“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü olub və qonşular tərəfindən dəstəklənib”.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident Məşvərət Şurasının son illərdə səylərin gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin reallaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizinə üzv ölkələrin tərkibi ümumi məqsədləri birləşdirir. Azərbaycan Prezidenti layihənin keçdiyi tarixi yola nəzər salaraq deyib ki, bu layihə əsasında əməkdaşlığın nadir formatı yaradılıb.
Cənub Qaz Dəhlizinə böyük beynəlxalq marağın olduğunu deyən Prezident İlham Əliyev layihənin əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsinin əhəmiyyətindən danışıb, hazırda TAP layihəsinin 92 faiz tamamlandığını deyib.
Dövlət başçısı nitqində müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb, Azərbaycanın neft-qaz ehtiyatlarının hasilatı və ixracı sahəsində görülən işləri xatırladıb. O vurğulayıb ki, bu illərdə Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib. Neftdən gələn gəlirlərin ölkənin inkişafına xərcləndiyini, indiyə qədər bir çox infrastruktur layihələrinin icra edildiyini və bu istiqamətdə işlərin davam etdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın malik olduğu iqtisadi imkanlardan bəhs edib və Şuranın işinə uğurlar arzulayıb.