Mayk Pompeo son bəyanatı ilə NATO-nun Rusiyanın bilavasitə çevrələmə siyasətini ifşa etdi. Çünki Ukraynanın rəsmi Kremlin orbitindən çıxarılması layihəsi Rusiyanın sərhədləri çərçivəsində NATO-nun yerləşməsi anlamına gəlir. Layihəyə adekvat olaraq bu gün Ukrayna Qara dənizdə strateji mövqeyi olan Krım və Sevastopol kimi əyalətləri itirmiş oldu.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ukraynanın Vaşinqtonun uzun illər çalışdığı layihə olduğu və Rusiya ilə savaşa bilməsi üçün silah verildiyinə dair bəyanatını şərh edərkən deyib.
Natiq Mirinin sözlərinə görə, paralel olaraq Donbas və Luqanskın böyük hissəsi Rusiyanın dəstəyi ilə separatçıların nəzarəti altındadır: “Bu da Rusiya tərəfindən Ukrayna dövlətinə ciddi təzyiq mexanizmi olaraq ifadə edilir. Pompeonun dediyi NATO-nun Rusiyanın tamamilə mühasirə alınma layihəsinin ifşası deməkdir”.
Politoloq hesab edir ki, ABŞ dövlət katibinin savaşması üçün Ukraynaya öldürücü-strateji silahların verilməsi Rusiyaya həm də təzyiq xarakteri daşıyır: “Yəni növbəti dəfə Ukrayna ilə Rusiya arasında müharibə qızışarsa, Rusiyanın itkiləri daha çox olacaq. Çünki həqiqətən də Obama dönəmində Ukraynaya öldürücü-strateji silahlar verilmirdi, daha çox müdafiə xarakterli və bəsit silahlar göndərilirdi. Ancaq Pompeonun bu cür etirafı göstərir ki, bir çox strateji silahlar və raket sistemləri təhvil verilib. Bu da perspektivdə yeni döyüşlər başladığı təqdirdə havada və quruda Ukrayna ordusunun mövqelərini gücləndirəcək”.
Natiq Miri hesab edir ki, Pompeo son bəyanatları ABŞ Prezidenti Donald Trampın düşdüyü çətin durumda məxsusi olaraq verib: “Trampın Zelenski ilə telefon danışığında seçkilərdə rəqibi olan demokrat Co Baydenin oğlunun Ukraynada fəaliyyət göstərən şirkəti ilə bağlı kəşfiyyat informasiyası istəməsi mediada qabardıldı və onun əleyhinə işlədi. Nümayəndələr Palatasında Trampın vəzifədən uzaqlaşdırılması ilə əlaqədar impiçment prosesi davam edir. Pompeo isə Ukraynaya ABŞ-ın hətta Obama dönəmindən daha çox yardım göstərdiyini ortaya qoymaq, bir növ ABŞ-Ukrayna strateji tərəfdaşlığını qabartmağa çalışıb.
Bunun fonunda Ukraynanın gücləndirməsinin yalnız Rusiyanın əleyhinə olan amil kimi vurğulanıb. Pompeo demək istəyib ki, məsələ Trampın Rusiya ilə əlaqələrində deyil, Ukraynanın gücləndirilməsi prosesi gedir”.