14 Noyabr 2019 18:14
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və Ermənistan Qarabağ danışıqlarının yeni formatda – separatçıların iştirakı ilə aparılması istiqamətindəki səyləri həll prosesinə zərbə vurur. Hesab edirəm ki, gələn ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə bu format müzakirə olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, belə bir format Azərbaycan üçün qəbuledilməzdir:

“Valday Klubunun Soçidə keçirilən toplantısında Prezident İlham Əliyev Qarabağ məsələsində qəti mövqeyini ortaya qoydu və bundan sonra digər arqumentlərin dilə gətirilməsi mənasızdır. Prezidentin Qarabağla bağlı mövqeyi öz aktuallığını saxlayacaq və danışıqların belə bir formatda aparılmasına razılıq verməyəcək.

Onu da qeyd edim ki, gələn il Rusiyanın Azərbaycan və Ermənistan liderlərinin birgə görüşünü təşkil edəcəyini istisna etmirəm. Qənaətimə görə, bu görüş reallaşsa, danışıqlar “Kazan formulu” çərçivəsində aparılacaq. Lakin danışıqların hansı formatda aparılmasından asılı olmayaraq, Ermənistana ərazi güzəşti etməmək Azərbaycan prezidentinin prioritetidir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, danışıqlar yenidən “Kazan formulu” çərçivəsində aparılsa, Kremlin Azərbaycandan istəkləri olacaq: “Bu, ənənəvi olaraq, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, o cümlədən Avrasiya İttifaqına üzvlüyü ilə bağlıdır. Bakının bu məsələdə mövqeyi bəllidir, ilk növbətə işğal edilmiş ərazilər qaytarılmalı, bundan sonra məsələyə baxılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu