“Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatları daxili auditoriyaya hesablanıb. Bununla “Qarabağ klanı”nın hücumunu neytrallaşdırır. Çünki bu klan hələ də Qarabağ separatçılarını öz əlində saxlayır və gələn il burada keçiriləcək qondarma seçkilərdə də bu üstünlüyünü qorumağa çalışacaq. Paşinyan isə bundan istifadə edərək, “Qarabağ klanı”nı birdəfəlik siyasi səhnədən uzaqlaşdırmağı planlaşdırır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Paşinyan separatçıları məğlub edə bilsə, “Qarabağ klanı”nın əsas dayaqlarını laxladacaq:
“Hesab edirəm ki, separatçılar “seçkidə” məğlub olsa, separatçıların liderləri Bako Saakyan, Vitali Balasanyan və digərlərinə cinayət işi açılacaq. Hansı ki, Paşinyan bu yolla Robert Köçəryanı da həbsxanaya göndərib, indi isə Serj Sərksiyanı istintaqa çağırırlar, növbəti həmlə separatçılara qarşı olacaq”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan istəyinə nail olsa, onun Qarabağ ritorikası dəyişə bilər:
“İndiki məqamda isə Ermənistan baş nazirinin irəli sürdüyü tezislər sülh danışıqlarının əleyhinədir və dialoqun davam etdirilməsi üçün münbit zəmin yaratmır. Qənaətimə görə, Azərbaycan bu durumla barışmayacaq, işğalçıya qarşı hərəkətə keçəcək.
Hesab edirəm ki, Xankəndində separatçı rejim Paşinyanın komandası ilə əvəzlənsə, Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilə bilər. Çünki tərəflər humanitar məsələlərin həllində razılaşıb. Paşinyanın özü də Dilqəm və Şahbazın azad edilməsində maraqlıdır. Amma bunu mövcud vəziyyətə görə həyata keçirə bilmir, Azərbaycan isə gözləmə mövqeyində dayanıb”.