"Sizi görməyimə çox şadam. Bir daha xoş gəlmisiniz. Mən bizim ötən il sonuncu görüşümüzü xatırlayıram. Bizim əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkanımız oldu. Mən həmçinin bildirmək istərdim və çox şadam ki, NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsi artıq bir ənənədir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
"Biz görüş yeri kimi Azərbaycanı seçdiklərinə görə NATO və Rusiyaya çox minnətdarıq. Düşünürəm ki, bu, çox doğru seçimdir. Eyni zamanda, bunu bizə olan etimadın, hörmətin əlaməti hesab edirik. Çünki istənilən başqa bir ölkə seçilə bilərdi. Lakin Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlığımız var. Mən əminəm ki, sizin bu gün həmkarınızla keçirəcəyiniz görüş çox səmərəli olacaq, dünyada və regionumuzda sülh və sabitliyə xidmət edəcək. Əslində bizim də məhz buna ehtiyacımız var. Çünki ölkəmiz üçün əsas narahatlıq doğuran regional sabitlikdir. Bizdə potensial risklərin daxili mənbələri mövcud deyil. Ona görə də baş verə biləcək potensial risklər sərhədlərimizdən kənarda yarana bilər. Əlbəttə, bu mütəmadi görüşlər, əminəm ki, çox mühüm məsələlərin müzakirəsi dünyada və regionda sabitliyə yardımçı olacaq", - dövlət başçısı vurğulayıb.