12 Oktyabr 2019 19:16
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubununun XVI illik toplantısından sonra artıq bu dəfə Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanı pis duruma saldı. Məsələ ondadır ki, İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə hazırda MDB-nin üzvü olan dövlətlərin xalqları böyük şücaət göstəriblər, böyük itkilər veriblər. Bu mənada faşist əlaltısı olmuş Qaregin Njdenin Ermənistanda populyarlaşdırılması ilə bağlı fikirlərin çatdırılması üçün seçilən məkan çox münasib idi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin faşist əlaltısı olmuş bir insanla bağlı fikirlərini çatdırmaq üçün bu yeri seçməsi təsadüfi sayıla bilməz:

“Orada Njdeyə abidə qoyulması pislənildi və Paşinyan buna cavab olaraq Njdenin əslində sovet ordusuna qarşı deyil, türk ordusuna qarşı vuruşduğunu bildirdi. Prezident İlham Əliyev təbii ki, bunu da cavabsız qoymadı. O, Aleksandr Lukaşenkodan söz alaraq Paşinyana növbəti dəfə bildirdi ki, MDB Dövlət Başçıları Şurasının iclasında bu kimi cəfəng fikirləri hələ heç kim eşitməyib. Faktiki olaraq Paşinyanı ciddi şəkildə tənqid etdi”.

Z.Məmmədov qeyd edib ki, Q.Njde İkinci Dünya Müharibəsi zamanı açıq-aşkar alman faşist ordusu tərəfindən Krımın işğalında, Krım yarımadasına olan hücumlarda, sovet ordusuna qarşı əməliyyatlarda fəal şəkildə iştirak edib:

“Ermənilər Njdenin yer aldığı qruplarda fəal şəkildə sovet əsgərlərinin öldürülməsi ilə məşğul idilər. Njdenin əsas istəyi ondan ibarət idi ki, almanlar Cənubi Qafqazı da işğal edərək orada ermənilər üçün bir sıra geniş imkanlar açsın. Bütün bunlar onu göstərir ki, ermənilər indi əslində keçmişdəki faşizm siyasətlərini davam etdirməkdədirlər. MDB dövlət başçıları bu məsələdən təbii ki, yaxşı agahdır.

Təsadüfi deyil ki, Azərbaycanın yer almadığı KTMT, Avrasiya İqtisadi İttifaqının iclaslarında da artıq bir neçə Paşinyan və ondan əvvəlki Sərkisyan hökuməti apardıqları işğalçılıq siyasətlərinə görə tənqid edilmişdilər”.


Müəllif: Səxavət Həmid