20 Sentyabr 2019 19:00
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı iqtisadi vəziyyətə baxanda görürük ki, bu ölkənin inkişafı üçün heç bir iqtisadi əsas yoxdur. Bu gün Ermənistanın blokada vəziyyətində olması, istehsal sahələrinin işləməməsi və bağladığı müqavilələrə görə öhdəlikləri yerinə yetirə bilmədiyi üçün beynəlxalq şirkətlər tərəfindən ittiham edilməsi rəsmi İrəvanın vəziyyətini daha da ağırlaşdırıb.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ixtisasca iqtisadçı olan Azər Badamov bildirib.

O qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin iqtisadi inkişafı və gələcək perspektivlər barədə populist çıxışlar edir, vədlər verir, perspektiv planlar barədə danışır:

“Təbii ki, Ermənistanın gələcəyinin hansı istiqamətə gedəcəyi hamıya məlumdur. Nikol Paşinyan bu günün reallığını bir kənara qoyaraq, 2050-ci ilədək Ermənistanın inkişaf planlarından danışır. Yəni, bu günün reallığı odur ki, Ermənistanda iqtisadiyyat acınacaqlıdır və sabahın proqnozu haqqında hər hansı fərziyyə yürütmək gülünc olardı. Paşinyanın verdiyi vədlərin reallaşmayacağı bəri başdan hamıya, o cümlədən onun özünə də məlumdur. Paşinyan çalışır ki, iqtisadi perspektivli açıqlamalar verməklə öz hakimiyyətinin ömrünü uzatsın və hakimiyyətini möhkəmləndirsin. Təbii ki, bu qeyri-mümkündür. Çünki “Amulsar” qızıl mədəni ilə bağlı Ermənistanda baş verən narahatlıqlar, narazılıqlar və bu mədənin istismarı ilə bağlı imzalanmış beynəlxalq müqavilənin icra olunması istiqamətində qarşısına çıxan maneələr, bu müqavilənin icrası zamanı Ermənistanın ekologiyasına dəyəcək ziyanlar hamısı təbii ki, Ermənistanda vəziyyətin heç də yaxşı olmadığının göstəricisidir. Ermənistan iqtisadiyyatı tamamilə iflasa uğrayıb. Bu ölkə demək olar ki, iqtisadi və siyasi müstəqilliyini itirib. Ölkənin rəhbərliyinin açıqlamaları da məntiqsiz və perspektivsizdir. Paşinyanın, yaxud Ermənistanın hər hansı böyük layihənin icrası ilə bağlı proqram və açıqlamaları gülməlidir. Çünki bu gün Ermənistanın düşdüyü blokada şəraiti, yəni sərhədlərin bağlı olması ölkə daxilində siyasi böhranı da dərinləşdirir. Gələcəkdə nə siyasi, nə də iqtisadi sahədə ciddi uğur görmək mümkün deyil”.

A.Badamov qeyd edib ki, bütün bu çətinliyin kökündə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti dayanır:

“Ermənistan bu işğalçılıq siyasətindən əl çəkmədikcə təcavüzkar ölkədə nə siyasi sabitlik yaranacaq, nə də iqtisadi müstəqillik olacaq. Olan-qalan iqtisadiyyatı da məhv olub gedəcək. Biz hamımız bilirik ki, Ermənistanın çıxış yolu işğala son verməsindən və Azərbaycanla normal qonşuluq münasibətləri yaratmasından keçir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər