“Nəhayət ki, Qarabağın azərbaycanlı icması beynəlxalq arenaya çıxdı. İlk görüşlərin ABŞ-dan başlaması uğurlu seçimdir. Çünki ermənilərin ABŞ-da güclü lobbisi var və burada qəbul edilən bir sıra siyasi qərarlar digər dövlətlərdə də presedent yaradır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Qarabağın azərbaycanlı icmasının Los-Ancelesdə yəhudi dini kəsimi ilə əməkdaşlığı müsbət addımdır:
“Yəhudi lobbisi ilə əməkdaşlıq və onlarla birgə çalışmaq Qarabağın azərbaycanlı icmasının erməni lobbisi üzərində üstünlüyünü təmin edə bilər. Buna görə də Qarabağın azərbaycanlı icmasının beynəlxalq fəaliyyəti və görüşləri təqdirə layiqdir.
Bu proses Avropa və Rusiyanı da əhatə etməli və ermənilərin yalan maşınının qarşısı alınmalıdır. Azərbaycanlı icmasının beynəlxalq meydanda özünü göstərməsi bu baxımdan vacibdir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, bundan sonra Qarabağ münaqişəsinin nizamlanmasında Qarabağın azərbaycanlı icması həlledici faktor olacaq: “Bu, münaqişənin həll prosesində lehimizə olan dönüş nöqtəsi yarada bilər”.