4 Dekabr 2019 20:13
2 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

- Zərdüşt bəy, Londonda NATO-nun yaranmasının 70 illiyi qeyd edilir, dünyanın əksər dövlət başçıları bu sammitə qatılıb, müzakirələr aparılır. Eyni zamanda bu sammitdə NATO daxilində ciddi çatların olduğu da müşahidə edilir. Bu qurumun perspektivi haqda fikirlər birmənalı deyil. Bu mənada NATO-nun taleyi necə olacaq?

- NATO SSRİ və Qızıl Orduya qarşı yaradılıb, daha çox müdafiə təşkilatı idi. Ona görə yaranmışdı ki, rus tankları Lamanşa gəlib çıxmasın. Bu, sadə izah idi. Amerika ən güclü hərbi dövlət kimi, əhali və sənaye baxımından daha böyük ölkə kimi nüvə çətirlərini Avropanın üzərinə açdı və NATO vasitəsilə qərbi Avropanı sovet təcavüzündən qorudu. Bu, onların təbirincə belə yozulur. SSRİ çökdü, artıq Avropaya sovet təhlükəsi yoxdur, Varşava Paktı dağıldı, hamı elan etdi ki, Qərb modeli, bazar iqtisadiyyatı, insan haqları prinsipini qəbul edir. Amma NATO qaldı. Söz vermişdilər ki, NATO genişlənməyəcək. Rus qoşunları Almaniyadan, sosialist ölkələrindən, əksər postsovet ölkələrindən çıxdı. Amma NATO başladı genişlənməyə. Həm də təkcə Avropada deyil, Şimali Atlantika ölkələrində də. Hətta gedib Əfqanıstana, İraqa çıxdı. Oranı vurdu, buranı dağıtdı. Elə çıxdı ki, NATO artıq müdafiə deyil, təcavüz təşkilatıdır. Qərbdə də belə fikirlər səslənir, bəzi ekspertlər elan edirlər ki, NATO həddini aşır və ilkin məramlarından fərqli addımlar atır. Bununla yanaşı, SSRİ təhlükəsi olmadığında görə ABŞ-ı çıxmaq şərti ilə bəzi dövlətlər hərbi xərclərini azaltmağa başladılar. Sonda ABŞ məcbur olub dedi ki, siz ümumi daxil məhsulun azı 2 faizini müdafiə xərclərinə ayırın. Amma buna fikir verən olmadı, hətta böyük dövlətlər də hərbi büdcəsini azaltmağa başladı. Belə olan şəraitdə “NATO nəyə lazımdır” sualı yarandı.

- Cavabı necə oldu?

- ABŞ özünü elə aparır ki, sanki Rusiya Sovet İttifaqıdır, real təhlükədir . Qərbi Avropa dövlətlərinin ikisinin nüvə silahı var, üstəlik əksər ölkələr artıq Rusiyanı təhlükə kimi görmür. Postsovet ölkələrinə münasibətdə sözsüz ki, Rusiya özünü təcavüzkar aparır, onları zor gücünə təsir dairəsində saxlamaq istəyir. Amma Avropa dövlətləri, Şərqi Avropa ilə münasibətdə Rusiya özünü məntiqli və ağlabatan tərzdə aparır. Lakin NATO rus təhlükəsini şişirdərək genişlənməkdə davam etdi və gəlib Şərqi Avropa ölkələrinə, Pribaltikaya çıxdı. Rusiya isə bu prosesi müşahidə etdi, səsini çıxarmadı. Və artıq NATO başladı Gürcüstan, Ukrayna və Moldovanı özünə üzv qəbul etmək hazırlığına. Bu halda Rusiya silahını ona tərəf çevirdi, üstəlik bu ölkələrin ərazisindəki separatçılardan, özünün agentura şəbəkəsindən istifadə edərək, münaqişə ocaqları yaradaraq bu ölkələri özündən asılı vəziyyətə saldı. Faktiki olaraq, Gürcüstanın, Ukraynanın, Moldovanın, eləcədə Azərbaycanın ərazisində münaqişələr yaradıldı. Və bu ölkələri təsir altında saxlama siyasəti aparılır. Bu da NATO-nun xoşuna gəlmir, amma hərbi ittifaq bu problemi də həll etmir. Necə həll etsin: nüvə-raket silahı olan Rusiyaya müharibə etsin? Əslində postsovet ərazilərində münaqişə və probemlərin yaranmasının bir səbəbi də NATO-nun bu səhnədə genişlənmək niyyəti olub. Bu, reallıqdır.

- Fransa Prezidenti Makron açıq elan edir ki, NATO-nun beyni ölüb. Bu ABŞ lideri Tramp başda olmaqla çoxlarının etirazına səbəb oldu. Sizcə, fikirlərdə fərqlilik hansı ana qədər inkişaf edə bilər?

- Əslində Makronun sözünü hərə bir tərəfə yozdu. “NATO-nun beyni ölüb” o demək deyil ki, bədəni də ölüb. Bədəni diridir. Beyni ölüb ona görə ki, problemlərin həllini tapa bilmir. Yəni alternativ ideyalar verə bilmir. Məsələn, vaxtilə fransız və almanlara deyəndə ki, ruslar gəlib sizin ərazinizi tutacaq, rus tankları Lamanşa çıxacaq, onlar buna inanırdılar. Amma indi deyəndə ki, zəifləyən külbaş Rusiya sizin ərazinizi tutacaq, onlar buna inanmırlar. Çünki bilirlər ki, Rusiyanın buna hərbi qüdrəti yetməz, ordusu və hərbü büdcəsi dəfələrlə azalıb. Rusiyanın hərbi büdcəsi ABŞ-ın hərbi büdcəsindən 10 dəfə azdır. Üstəlik, rus ordusunun sayı və tərkibi ona imkan vermir ki, öz ərazisini qorusun. O ki qala gəlib Avropanı tutsun. Yəni NATO-nun “beyni” mümkün problemləri həll edə bilmir. Bu səbəbdən də Makron deyir ki, NATO-nun beyni ölüb. Amma ənənəvi münasibətr tərəfdarı olanlar deyirlər ki, yox, NATO-nun beyni ölməyib, hər şey əladır, işləyir və s. Tramp da bunu deyir, baş katib də belə deyir. Amma reallıq odur ki, problemlər var, amma bunu həll etməyə NATO-nun zəka potensialı çatmır.

- Türkiyə NATO-nun Londonda baş tutan zirvə görüşündən tələb edir ki, YPG-ni terrorçu təşkilat kimi qəbul etsin, əks təqdirdə NATO-nun Baltik bölgəsi və Polşanın müdafiəsinə dair planına blok qoyacağını elan edir...

- Əvvəla, NATO-da siyasi möhtəkirliklə Rusiyanın Baltik regionunu təhdid altında saxladığı haqda danışılır. Axı ortada heç nə yoxdur. Rusiya nədən Polşa və ya Baltik dövlətlərinə hücum etmək niyyətində olsun? Rusiya pis ölkədir, amma dəli deyil ki, NATO üzvü olan ölkələr üçün təhdid yaratsın. ABŞ siyasəti əslində Polşa və Baltikyani ölkələrə rus təhlükəsini şişirdir və düşünürlər ki, burada əlavə ordu yerləşdirilsin və s.

Rəcəb Tayyib Ərdoğan da uşaq deyil. Bildirir ki, real təhlükə YPG-dir. Yəni NATO müttəfiqiniz olan Türkiyə bu təhlükə qarşısındadır. Başqa sözlə, dövlət üçün YPG, PKK və digər təşkilatlar real təhlükədir. Ona görə də NATO-ya deyir ki, siz bunları tanıyın və bilinsin ki, bizim onlarla silahlı mübarizə aparmaq haqqımız var. İnsan haqları məsələsini şişirtməyin, onu bəhanə gətirərək separatçıları qorumayın. Türkiyə bunu deyir. Onun bunu deməyə gücü də var. Ərdoğan deyir ki, separatçıların gerçək üzünü tanıyın, əgər tanımasanız, biz də sizin qondarma rus təhlükəsi planınızı tanımayacaq və buna aid məsələləri NATO daxilində müdafiə etməyəcəyik.

- Türkiyə-Rusiya yaxınlaşması və Ankaranın faktiki NATO daxilində ümumi siyasətə faktiki maneə olması bu ölkənin NATO-da çıxarılmasına səbəb ola bilərmi?

- Bu söhbətlər gedir, amma ona fikir verməyə ehtiyac yoxdur. Türkiyə NATO üçün mühüm və vacib dövlətdir. NATO müdafiə sistemi Türkiyəsiz zəifləyər. Xüsusilə, Türkiyənin Rusiya ilə yaxşı münasibətləri yarandıqdan və Yaxın Şərqdə vəziyyət gərginləşdikdən sonra Türkiyəni NATO-dan heç kəs kənarlaşdıra bilməz.

- Yəni deyilənlər sadəcə, blefdir?

- Bəli, siyasi söz-söhbətlərdir. Həmişə siyasi səhnədə ifrat sağlar, sollar, radikallar olur və onlar müxtəlif fikirlər səsləndirirlər. Sonra da mötədillər özlərini ağıllı göstərirlər. Və məsələ bitir.

- NATO-nun parçalanma perspektivi nə dərəcədə realdır?

- Əvvəla, NATO müdafiə təşkilatıdır. Amma dünya üçün təhlükə əslində ədalətsizlikdədir. Dünyada mövcud olan iqtisadi və siyasi ədalətsizlikdə. Məhz bu ədalətsizlik terrorizmi, radikalizmi yaradır, dəyərlərə olan inamı məhv edir. Ədalətsizliyi aradan qaldırmaq əvəzinə onun doğurduğu nəticələrlə mübarizə aparılır. NATO bu məsələdə öndə gedir. Əvəzində səbəb qalır. Səbəb ədalətsizlik, transmilli şirkətlərin, dünya maliyyəçilərinin iştahının həddən artıq güclü olması, xalqları və dövlətləri istismar etməsidir. Real dünya təhlükəsi buradadır. Amma onu həll etmək üçün dünya liderləri siyasi iradəyə malik deyil. Səbəbi bir tərəfə qoyub nəticələrlə mübarizə aparırlar. Siz səbəbi aradan götürün, ondan sonra nə terrorizm, nə də radikalizm olacaq.


Müəllif: Nemət