ABŞ Prezidenti Donald Tramp çoxdan gözlənilən “Əsrin anlaşması” adlandırılan sülh planını açıqladı. Plan İsrail və Fələstin arasında mövcud olan münaqişənin həllini nəzərdə tutur. İsrail Baş naziri Benyamin Netanyahu sülh planı açıqlanarkən, Ağ Evdə səfərdə olub və elan edib ki, əgər Fələstin tərəfi planı qəbul etsə, dərhal danışıqlara başlamağa hazırdır. Fəlstin lideri Mahmud Abbas isə əvvəlcədən Trampın ABŞ-a səfər təklifini qəbul etməyib, sülh planı açıqlandıqdan sonra isə bəyan edib ki, Qüds satlıq deyil. Beləliklə, Trampın yeni sülh planı əslində Yaxın Şərqin ən uzunmüddətli münaqişəsinin həllini hədəfləsə də, faktiki yeni çəkişmələrin əsasını qoymaqdadır.
Teleqraf.com Trampın Yaxın Şərq Sülh Planı, onun detalları, həyata keçirilmə mexanizmi, Fələstinin mövqeyi, ərəb dövlətlərinin buna münasibəti mövzusunda AMEA-nın Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovla müsahibəni təqdim edir:
- Fərda müəllim, ABŞ Prezidenti Donald Tramp “Əsrin anlaşması” adlanan və İsrail-Fələstin probleminin həllini nəzərdə tutan sülh sazişini ictimaiyyətə açıqladı. Bu sazişi necə dəyərləndirirsiniz?
- Prosesləri izləyirəm, amma burada xeyli incə məqamların da izlənməsi lazımdır. Fikrimcə, Trampın sülh planının açıqlanması gözlənilən hadisə idi. Çünki bununla əlaqədar əvvəlcədən açıqlamalar verilir, tədricən mətbuata planın müəyyən detalları sızdırılırdı. Planın maliyyə tərəfi, yəni Fələstin dövləti və cəmiyyətinin inkişafı üçün sərmayə ayrılacağı deyilir, rəqəmlər açıqlanırdı. Gözlənilirdi ki, Trampın planı İsrail-Fələstin münaqişəsinin siyasi həlli variantı kimi açıqlancaq. Nəhayət, Prezident Tramp sülh planını açqladı. Əslində bunu gözlənilməz addım hesab etmək doğru olmazdı.
Digər tərəfdən, bu plan indiyə qədər Yaxın və Orta Şərqədki ABŞ siyasətinin məntiqinə uyğun gələn gedişdir. Bu plan ABŞ-ın nüfuzundan, təzyiq imkanlarından daha ardıcıl, sərt qaydada istifadə etməklə çoxdan qalan və həlli çətin olan problemin ABŞ və İsrailin maraqlarına xidmət edən sülh təklifinin zorla tətbiq edilməsi cəhdidir. Göründüyü kimi, bu plana münasibətdə başqa mövqe sərgiləyən siyasi oyunçular da oldu. Məsələn, Səudiyyə Ərəbistanı ABŞ-a yaxın ölkə kimi bu planı “maraqlı və müzakirəyə layiq plan” kimi dəyərləndirdi. İordaniya və Misir plana çox ehtiyatla yanaşdı, baxmayaraq ki, bu iki ölkədə etirazlar özünü göstərir.
Fələstinlilər üçün isə bu gözlənilən və məyusedici sülh planı oldu.
- Trampın sülh təklifləri artıq ortadadır. Bundan sonra nə proqnozlaşdırılır?
- Hesab edirəm ki, etirazları gözləmək olar. Siyasi oyunçuların bu planı nə dərəcədə dəstəkləməsi maraqlıdır. Açığı Avropa və Rusiya bunu məmnunluqla qarşılamır, əksinə, ehtiyatlı yanaşma var.
- İndiki halda Fələstin lideri Mahmud Abbas, “Həmas” və Fələstin Azadlıq Təşkilatı kimi əsas güclər plana qarşı çıxır və Fələstinin 1967-ci ildəki sərhədləri çərçivəsində sülh müqaviləsinin mümkünlüyünü bildirirlər. O zaman sual yaranır: Plan reallaşacaqmı?
- Hesab edirəm ki, iki şəkildə yanaşma və hadisələrin inkişafı müşahidə edilə bilər.
Birincisi, ola bilsin ki, bu planın elan olunması sadəcə, ABŞ-ın mövqeyini açıqlamaq və bu mövqe əsasında ABŞ daxili siyasətinə təsir göstərmək baxımından əhəmiyyətli sayılır. Söhbət ABŞ-dakı siyasi liderlərin reytinqlərindən, daxili siyasətindən gedir. Planının açıqlanması ilə bir növ ABŞ və İsrail siyasətinin ardıcıllığı göstərilir. Bunun da ABŞ siyasəti və seçki prosesi üçün mühüm əhəmiyyəti var.
Xatırlayıram, Barak Obama birinci prezidentliyi zamanı fələstinlilərə yaxın mövqedən çıxış etdi, 1967-ci ilin sərhədləri üzərində sülhə nail olunmasını, islamla dialoqun olmasının vacibliyini bildirdi. Obama bu mövqeyini nə İsraildə, nə də BMT-də deyil, Qahirə Universitetində səsləndirdi. Obamanın ikinci seçkisi zamanı bu məsələ böyük problemə çevrildi və Obama məcbur olub müdafiə mövqeyi tutdu, elan etdi ki, hər zaman İsraillə yaxınlıq, qardaşlıq münasibətlərinin tərəfdarı olub. Yalnız bu fakt müzakirə etdiyimiz məsələnin ABŞ daxili siyasətində əhəmiyyətli olduğundan xəbər verir.
