11 Dekabr 2019 15:27
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Mayk Pompeo ilə ikitərəfli görüşü baş tutdu. Həmkarlar mətbuat konfransında görüşdə regional münaqişələr, ikitərəfli münasibətlər və qlobal siyasi böhranlar haqda danışdıqlarını bildirdi”.

Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin sözlərinə görə, görüşdə hər iki tərəf münasibətlərdə gərginliyin aradan qaldırılmasının vacib olduğunu bildirərək, 1933-cü ildə Ruzvelt və Litvinov arasındakı yazışmanı xatırladıb:

“Xatırladım ki, bu məktublarda hər iki ölkə bir-birinin daxili işlərinə qarışmamaq öhdəliyini götürmüşdü. Lavrov və Pompeo da münasibətlərin bu istiqamətdə inkişaf etdirilməsinin tərəfdarı olduqlarını vurğuladı. Bu isə o deməkdir ki, ABŞ-ın Rusiyaya 2016-cı ildə keçirilən prezident seçkisinə müdaxilə ittihamı qüvvədən düşür. Beləliklə, ABŞ və Rusiya münasibətləri normal məcrada saxlamaqda maraqlıdır.

Lakin bu münasibətlərin bu formada qalmayacağı və ya olmadığı bəllidir, çünki hər iki tərəfin strateji, siyasi və iqtisadi maraqları bu əlaqələri üstələyir. Buna baxmayaraq, Lavrov və Pompeo toqquşan maraqlara toxunmadan razılığa gələcəklərinə ümid etdiklərini vurğuladılar. Amma Rusiya və ABŞ-ın Ukrayna, İran, Braziliya, Çin, Şimali Koreya və Suriyada toqquşan maraqlarını nəzərə almadan, münasibətləri necə qaydasına salmaq mümkün olacaq? Maraqlıdır”.

Ramiyə Məmmədova hesab edir ki, özünü yeganə qlobal güc hesab edən ABŞ meydanı yenidən ona güc gələn və dirçəlməyə başlayan Rusiya ilə bölüşməyəcək:

“Son zamanlarda Rusiyanın güclənən imici, bəzi ölkələrin ABŞ-dan uzaqlaşaraq Moskvaya yaxınlaşması, rus bazarlarına artan axın və digər məsələlər Vaşinqtonu narahat etməyə bilməz. Vaxtilə ABŞ ona görə SSRİ-nin dağılmasına çalışmırdı ki, meydanı Rusiya ilə bölüşsün. Əlbəttə, bütün hallarda sabitliyin qorunması üçün bu kimi dialoqların önəmi böyükdür”.


Müəllif: Mənsur Rəğbətoğlu