“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi üzrə gedən müzakirələrə ciddi xələl gətirdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Ermənistan baş naziri və xarici işlər nazirinin “Qarabağ Ermənistandır” bəyanatını şərh edib:
“Paşinyan və Mnatsakanyanın “Qarabağ Ermənistandır” bəyanatlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq təşkilatlara müraciətlər edilib. Erməni tərəfi açıq-aşkar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirdi. İndi növbə beynəlxalq təşkilatlarındır, əgər onlar Ermənistanın bu davranışlarına göz yumsa, Azərbaycan tərəfi münaqişəni digər yollarla həll etmək üçün “mandat” alacaq.
Onsuz da bu illər ərzində qəbul edilmiş bütün beynəlxalq qətnamə və qərarlar Bakıya imkan verir ki, torpaqlarımızı erməni hərbi terror birləşmələrindən azad etsin”.
Dünən Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Azərbaycana qarşı təxribat xarakterli açıqlama verib.
O, çıxışında “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinə yer verib. İşğalçı ölkənin baş diplomatının bəyanatı rəsmi Bakının sərt etirazı ilə qarşılanıb.
Analoji fikirləri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı da səsləndirilmişdi.