Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, səsvermə bülletenlərinə 1314 namizədin adı daxil edilmişdi:
“Səsvermə vaxtında başladı, axşam 7-də məntəqələr bağlandı. Xüsusilə beynəlxalq müşahidə missiyalarının geniş çeşidinə görə bu seçkilər nümunəvi ola bilər. Yer kürəsinin bütün güşələrindən nümayəndə heyətləri gəlmişdi. Dəvətimizi qəbul edib gəldikləri üçün onlara minnətdarıq. Məntəqələrin maksimum 3-4 faizində xoşagəlməz hallar baş verdi”.
M.Pənahov bildirib ki, baxılmamış şikayət qalmayıb və müvafiq protokol qəbul olunaraq Konstitusiya Məhkəməsinə göndərilməlidir:
“Bütün şikayətlər hərtərəfli araşdırılıdı”.
MSK bu prosesdə xidməti keçən qurumlara minnətdarlıq edib:
“Xüsusilə polis öz işini çox yüksık səviyyədə yerinə yetirdi. Digər qurumlardan fərqli olaraq polis bütün ölkə miqyasında fəaliyyət göstərirdi”.
M.Pənahov KİV-in rolunu xüsusi qeyd edib:
“Onlar bizim fəaliyətimizin güzgüsüdür. Onların məsuliyyəti bizim hamımızınkından yüksəkdir. Biz hamımız bu baxımından sizdən bir növ asılıyıq. MSk olaraq bu prosesdə əvvəldən axıradək yüksək səviyyədə həyata keçirdiyiniz üçün minnətdarıq. Təmsil etdiyiniz media qurumlarının rəhbərlərinə də bizim salamlarımızı çatdırın. Amma sizin işiniz hələ bitməyib”.
Daha sonra Məzahir Pənahov MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilməsinə dair qərarı oxuyub.
Qərarda bildirilir ki, seçkinin nəticələrinin təsdiq edilməsi üçün qanuni əsaslar yaranıb.
Qərar layihəsi səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.
Daha sonra qərar layihəsinin imzalanması mərasimi başlayıb.
Qərar imzalanması üçün bir-bir MSK üzvlərinə təqdim edilib. Ən sonra qərarı MSK sədri Məzahir Pənahov imzalayıb və möhür vurub.
Bundan sonra müvafiq sənədlər Konstitusiya Məhkəməsinə təqdim ediləcək.