14 Yanvar 2020 19:13
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə Azərbaycanın ümumiyyətlə müstəqillik illərində, xüsusilə də 2019-cu ildə hansı böyük inkişaf yolu keçdiyini, hansı konkert nəticələrə gəlib çatdığını əyani şəkildə nümayiş etdirdi. Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər, dünya reytinq siyahılarından Azərbaycana və qonşulara aid olan rəqəmləri müqayisəli şəkildə ortaya qoyması ölkəmizin bütün region dövlətləri ilə müqayisədə həqiqətən nə qədər böyük inkişaf yolu keçdiyini bir daha nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan müasir sanballı ölkələrə xas olan bütün əsas parametrlər üzrə Ermənistanı tamamilə üstələyir.

Bunu Teleqarf.com saytına açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib.

O qeyd edib ki, Azərbaycanın və Ermənistanın müqayisəli şəkildə müşavirə iştirakçılarına, Azərbaycana və dünyaya təqdim olunması ölkəmizin təcavüzə məruz qalmış bir ölkə olsa da nə qədər böyük inkişaf potensialına və imkanlarına malik olduğunu göstərdi:

“Yəqin ki, Ermənistanda xalq, müxalifət Azərbaycan Prezidentinin gətirdiyi bu müqayisəni sonadək diqqətlə öyrənəcək və müstəqillik illərində Azərbaycanın və Ermənistanın hansı inkişaf yolu keçdiyini onlar da müqayisə edə biləcəklər. Düşünürəm ki, Azərbaycan Prezidentinin gətirdiyi müqayisə və dediyi faktlar Ermənistanda mövcud hakimiyyətə qarşı yeni mənfi rəy dalğasının baş qaldırmasında çox böyük rol oynayacaq və erməni xalqı bir daha görəcək ki, müstəqillik illərində ona rəhbərlik etmiş iqtidarlar bu xalqa nə gətirib”.

A.Quliyev qeyd edib ki, müşavirədə Azərbaycan üçün çox əhəmiyyətli görünən məsələlərdən biri ölkənin ən müxtəlif sahələr üzrə inkişafına yekun vurulması və gələcək inkişaf perspektivlərinin müəyyən olunmasıdır:
“Xüsusilə əhalisi artan ölkələrin təcrübəsinin öyrənilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi tapşırıq, Azərbaycanın indiyədək götürdüyü böyük faizlərlə bağlı müəyyən kreditlərin vaxtından qabaq bağlanması üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılması barədə verdiyi tapşırıqlar strateji əhəmiyyətə malikdir. Eyni zamanda ölkəmizin həm özünün maliyyə-iqtisadi gücünün nə qədər artdığını nümayiş etdiordi, həm də Azərbaycanın 30-40 il bundan sonra hansı vəziyyətlə üzləşə biləcəyi ilə bağlı sistemli dövlət siyasətinin olduğunu nümayiş etdirdi. Ölkənin iqtisadi, aqrar və digər sahələrin inkişafının yeni istiqamətinin müəyyən olunması baxımından da müşavirə çox əgəmiyyətli oldu. Xüsusilə cənab prezidentin tapşırığı ilə infrastruktur layihələrinin real sektorun inkişafına nə dərəcədə təsir göstərə bildiyinin araşdırılması ilə bağlı verdiyi tapşırıq çox əhəmiyyətlidir və bir daha dünyaya, Azərbaycana nümayiş etdirdi ki, infrastruktur layihələri real sektorun inkişafında çox böyük təsir imkanlarına malikdir”.

Müsahibimiz bildirib ki, ümumən müşavirə Azərbaycanın inkişafına yekun vurmaq və yeni bir inkişaf mərhələsini müəyyən etmək baxımından çox əhəmiyyətlidir:

“Eyni zamanda kadr islahatları nəticəsində yüksək vəzifələrə irəli çəkilmiş kadrların daha məsuliyyətli olması ilə bağlı müşavirə diqqətəlayiqdir. O nöqteyi-nəzərdən ki, cənab prezident yeni vəzifələrə təyin olunmuş bütün kadrlara bir daha nümayiş etdirdi ki, Azərbaycan hansı inkişaf mərhələsinə gəlib çatıb və əslində bu inkişaf mərhələsinin qorunub saxlanması, inkişafın daha da artırılması üçün yeni kadrların üzərinə nə qədər böyük məsuliyyət düşür. Düşünürəm ki, bu müşavirə tarixi müşavirə olacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər