19 İyul 2019 09:13
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın iki dəfə veto qoyduğu Səudiyyə Ərəbistanına silah satışını dayandırmağı nəzərdə tutan üçüncü qanun layihəsinin səsverməyə çıxarılması demokratlar üçün o qədər də çətinlik yaratmır. Çünki ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar çoxluq təşkil edir, eləcə də bəzi respublikaçılar da bu qərarın lehinə səs veriblər. Tramp üçüncü dəfə veto qoyarsa, konstitusiyanı ciddi şəkildə pozduğuna görə prezidentə qarşı impiçment başlaya bilər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Nümayəndələr Palatasının qərarı humanitar əsası özündə əxz etdirir, insanlığa yönəlikdir: “Səudiyyə Ərəbistanı dünyanın gözü qarşısında başqa bir ölkədə, qardaş Türkiyədəki konsulluğunda jurnalist Camal Qaşıqçını vəhşicəsinə öldürüb, bu günə qədər də mərhumun cəsədi tapılmayıb. Bu prosesin dünya miqyasında sona çatmamasının yeganə səbəbkarı da məhz ABŞ, xüsusilə də ölkə başçısı Donald Trampdır. Trampın Səudiyyə Ərəbistanı rəhbərliyi ilə çox ciddi əlaqələri var, bundan başqa onun kürəkəni olan müşavir Cared Kuşnerin də Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla ciddi maliyyə əlaqələri var. Zaman-zaman çox külli miqdarda pulların Trampın kürəkəni tərəfindən alındığı haqda informasiyalar yayılır. ABŞ Səudiyyə Ərəbistanının Yəməndə rəhbərlik etdiyi hərbi koalisiyaya dəstək verir. Bunlar hamısı heç də təsadüf deyil”.

Siyasi şərhçi qeyd edib ki, bu kontekstdə milyardlarla dollarla ölçülən silahları Birləşmiş Ştatlar rahatlıqla Səudiyyə Ərəbistanına sata bilir: “Suriyanın şimalında olan PKK/YPG terror ünsürlərinin maliyyələşdirilməsi məsələsində ABŞ basqılarla Səudiyyə Ərəbistanını bu yöndə maliyyə xərcləməyə məcbur edir. Bunlar hamısı kəşfiyyat informasiyalarıdır və bunu qardaş Türkiyədə bilməyən heç kəs yoxdur”.

Natiq Miri xatırladıb ki, Donald Tramp ABŞ-ın ən nüfuzlu qəzetində fəaliyyət göstərən jurnalistin vəhşicəsinə qətlinə göz yumdu, dövlət maraqlarını önə çəkərək Səudiyyə Ərəbistanına bundan sonra da silah satacaqları ilə bağlı qərar verdi: “Bu qərara qarşı çıxan isə ABŞ Konqresinin Nümayəndələr Palatası oldu. Qanun iki dəfə Trampa göndərilib, hər ikisində veto qoyulub, nəhayət üçüncü dəfə Nümayəndələr Palatası yenidən səsvermə keçirərək, bu qərarı növbəti dəfə təsdiqlədi və ABŞ prezidentinə göndərdi. Düşünürəm ki, bu, sonuncu olacaq. Artıq Trampın bu qanuna veto qoymaq imkanı olmayacaq. Konqresin digər qolu olan Senatda çoxluqda olan respublikaçılar da düşünür ki, jurnalist Qaşıqçının qətlindən sonra Səudiyyəyə silah satılmamalı, Yəməndə Səudiyyənin rəhbərlik etdiyi hərbi koalisiyaya ABŞ dəstək verməməli və dərhal amerikalı əsgərlər Yəməni tərk etməlidir. Trampın qaçacağı yer yoxdur. Özünün məxsus olduğu Respublikaçılar Partiyası belə Nümayəndələr Palatasının çıxardığı qərarı dəstəkləyirlər”.

Natiq Miri hesab edir ki, ABŞ prezidenti bu qərarla hesablaşmalı olacaq: “Bu dəfə konstitusiyanı pozub fövqəladə səlahiyyət adı altında silah satışını davam etdirərsə, Nümayəndələr Palatası konstitusiyanı ciddi şəkildə pozduğuna görə prezidentə qarşı impiçment başlaya bilər. İmpiçment təhlükəsi olduğuna görə Tramp böyük ehtimalla bu qərarı qəbul etməli olacaq”.


Müəllif: Nərgiz