Bir neçə gün əvvəl Ermənistan mediasında yayılan xəbər gündəmə bomba kimi düşdü.
Teleqraf.com-un məlumatına görə, xəbərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın iranlı general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etdiyi bildirilirdi.
Xəbəri hamıdan əvvəl öz feysbuk səhifəsində yayan Diana Arutunyan bildirirdi ki, yanvarın 3-də ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın Baş naziri Nikol Paşinyandan rəsmi təbrik qəbul edib: "Paşinyan təbrikində terrorla bundan sonrakı mübarizədə uğurlar arzu edib. Bildirib ki, Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı mübarizəsindəki nailiyyətləri alqışlayır, intiqam bütün terroçuları haqlayacaq".
Erməni jurnalist onu da qeyd edirdi ki, İran Xarici İşlər Nazirliyi Ermənistan rəhbərinin təbrik məktubuna reaksiya verərək, “Paşinyanı Ermənistan xalqının seçdiyi və İranda heç kimin erməni xalqını təhqir etmək istəmədiyi” bildirib.
Diana Arutunyan İran XİN-in məlumatında bu sətirlərin də yer aldığını qeyt etmişdi: “Erməni xalqının terrorla mübarizəyə dəstək istəyinə və bizi terror mənbəyi qismində görməsinə cavab olaraq, biz Azərbaycan və Türkiyə Respublikalarının ərazi bütövlüyünü dəstəkləyəcəyik”.
Onu da qeyd edək ki, Paşinyanın bu təbrikinə İranın bir sıra rəsmi şəxsləri də sərt reaksiya verdilər. Məsələn, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü, deputat Hüseyn Nəqəvi Hüseyni indiyədək ölkəsinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə göz yummasını etiraf etdi:
"Ermənistan rəhbərliyinin şəhid Qasım Süleymanini "terrorçu" adlandırması rüsvayçılıqdır. Ermənistan bu addımı ilə çətin anlarında daim onu dəstəkləyən İranın belinə xəncər sancmış oldu. Ermənistan öz səhvini başa düşmürsə, biz də Azərbaycana işğal altında olan torpaqlarının azad olunması ilə bağlı haqq mübarizəsində dəstək verməliyik. Nəhayət, dostumuzla düşmənlərimizi tanımalıyıq. İndiyədək İran bu dəstəyi yalnız Ermənistana göstərib. Ancaq zaman göstərdi ki, bu səhv qərar olub. Ermənistan İrana xəyanət etməklə öz tərəfini seçdi. Artıq biz də öz seçimimizi etməliyik..."
Beləliklə, siyasətdə piyada olan Paşinyanın düşüncəsiz addımı Ermənistanın ən yaxın müttəfiqlərindən biri olan İranla münasibətlərinin gərginləşməsinə səbəb oldu. Ermənistan baş naziri öz səhvinin ona və bütövlükdə Ermənistana baha başa gələcəyini isə hadisədən bir neçə gün sonra başa düşdü. Lakin Paşinyanın səhvini düzəltmək istəyi də uğursuzluqla nəticələndi. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun göstərişi ilə Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi barədə yayılan xəbərin saxta olduğunu iddia etdi. Bildirildi ki, guya Paşinyan Trampı təbrik etməyib, bu xəbəri yayan "Diana Arutunyan" adlı saxta profilin sahibi isə həbs edilib, ona cinayət işi açılıb və s.
Amma Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin bu şousuna yəqin ki, heç ermənilər özləri də inanmırlar. Çünki, Paşinyan doğrudan da Trampı təbrik etməsəydi, məsələyə 3 gündən sonra deyil, dərhal reaksiya verərdi. Paşinyan isə İrana qarşı xəyanətini necə ört-basdır etmək barədə düz 3 gün fikirləşdi. Erməni baş nazirin və erməni MTX-nın üç gün ərzində düşünüb tərtib etdiyi şou isə məşhur Azərbaycan məsələni yada salır: "Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb".