14 Sentyabr 2019 19:13
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üçüncü Baxış” beyin mərkəzinin rəhbəri, şərqşünas Rauf Rəcəbov Teleqraf.com saytının qonağı olub.

Sentyabrın 3-dən 5-dək Polşanın Krınitsa-Zdruy şəhərində 29-cu dəfə keçirilən ənənəvi illik iqtisadi forumda iştirak edən analitik orada müzakirə olunan əsas məsələlər barədə danışıb.

Qeyd edib ki, forumda Çinin dünya lideri olması, o cümlədən “Bir kəmər, bir yol” təşəbbüsü ciddi müzakirə olunub. R.Rəcəbov ABŞ-ın bu təşəbbüsə qoşulmamasının səbəbləri barədə danışıb.

Analitik Azərbaycanın “Bir kəmər, bir yol”a qoşulmasına rəğmən, Çindən asılılığının yaranmadığını vurğulayıb.

Müsahibə zamanı, həmçinin, nəqliyyat dəhlizləri, bu dəhlizlərdə Azərbaycanın iştirakı, rəsmi Bakının Avropa İttifaqı ilə münasibətləri, Baltikyanı ölkələr və Vışeqrad Qrupu ölkələrinin Avropanın “qocaman” ölkələri – Almaniya və Fransa ilə münasibətlərində mövcud olan problemlər, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması, Avropanın üzləşdiyi miqrant böhranı, protestant xristian ölkələrindən fərqli olaraq katolik kilsəsinə bağlı Avropa ölkələrinin miqrantlara münasibətdə tutduqları kəskin mövqe, Türkiyənin Avropa İttifaqı ilə apardığı müzakirələr, Ukrayna böhranının həlli kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

R.Rəcəbov qeyd edib ki, hələ Fransanın görkəmli dövlət xadimi Şarl de Qollun zamanında Lissabondan Vladivostokadək böyük bir təhlükəsizlik məkanının yaradılması ideyası irəli sürülmüşdü. Ancaq Ukrayna böhranı, Cənubi Osetiya, Abxaziya, Dnestryanı, bunların hamısından öncə isə Dağlıq Qarabağ münaqişəsi bu məkanın formalaşmasına imkan vermir. Ona görə də bu problemlər təxirəsalınmadan öz həllini tapmalıdır.

Ekspert ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların davamlı olacağını düşündüyünü vurğulayıb.

Müsahibəni təqdim edirik.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər