29 Fevral 2020 20:45
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibdə baş verənlər mahiyyət etibarilə 2015-ci il 24 noyabrda Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması hadisəsinə oxşayır. Yəni, funksionallıq, doğurduğu nəticələr baxımından ona bənzəyir.

Bunu Teleqraf.com-a açıqlamasında QAFSAM sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

O qeyd edib ki, sabotaj demək üçün əsas yoxdur:

“Amma fərz edin ki, avtomobil yolla gedərkən qəfildən əyləcə basırsız. Ya da sükanı sağa, yaxud sola çevirirsiz. Niyə? O mənada bu normal bir proses kimi görünmür. Həmin hadisə yüksələn Rusiya-Türkiyə münasibətlərində necə böhran yaratdısa, bu da eyni şeyə bənzəyir”.

N. Cəfərsoy güman edir ki, tərəflər hadisənin əslində necə baş verdiyinə dair tam məlumatı açıqlamırlar:

“Hər kəs özünün güclü olduğu pozisiyada açıqlamalar verirlər. Açıqlamaların hamısını paylaşmırlar. Yaxud, ümumi mənzərəni tam ifadə edəcək məlumatları vermirlər”.

Müsahibimiz bildirib ki, Suriya Rusiya-Türkiyə münasibətlərinin güclənməsindən narahatdır:

“Rusiya tərəfinin bu işdə bilərəkdən iştirak etməsi ehtimalını daha az qiymətləndirirəm. Rusiya-Türkiyə münasibətlərində əksik bilgiləndirmədən və ya təhlükəsizlik məsələsindən qaynaqlanan böyük böhran yaranıb. Təyyarənin vurulmasına bənzər böhranın baş verdiyini düşünürəm. Rusiya ilə Türkiyə son vaxtlar ciddi əməkdaşlıq kontekstində idilər. Türkiyə ABŞ-la münasibətləri pozmaq bahasına ruslarla əməkdaşlığı dərinləşdirməyi davam etdirir. Rusiya qlobal mənada NATO-nun ikinci böyük ordusuna malik, Amerikanın bölgədəki iki ən əhəmiyyətli müttəfiqindən biri (digəri İsraildir) ilə Vaşinqtonun münasibətini pozan əməkdaşlıq inkişaf etdirərkən İdlib kimi bir hadisənin baş verməsi strateji ağla, məntiqə, rus-türk münasibətlərinə, regiondakı reallıqlara ziddir. Çünki İdlib Rusiya üçün Türkiyədən daha strateji önəmə sahib deyil. Bu, mahiyyətcə üzü astarından baha başa gələcək bir işdir”.

Rusiya-Türkiyə münasibətlərinin gələcəyinin necə olacağına dair sualımızı cavablandıran politoloq qeyd edib ki, proseslərin nəzarət altına alınmağa çalışıldığını düşünür:

“Həm Türkiyə-Rusiya nümayəndə heyətləri arasındakı görüş, həm də ən yüksək səviyyədə müxtəlif telefon danışıqları baş tutur. Bu prosesin nəzarət altına alınmağa çalışıldığını görürəm. Kreml tərəfindən daha yumşaq, gərginliyi daha azaldacaq, daha kontrollu açıqlamalar verilir. Türkiyə tərəfi bu kontrolu rəsmi siyasi müstəvidə etməyə çalışır. Açığı, mən bu məsələnin nəzarət altına alınmasını daha yüksək görürəm. Bu çərçivədə Ərdoğanla Putin arasındakı görüşdən sonra məsələnin bir qədər də kontrol altına alınacağını düşünürəm”.

Müsahibimiz onu da bildirib ki, qarşıdakı dövrdə Türkiyə tərəfinin Suriyaya yönəlik əməliyyatları davam edəcək:

“Rusiya tərəfi bu prosesləri görməzdən gələcək. Çünki Türkiyə ictimaiyyəti və Türkiyədəki siyasi iradə bu hadisədən çox ciddi şəkildə naharatdır. Bunun ən azı yatırılması üçün Türkiyə tərəfinin də intiqam ala, qarşı tərəfə öz cavablarını verə bilməsi gərəkdir. Düşünürəm ki, Rusiya tərəfi də hazırda onu edir. Türkiyənin Suriyaya cavab vuruşları etməsinə reaksiya göstərmir, sakit qalır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər