16 Dekabr 2019 16:18
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından məsuliyyətli və yaddaqalan il olmayacaq. Əslində mənim qiymətləndirməmə ehtiyac da yoxdur. Çünki cənab prezident ATƏT-in sədri, Slovakiyanın xarici işlər nazirini qəbul edəndə açıq dedi ki, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından itirilmiş il oldu. Mən prezidentin qiymətləndirməsi ilə tam razıyam.

Bu fikirləri Teleqraf.com-a deputat Rasim Musabəyov 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində həyata keçirilən danışıqları şərh edərkən bildirib.

Musabəyovun sözlərinə görə, 2019-cu ildə həm xarici işlər nazirləri, həm də dövlət başçıları arasında danışıqlar olub: “Masa üstünə heç nə gətirmək mümkün olmadı. Bu mənada görüşlərin məhsuldarlığı sıfıra bərabərdir. Nazir Məmmədyarovun verdiyi müsahibələrə, Xarici İşlər Nazirliyinin açıqlamalarına diqqət etsək, görərik ki, bu görüşlər qeyri-konstruktiv olub. Baxmayaraq ki, nazirlər saatlarla oturub danışıblar. Ermənilərin sözlərinə görə, əsasən prosedur və etimad məsələləri müzakirə edilib. Məmmədyarov isə bildirib ki, biz düyünlü məsələlərə yaxınlaşmağa çalışırıq. Ermənilər danışıqlarda irəliləyişin əldə edilməsində maraqlı deyillər. Nikol Paşinyan anlayır ki, hər şey onun başında çatlaya bilər. Görür ki, ona ciddi təzyiq yoxdur. Onun düşüncəsinə görə, Azərbaycana müharibə etmək “qadağan” edilib. Bu halda onlar danışıqların imitasiyası ilə də məşğul olur. Paşinyan 2019-cu ildə verdiyi bəyanatlarla iki yanaşmasını səsləndirib. Birincisi bu idi ki, Dağlıq Qarabağı masa arxasında əyləşdirib onunla razılaşın. Təbii ki, biz bu təklifi rədd etdik. Bundan sonra Paşinyan bəyan etdi ki, Dağlıq Qarabağ Ermənistanındır. Onun sözü əslində bu anlamı verdi ki, əgər mənimlə anlaşma əldə etmək istəyirsinizsə, öncədən bu nəticə ilə razılaşın ki, Dağlıq Qarabağın Ermənistana birləşməsinə razılıq verirsiniz. Belə mövqe də Azərbaycan üçün qəbuledilməzdir. Yəni Paşinyan danışıqlarda nəticəni bu başdan Azərbaycan tərəfindən qoparmaq istəyir. Bu konteksdə danışıqlardan heç nə gözləməyə dəyməz”.


Müəllif: Cavad