“Azərbaycan Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, onların zəngin potensialının hərtərəfli üzə çıxarılmasına yönələn layihələri həyata keçirməyə yüksək dərəcədə maraq göstərir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Birinci Xəzər İqtisadi Forumu ilə bağlı “Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalına müsahibəsində şərh verən Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.
“Odur ki, Türkmənistanda keçiriləcək iqtisadi foruma xeyli əsaslı şəkildə hazırlaşmışıq. Xəzəryanı ölkələr arasında əməkdaşlığın bu formatından əsas gözləntilərimiz regionda həyata keçirilən mühüm təşəbbüslər çərçivəsində qarşılıqlı fəaliyyətin konkretləşməsidir. Bizcə, enerji, logistika və s. sahələrdəki layihələrin fəallaşdırılması ölkərimizdən hər birinin və bütövlükdə Xəzər məkanının mənafeyinə qulluq edəcək”, - deyən nazir regionun zəngin iqtisadi potensialını üzə çıxartmaqda Azərbaycanın bundan sonra da yaxından iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.
“Biz həm iki və üçtərəfli şəkildə, həm də Xəzəryanı ölkələrin hamısını birləşdirən müxtəlif formatlı qarşılıqlı faydalı koperasiya variantlarına açığıq. Əsas məsələ həyata keçirilən layihələrin ölkələrimizin inkişafına, müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə yönəlməsidir”, - E.Məmmədyarov qeyd edib.
Nazir həmçinin Azərbaycanla Türkmənistan arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb.
“Eyni kökdən gəldiyimizdən başqa, xalqlarımızın taleyində mühüm yeri olan Xəzər bizi coğrafi mənada da bir-birimizlə bağlayır. Ona görə də həm Azərbaycanda, həm də Türkmənistanda Xəzərin potensialını üzə çıxartmağa, sahil ölkələri arasında əməkdaşlığın inkişafına bu qədər əhəmiyyət verilməsi heç də təsadüfi deyil”, - E.Məmmədyarov əlavə edib.