13 Dekabr 2019 13:13
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya seçkilərində mühafizəkarlar parlaq qələbə qazandı. Əldə olunan nəticə, ilkin məlumatlara görə, 650 nəfərlik parlamentdə 360-dan çox yer Tetçerin liderliyi ilə 1987-ci ildəki qələbədən sonra torilərin ən böyük zəfəridir. Erkən seçkidə israr edən Boris Conson bu nəticə ilə öz liderliyini də təsdiqləmiş və möhkəmləndirmiş oldu.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Böyük Britaniyadakı seçkiləri şərh edərkən deyib.

Onun sözlərinə görə, seçkiləri “Brexit”lə bağlı ikinci referendum kimi də qiymətləndirmək olar: “Conson AB-dən çıxmaqla bağlı qəti mövqeyə malikdir və seçicilərə bunun üçün təqvim təqdim etmişdi. Leyboristlərin lideri Korbin isə AB ilə yeni anlaşma imzalamaq üçün prosesi təxirə salmağı, daha sonra bu anlaşmanı referenduma çıxarmağı təklif edirdi. Xalqın hansı mövqeni dəstəklədiyi ortadadır. Leyboristlər ağır məğlubiyyətə düçar oldular və Korbinin liderliyi bitdi. Partiya son illər onun liderliyi ilə solun mərkəzindən daha da sola doğru sürüşmüşdü”.

Politoloqun fikrincə, Qərbdəki solun sosial ədalətsizliyi və qeyri-bərabərliyi aradan qaldırmaq üçün zəngindən alıb kasıba vermək kimi arxaik populizmdən başqa yol tapa bilməməsi onların problemidir: “Pulsuz səhiyyə və təhsil vədləri cəlbedici görünsə də, bunun həyata keçirilmə yolları, hansı xərclərin ixtisarı hesabına bu istiqamətlərə maliyyə ayrılacağı məsələsi tam aydın olmur. Sosialist xətt gənclər, xüsusən universitet gəncliyi arasında populyar olsa da, mötədilləri çəkindirir. Bu baxımdan Britaniya seçkilərinin nəticələri ABŞ demokratları üçün də dərs olmalıdır”.

Şahin Cəfərli qeyd edib ki, demokratlar daxilində sosialist Sanders və sol liberal Uorren qarşısında veteran siyasətçi, 77 yaşlı Bayden yarışın favoritdir: “Son həftələrdə isə gənc mötədil demokrat Pit Butticic bu üçlüyə yaxınlaşıb, hətta ilk praymerizlərin keçiriləcəyi Ayova və Nyu Hempşirdəki sorğularda birinci olub. Yeri gəlmişkən, Butticic homoseksualdır və öz həmcinsi ilə evlidir. Bununla yanaşı, həm də ənənəvi dəyərlərə yaxın olan dindardır və dəniz piyadalarının kəşfiyyat zabiti kimi Əfqanıstanda xidmət edib. Əgər demokratların ənənəvi seçici kütləsi olan qaradərili amerikalılarla arasındakı anlaşılmazlığı aradan qaldıra bilsə, şansı var. Britaniyanın isə AB-dən ayrılması onun müstəqil güc mərkəzi kimi yenidən dünya siyasətinə dönməyə çalışacağı anlamına gəlir. Son illər mühafizəkar hökumətlərin hərbi sahəyə diqqəti artırması, yeni aviadaşıyıcıların tikintisi də bunu sübut edən faktlardan biridir. Bundan sonra Britaniyanın xarici siyasətində Brüssel ilə deyil, Vaşinqtonla sinxronluq artacaq. Zəifləmə perspektivini görən AB isə buna qarşı tədbir kimi Fransanın timsalında Rusiya ilə yaxınlaşmağa çalışır”.


Müəllif: Nərgiz