Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi olduqca iyrənc, yaramaz, mənfur bir faktdır. Bu fakt Amerika tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlar prosesinə vurduğu böyük zərbələrdən biridir. Çünki bu şəxs qeyri-rəsmi şəxsdir, hər hansı rəsmi qurumu təmsil etmir. Guya qondarma Dağlıq Qarabağ Respublikasının qondarma “xarici işlər naziri”dir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, nəinki ABŞ, heç Ermənistan özü də bu bölgənin müstəqilliyini tanımayıb, amma ABŞ-ın Ermənistandakı səfirliyi ona viza verib:
“O da həmin viza ilə Vaşinqtona uçub, üstəlik də ABŞ Nümayəndələr Palatasında konqresmenlər qarşısında çıxış edib və onlarla görüş keçirib. Bu, sözün əsl mənasında siyasi qalmaqal yaradacaq bir biabırçılıqdır. Özünün demokratiyası, beynəlxalq hüquqa hörməti ilə öyünən Amerika kimi bir dövlətin birdən-birə beynəlxalq hüquq normalarını ayaqlar altına alıb tapdalaması və belə bir maskarad düzəltməsi çox ciddi təəccüb doğurur”.
Q.Hüseynli bildirib ki, ABŞ yeni dünya düzənindən, sülh və əmin-amanlıqdan, dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasından danışır, digər tərəfdən Azərbaycanda separatçılıqla məşğul olub, ölkə ərazisinin 20 faizini işğal edənləri təmsil edən şəxsə viza verib özünün 3 ali federal orqanından birində – qanunverici orqanda çıxış etmək “şərəfi”nə layiq görüb:
“Dünənədək buna ikili standart deyirdiksə, bu gün artıq ikili standart deyil. Beynəlxalq hüquq normalarına meydan oxumaq, onu çeynəyib atmaq, nəticə etibarilə, birtərəfli qaydada Ermənistana və onun yaratdığı qondarma quruma havadarlıq etməkdir. Son vaxtlar Amerikada ermənilərə hüsn-rəğbətin artmasının səbəbini izah etmək o qədər də asan deyil. Doğrudur, erməni lobbisi və ermənipərəst dairələrin Amerikada çoxluqda olduğunu görürük, amma əsas məsələ ondan ibarətdir ki, bu gün bir tərəfdən qondarma erməni soyqırımına dair qətnamə qəbul edən Konqress, digər tərəfdən Azərbaycana qarşı qiyam qaldırmış, Azərbaycanın ayrılmaz tərkib hissəsinin “təmsilçisi”nin qanunverici orqanda qəbul edilib dinlənilməsi sözün həqiqi mənasında çoxüzlülük, siyasi riyakarlıq və Azərbaycanın suveren hüquqlarına hörmətsizlikdən başqa bir şey deyil”.
Politoloq qeyd edib ki, Amerika siyasətində ziqzaqlar, müəyyən büdrəmələr həmişə olub:
“Amma budəfəki büdrəmələr çox ciddi xarakter daşıyır və bir gün bu büdrəmələr Amerikanın özünü də xaosa və mərkəzdənqaçma meyillərinin şirnikləndirilməsinə aparıb çıxaracaq. Yəni, Amerikanın etdiyi yanlışlıqlar bumeranq effekti verib özünə qayıda bilər və qayıdacaqdır”.
Müsahibimiz əlavə edib ki, Azərbaycan xalqı Amerikanın bu yanlış addımını heç şübhəsiz, qətiyyətlə pisləyir və bu işi düzüb-qoşanlara öz nifrətini bəyan edir.
Qeyd edək ki, özünü qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” kimi təqdim edən Masis Mayilyan oktyabrın sonu, noyabrın əvvəlində ABŞ-da səfərdə olub. O, ABŞ Nümayəndələr Palatasında bir sıra görüşlər keçirib. Masisyan və onun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 29-da Nümayəndələr Palatasında qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin müzakirəsində də iştirak edib.