Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanın mövqeyinin dəyişiləcəyi, münaqişənin həlli ilə bağlı yeni yanaşmaların ortaya qoyulacağına dair müəyyən gözləntilər var idi. Şəxsən mən bununla bağlı çox optimist deyildim. Hərçənd mən də münaqişənin sürətlə, ədalətli həllini arzulayanlardanam. Amma yerli, ölkədaxili, regional və qlobal faktorları nəzərə alaraq çox ümidli olmayanlardan idim.
Bunu Teleqraf.com saytına açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.
Ekspert təəssüf hissi ilə qeyd edib ki, onun və onu kimi düşünənlərin gözləntiləri daha çox reallaşır:
“Bunu bir neçə istiqamətdə görürük. Birincisi, Ermənistan danışıqlar prosesində konkret addımlardan çox danışıqlar prosesini uzatmağa xidmət edən addımlar atmağa başladı. Robert Köçəryan və Serj Sərkisyan dövrünün bezdirici məqamı da Ermənistanın müxtəlif taktikalara müraciət edərək danışıqlar prosesini uzatmağa çalışması idi. Sadəcə, Levon Ter-Petrosyan özü də bundan vaz keçib nəyisə dəyişməyə çalışmışdı, buna meyilli olmuşdu, hakimiyyətini itirmişdi”.
A.Aslanlı qeyd edib ki, Ermənistanın indiyə qədərki siyasəti vaxt udmağa, prosesi uzatmağa çalışmaq siyasəti idi. Paşinyanın da siyasəti bundan çox fərqlənmədi:
“Bunu ona görə deyirəm ki, Paşinyanın son açıqlaması arzuolunmaz açıqlamadır, amma sürpriz açıqlama deyil. Yəni, Paşinyanın da siyasəti təəssüf ki, özündən əvvəlkilərin siyasətindən çox fərqlənmədi. Hansısa müəyyən incə detallar fərqlənə bilər. Amma həmin incə detallar münaqişənin həllinə töhfə verəcək xarakterdə deyil. Çox xırdadır, kosmetik xarakterlidir.
Ola bilsin ki, həmin xırda, kosmetik xarakterli dəyişikliklərə görə Paşinyan daxildə təzyiqə məruz qalırdı. Bəlkə yenə də klassik xəttə qayıdır.
Bilirsiniz ki, Ermənistandakı siyasətçilərin çox böyük əksəriyyəti SSRİ-nin dağılma ərəfəsində Ermənistanda başlamış hərəkatdan çıxmış, hansısa formada o hərəkatda iştirak etmiş siyasətçilərdir. Onların böyük hissəsinin arzusu “Böyük Ermənistan”dır.
Ermənistandakı siyasətçilərin böyük əksəriyyətinin daxilində az və ya çox dərəcədə “Böyük Ermənistan” xülyası yatır. Ermənistandakı siyasətçilərin böyük əksəriyyətinin ürəyinə bütün qonşulara ərazi iddiası var. Bəzisi bunu az, bəzisi çox, bəzisi məqam tapanda deyir. Amma bu onların hamısının qəlbində var. Çünki iştirak etdikləri prosesin – hərəkatın ruhunda o var idi. Yəni, məncə, Paşinyan “Qarabağ Ermənistandır” deyərkən birincisi, bir az ruhundakını ifadə etmiş olub, ikincisi, bir az daxili siyasətdə özünə yönəlmiş təzyiqləri azaltmağa çalışıb, üçüncüsü isə Ermənistanın qeyri-standart, ardıcıl olmayan xarici siyasətinin mahiyyətini büruzə vermiş olub.
Yəni, gah “Ermənistanın Qarabağa dəxli yoxdur” ifadəsini işlətmək, gah da bunun əksini demək qeyri-standart, ardıcıl olmayan siyasətin mahiyyətindən irəli gəlir”.
Politoloq bildirib ki, Azərbaycanın buna cavabı hazırda olandan daha sərt olmalıdır:
“Məncə, bu, kifayət deyil. Azərbaycan bundan sərt reaksiya göstərməlidir. İkincisi, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, beynəlxalq təşkilatlardan və digər dövlətlərdən tələb etməlidir ki, onlar daha sərt reaksiya göstərsinlər. Yəni, həm bizim siyasətimiz sərt olmalıdır, həm də digər dövlətlərdən tələb edilməlidir ki, daha sərt reaksiya göstərsinlər.
Necə olur ki, Azərbaycan öz ərazisində hansısa hərbi xarakterli addım atanda müxtəlif tərəflər müraciət edərək sülhə uyğun addım atmağa çağırırlar. Bəs Ermənistanın bu addımı beynəlxalq sülhə, danışıqlar prosesinə zidd addım olduğu halda niyə ona sərt reaksiya görmürük. Biz tələb etməliyik ki, Ermənistandan kimsə işğal olunmuş ərazilərə səfərə gələndə ona sərt reaksiya versinlər, bunu dinc danışıqlara zidd addım kimi qiymətləndirsinlər. Eyni zamanda Ermənistan bizim ərazilərimizdə bizim icazəmiz olmadan hansısa tədbir keçirmək istəyəndə buna da beynəlxalq vasitəçilər sərt reaksiya versinlər, bunu da qınasınlar. Ermənistanın bu addımını danışıqlar prosesini pozmağa yönəlmiş addım kimi qiymətləndirsinlər”.