Bu mənada hesab edirəm ki, Tramp tərəfindən açıqlanan sülh planı onun zorla tətbiq edilməsindən daha çox ABŞ rəhbərinin mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
- Demək istəyirsiniz ki, sülh planın məhz indiki mərhələdə açıqlanması Konqresdə impiçment proseduru ilə qarşılaşan və seçkilərə gedəcəyini elan edən Trampın daxili siyasətdə mövqeyini möhkəmlndirir? Nəzərə alırsınızmı ki, əslində İsraildə də Baş nazir Netanyahunun mövqeləri zəifləyir, korrupsiya ittihamı ilə barəsində istintaq aparılır və nəhayət, seçkilərin baş tutmaması səbəbindən Təl-Əvivdə hakimiyyət böhranı yaşanır?
- Bəli, bu tamamilə hər iki xadimin maraqlarına işləyir. Sülh planının indiki mərhələdə açıqlanması hər iki siyasətçiyə müəyyən dvidentlər gətirir. İsrail siyasətçilərinin bundan istifadə etməsi məntiqli görünərdi.
İkincisi, sülh planının reallıqda tətbiq edilməsi, tərəflərin bunu qəbul etməsi və beləcə Yaxın Şərqdəki ən böyük problemin aradan qalxması real görünmür. Bu plan işləməyəcək.
Üçüncüsü, nəticə etibar ilə burada daha gərgin vəziyyətin müşahidə edilməsi ehtimalı var. Bəlkə də hansısa hərbi əməliyyatların başlanması və ya çaxnaşmaların olması da mümkündür. Yəni güc amilindən istifadə etmək üçün legitim imkan yaranır. Biz yenə də tarixə baxmalıyıq. İsrail dövlətinin yaranması və ona qarşı etirazların hərbi əməliyyatlara keçməsi 1947-1948-cu illərdə müharibəyə gətirib çıxarmışdı.
- Ancaq 1947 və 1967-ci ildəki situasiyadan fərqli olaraq, indi müsəlman cəmiyyəti və dövlətləri vahid mövqedən çıxış edə bilmir...
- Sözsüz ki, hazırda ABŞ-ın bir çox müsəlman rejim və dövlətlərinə təsir imkanları artıb.
- Bu onu deməyə əsas verirmi ki, gələcəkdə sözügedən planın zorla Fələstinə qəbul etdirilməsinə başlanılsa, Fələstin təklənə bilər?
- Mən düşünmürəm ki, bu, asanlıqla baş versin. Biz görürük ki, konkret olaraq bu plana tənqidi mövqe sərgiləyən Yaxın Şərqdə nüfuzlu oyunçular var. Buna misal kimi Türkiyə və İranı göstərə bilərəm. Görünür, Rusiyanın da bu iki ölkə arasında olduğunu deyə bilərik. Halbuki Rusiya özü daha ehtiyatlı mövqedə ola bilər.
Ərəb dövlət və hökumətlərinə gəldikdə, bir daha qeyd edim ki, 2011-ci ildən indiyə qədər olan proseslər nəticəsində həmin dövlətlərin və hökumətlərin nüfuzu çox aşağıdır. Yəni onların həmrəylik göstərməsi ehtimalı azdır. İmkanları da daralıb.
Digər tərəfdən , ola bilsin ki, bu ölkələrin cəmiyyətləri tərəfindən ediləcək etiraz onların siyasətinə müəyyən qədər təsir göstərəcək. Biz bu prosesi dinamik görürük. Bu o deməkdir ki, belə bir plan olsa da, onun tətbiqi ilə bağlı görünür ,konkret fəaliyyət planı yoxdur.
- Fərda bəy, Trampın sülh planına görə, Şərqi Qüds Fələstinin paytaxtı statusunu alır, Fələstinin ərazisi indiki ilə müqayisədə daha böyük olur, müstəqilliyi və suverenliyi hər kəs tərəfindən qəbul edilir və Fələstinin inkişafı üçün 10 milyard dollar sərmayə yatırılır. Nədən Fələstinin öndə gedən liderləri bu sülh planını rədd edirlər?
- Bunun cavabı çox sadədir. Söhbət ilk növbədə yəhudilərin zorla, BMT qərarı ilə Fələstinə məxsus torpaqlarda illərdir məskunlaşma siyasəti aparmasından gedir. Əslində ən ciddi problem budur. Nəzərinizə çatdırım ki, Fələstin-İsrail münaqişəsində də ən incə və kəskin məqam bununla bağlıdır.
İsrail tərəfindən tikilən qeyri-qanuni qəsəbələr var və bu ərazilərin aqibətinin necə olacağı bilinmir. Fələstinlilər üçün bu, son dərəcə ağrılıdır. Sülh planına uyğun olaraq Fələstin dövlətinin ərazisi formal olaraq genişlndirilsə də, əslində bu ağrılı problem fələstinlilərin düşüncəsinə, mövqeyinə və maraqlarına zidd şəkildə həllini tapır.