Rusiya rəhbərliyinin MDB üzrə xarici siyasətin kurasiyasına ermənipərəst və Ermənistandakı keçmiş səfir İvan Volınkini gətirməsi şimal qonşumuzun Qarabağla bağlı strategiyasının dəyişməz olaraq qalacağına işarədir.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, İ.Volınkin münaqişənin həlli ilə bağlı proseslərdə Ermənistanın mövqeyini daha çox müdafiə edəcək:
“Rusiya Xarici İşlər Nazirliyi rəhbərliyinin fəaliyyəti demək olar ki, anti-Azərbaycan ovqatına köklənib. Volınkinin MDB üzrə məsələlərdə vəzifəyə gətirilməsi Azərbaycana qarşı yeni cəbhənin olması deməkdir. Keçmiş kurator Qriqori Karasin kifayət edər balanslı siyasət həyata keçirib, Moskvanın siyasətini uzlaşdıra bilirdi. Volınkinin fəaliyyətində bu siyasəti görməyəcəyik. Rəsmi Bakı Rusiya ilə diplomatik danışıqları gücləndirməli və dost və tərəfdaşlarının sayını artırmalıdır. Təəssüf ki, bu gün Rusiyada yüksək çinli, dövlət siyasətinə təsir edə bilən dostlarımız yoxdur. Amma Avropada var. Bu istiqamətdə Rusiya ilə də işləmək lazımdır və Kremlin xarici siyasətinə təsir edən şəxslərlə yüksək səviyyədə əməkdaşlıq əlaqələri saxlanılmalıdır”.
M.Əsədullazadə bildirib ki, Rusiyanın sabiq baş nazirinin müavini, silah satışını kurasiya edən Dmitri Roqozinin ölkəmizə münasibəti müsbət idi:
“Onun zamanında ölkəmizlə kifayət edər silah satışı reallaşdı. Roqozinin gedişi ilə silah satışı da zəiflədi. Volınkinin fəaliyyəti isə anti-Azərbaycan siyasəti olacaq və Bakı daha çevik siyasət aparıb onun təxribatçı, ermənipərəst siyasətinin qarşısını almalıdır”.