16 Fevral 2020 15:28
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev öz tarixi, hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ilk dəfə idi ki, açıq müzakirələr aparıldı: "Bütün qlobal informasiya resurslarının diqqəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın baş nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrinə fokuslanmışdı. Azərbaycan Prezidenti öz haqlı mövqeyi, dərin tarixi, hüquqi və siyasi bilgiləri, yüksək dilbilmə qabiliyyəti, rasional siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə işğalçı ölkənin baş nazirini rüsvay etdi. Bir daha hamıya aydın oldu ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq. Bu müzakirələrdə Azərbaycan Prezidenti həm də nümayiş etdirdi ki, etnoqrafiyanı, toponomiyanı dərindən bilir və bunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müasir siyasi dialoq müstəvisində lehimizə olan faktor kimi təqdim etməyi bacarır.Bunlar əsl siyasi lider keyfiyyətləridir və hər bir azərbaycanlı öz Prezidentinin bu keyfiyyətləri ilə fəxr edə bilər. Müzakirələrdə miskin vəziyyətə salınmış işğalçı Ermənistanın baş nazirinin qarşısında özündən əmin, xalqına arxalanan, haqqı, ədaləti, beynəlxalq hüququn təmin olunmasını tələb edən bir Prezident var idi. Əminəm ki, bu müzakirələrdə bir daha Prezident İlham Əliyev hamını istər tarixi, istərsə də beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən Dağlıq Qarabağın Azərbaycana aid olduğuna inandırmağı bacardı".

Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi iki fikir Paşinyanın və onun havadarlarının sifətinə vurulan siyasi sillə idi: "Birincisi, “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox”, ikinci isə, “Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq”. Bu fikirlər təkcə Ermənistana deyil, bütün dünyaya Azərbaycan Prezidenti tərəfindən verilən ismarış idi ki, biz torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzu bərpa edəcəyik".


Müəllif: Teleqraf.com