Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd rejimi İdlib istiqamətində 8 türk əsgərini şəhid etdikdən sonra Ankara-Moskva münasibətlərində inamsızlıq və gərginlik müşahidə edilir. Hər iki ölkə gərginliyin münasibətləri pozacaq səviyyəyə qədər qalxmadığını göstərməyə çalışsa da, əlaqələrin əvvəlki səviyyədə etimada sökəndiyini demək də çətindir.
Teleqraf.com türkoloq alim, professor Firudin Cəlilovla Türkiyə-Rusiya münasibətlərini mövzusunda müsahibəni təqdim edir:
- Firudin müəllim, son günlər Türkiyə-Rusiya münasibətlərində gərginlik özünü büruzə verir və bu İdlib istiqamətində 8 türk əsgərinin şəhid olmasından sonra baş verib. İndi yaranan durumu necə qiymətləndirirsiniz?
- Son illərdə Türkiyə-Rusiya münasibətlərində dəfələrlə yaxınlaşma və uzaqlaşma mərhələsi yaşanıb. Biz unutmamalıyıq ki, dövlətlərin siyasəti dövlətin maraq və mənafeyi üzərində qurulur. Bir dövlətin başqa dövlətə yaxşı münasibət bəsləməsi onun maraq dairəsindən asılıdır. Eləcə də bir dövlətin digər dövlətə düşmən münasibəti də maraq dairəsindən asılı olur. Türkiyənin öz, Rusiyanın isə öz maraq dairəsi var. Rusiya və Türkiyənin yaxınlaşması bizim dövləti maraqlar baxımından xeyrimizədir. Ancaq təəssüflər olsun ki, Rusiya-Türkiyə yaxınlaşmasını istəməyən mərkəz və dövlətlər var. Onlar çalışırlar ki, bu iki dövlət arasında yaxın münasibət yaranmasın.
Son illər polirona çevrilən Rusiyada bu faktor özünü açıq göstərir. Yəni müəyyən qüvvələr Rusiya iləTürkiyənin arasını vurmaq üçün çalışırlar. Təsəvvür edin ki, Suriya poliqonunda oyunçu kimi ABŞ, İran, Avropa, Rusiya, Türkiyə var. Onların maraqları toqquşur. Baxırsan ki, bir mərhəldə yaxınlaşma, digər mərhəldə uzaqlaşma müşahidə edilir. Bu da dövlət maraqlarından asılıdır.
Daha bir məqam onunla bağlıdır ki, həm Ərdoğan, həm də Putin xarizmatik liderdir. Onlar istədiyini sonda həyata keçirirlər. Təəssüf doğuran odur ki, Ankara və Moskva razılığa gəldi, Türkiyə-Suriya sərhəddinin Suriya ərazidində təhlükəsizlik bölgələri yaradıldı. Bu proses Ankara və Moskvanın nəzarəti altında olmalıdır. Amma görünür ki, Rusiya Suriyada Bəşər Əsədlə birlikdə hərəkət etdiyindən bəzən Türkiyə maraqlarının əleyhinə də addım atmalı olur. Suriya rejiminin Rusiyadan aldığı təyyarələr türk əsgəri olduğu bölgələri bombalayırsa, bu, yaxşı hal deyil. Üstəlik bilmək olmaz ki, bu təyyarədəki Suriya polotlarıdır, yoxsa rus pilotlar.
Amma mənə görə, Türkiyə gərək Suriyaya girməyəydi. Onun Suriyaya girməsi səhv addım idi. İndi artıq gecdir, əgər giribsə, Suriyadan çıxmamalıdır. Türkiyə sıradan dövlət deyil, türk ordusu dünyada ilk onluqda olan ordudur. Bu mənada Türkiyə Suriyada dirənməlidir ki, gələn qaçqın axınının qarşısını ala bilsin və dövlət təhlükəsizliyini təmin etsin. Əks təqdirdə Suriya-Türkiyə sərhədləri boyunca böyük dövlətlər hansısa oyunlar quracaq, saxta dövlət yaradacaq.
- Siz, rus-türk münasibətlərinin bundan sonrakı mərhələsini necə görürsünüz: münasibətlər inkişaf edəcək, yoxsa onun davam etdirilməsi çətinləşəcək?
- Açığı, proqnoz vermək həddindən artıq çətindir. Çünki söhbət dövlət siyasətindən gedirsə, bu siyasətin arxasında ilk əvvəl dövlət maraqları durur. Odur ki, Putinin növbəti addımının nə olacağı, Ərdoğanın hansı gediş edəcəyini qabaqcadan görmək mümkün deyil. Amma hər halda biz istərdik ki, bu iki lider arasında münasibətlər normal olsun. Rus-türk münasibətlərinin yüksək səviyyədə olması və qorunmasının bizə xeyri var.
- Ancaq qəribədir ki, ruslar və amerikalılar arasında YPG və kürd məsələsinə münasibətində kardinal fikir ayrılığı yoxdur. Sizcə, niyə?
- Zaman keçdikcə dövlətlərin siyasətində dəyişikliklər baş verir. Vaxtilə kommunistlərin dəstəyi sayəsində PKK qurulmuşdu, amma görürsünüz ki, sonradan PKK-ya nəzarət məsələsində neçə dəfə əl dəyişdi. PKK-nı idarə edənlər gah Avropada, gah ABŞ-da oldu. Yəni maraqdan asılı olaraq vəziyyət dəyişdi. Son illər YPG məsələsində ABŞ çox pis mövqe tutdu. YPG-ni Türkiyə əleyhinə gücləndirdi, silahlandırdı. Sonra anladı ki, Türkiyə onun strateji müttəfiqidir. Yəni özü-öz müttəfiqini zəiflətməklə özünü zəiflətmiş olur. ABŞ sonradan bunu anladı və müəyyən qədər geri çəkildi. İndi YPG və Suriya mövzusunda Vaşinqtonda nə fikirləşdiklərini Allah bilir. Təbii ki, bu oyunlarda İranın da tutduğu mövqe Türkiyənin əleyhinədir. Nə yazıq ki, Türkiyə bunu indi-indi anlayır. Mən on illərdir ki, türk siyasətçilərinə açıq deyirəm ki, siz hər zaman İranın ağır vaxtlarında onu dəstəkləyirsiniz. Amma gün gələcək, İran sizə arxadan zərbə vuracaq. İndi bu reallığı tədricən başa düşürlər.
- Sizə elə gəlmirmi ki, Bəşər Əsəd gücləndikcə Rusiya da Türkiyənin Suriyadan sıxışdırılıb çıxarılmasında maraqlı olacaq?
- Yox. Əvvəla, Rusiyanın buna gücü çatmaz.
Çünki Suriya Rusiyadan çox uzaqdır, amma Türkiyənin qulağının dibindədir. Sadəcə olaraq, Türkiyəyə kömək edən yoxdur.
- Nə mənada?
- Nə İran, nə Rusiya, nə də Amerika kömək etmir. Yəni Suriyadakı oyunçulardan heç biri Türkiyəyə kömək etmir, ancaq ona badalaq vururlar. Türkiyə faktiki Suriyada təkdir. Açığı, Türkiyə oyuna getdi. Daha doğrusu, Türkiyəni həvəsləndirdilər. Mən ümumi Yaxın Şərq projesini nəzərdə tuturam.
- Rusiya-Türkiyə münasibətləri qəfildən pozulsa və ya pisləşsə, hansı situasiya ortaya çıxacaq ?
- Hər halda Türkiyə Rusiyadan asılı deyil, daha çox Rusiya Türkiyədən asılıdır. Aralıq dənizi Türkiyənin burnudur, baxın görün, Rusiya haradadır? Rusiya Suriyada at oynatmaq üçün məcburdur ki, Türkiyə ilə xoş davransın. Yəni hərbi gəmilərini oraya göndərə, oranı nəzarətdə saxlaya bilsin və s. Türkiyənin razılığı olmadan ruslar Suriyada indiki qədər at oynada bilməz. Fikrimcə, Rusiya öz maraqları baxımından Türkiyə ilə xoş davranmalıdır.
O başqa məsələdir ki, Türkiyənin əlində “kartlar” var, amma bundan istifadə edə bilmir.
- Nəyi nəzərdə tutursunuz?
- Rusiya əhalisinin 40 faizə qədəri türkdür. Bu faktordan Türkiyə istifadə edə bilmir. Eləcə də Ukraynaya, Krıma dəstək verməsi mümkündür, amma etmir. Fikrimcə, bunu Rusiyanın diqqətinə çatdırmaq, demək lazımdır ki, Türkiyə səni zəif nöqtələrindən vurmur, amma sən Əsədə yardım etməyin bir yana, onun türk əsgərini vurmasına göz yumursan.
Türk-rus münasibətlərində digər bir problem ondadır ki, Rusiyanın xarici işlər naziri ermənidir. Rusiya Xarici İşlər Nazirliyinin hazırladığı proqramlar əslində Moskvanın özünün əleyhinədir.
Amma Türkiyə böyük, tarixi və güclü dövlətdir. Məm inanıram ki, bu qocaman dövlət Suriyada qarşısına qoyduğu məqsədlərə çatacaq və onu heç kim dayandıra bilməyəcək.