-mənəvi, dini dəyərlərimizə sıx bağlılığı, Azərbaycan və dünya tarixini mükəmməl bilməsi, xüsusi xidmət orqanlarında çalışarkən xalqımıza qarşı yönəlmiş siyasəti aydın görüb dərindən araşdırması təşkil etmişdir:

"Bu amillər onun millətsevərlik, müstəqil dövlətçilik baxışlarının formalaşmasında çox böyük rol oynamışdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə görülən işlər özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Ulu Öndər xalqın heysiyyətini gücləndirmək, onu öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməli olduğunu çox yaxşı bilir və bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlayırdı".

Komitə sədri əlavə edib ki, Ümummilli Lider cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi:

"Buna görə də əminliklə deyə bilərik ki, Azərbaycan tarixində ikinci maarifçilik hərəkatı məhz onun adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi altında təhsilin milliləşdirilməsi, dilimizin inkişafı, ictimai elmlərin tarixi xarakterinin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər