Teleqraf.com-un suallarını “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Musayev cavablandırıb. Müsahibəni təqdim edirik:
– Alqış bəy, Türkiyə artıq xeyli vaxtdır ki, Suriyanın şimalında hərbi əməliyyat keçirir. Son günlərdə qardaş ölkə xeyli sayda itki verib. Bu əməliyyatda Türkiyənin maraqları nədən ibarətdir?
– Şübhəsiz ki, bu, Tükiyənin dövlət maraqlarından irəli gələn bir tədbirdir. Türkiyə dövləti yəqin ki, ölçüb-biçəndən sonra bu addımı atıb. Çünki Türkiyə dövləti strateji hədəflərini bilməmiş deyil. Mən yalnız onu deyə bilərəm ki, Türkiyənin həmin bölgə ilə səhv etmirəmsə, 911 kilometr uzunluğunda sərhəd xətti var. Türkiyə bir dövlət olaraq istəyir ki, onun sərhədləri yaxınlığında sakitlik, əmin-amanlıq olsun. Bu, haqlı bir istəkdir. Hesab edirəm ki, Türkiyənin verdiyi qərarının əsaslandığı çox ciddi arqumentlər var. Düzdür, Türkiyənin dövlət siyasətini, atdığı bu addımı tənqid edənlər var, olub və olacaq. Amma Azərbaycan dövləti və xalqı bütün proseslərdə, bütün atdığı addımlarda olduğu kimi, bu dəfə də Türkiyənin yanındadır. Atatürkün məşhur deyimi var; Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci Türkiyənin sevincidir. Eyni fikirləri Türkiyə haqqında da demək olar. Bu baxımdan mən hesab edirəm ki, Türkiyə və Azərbaycanın ümumi hədəfləri olduğu kimi, ümumi də düşmənləri var. Bu baxımdan mən Türkiyə-Azərbaycan əlaqələrini həm də yaşam, mövcudluq, mücadilə formatı kimi qəbul edirəm.
– Fevralın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə oldu. Səfər zamanı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi. Bu şuranın fəaliyyətini və xüsusilə sonuncu iclası necə qiymətləndirirsiniz?
– Ümumiyyətlə, müasir tariximiz həssas bir mərhələyə daxil olub. Artıq belə demək mümkünsə, dünyanın bir qütb tərəfindən, bir mərkəzdən idarə olunmasına dair olan baxışlar artıq özünü doğrultmur. Balans pozulub. Nəzərə almaq lazımdır ki, Azərbaycan özü həssas bir bölgədə yerləşir və müharibə şəraitindədir. Bilirsiniz ki, Naxçıvan Azərbaycanla yalnız dəmiryolu vasitəsilə bağlanırdı, o yol da uzun illərdir ki, bağlanıb. Naxçıvanın hazırda quru sərhədi yalnız Türkiyə ilədir. Naxçıvan Azərbaycan dövləti, dövlətçiliyi üçün strateji bir məntəqədir. Bu cür tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti ondan ibarətdir ki, bizim ətrafımızdakı həm dostlarımıza, həm də düşmənlərimizə bir mesajdır. Yəni, Azərbaycan dövləti və onun təbii, tarixi, strateji müttəfiq olan Türkiyə bütün prosesləri izləyir, hər şeyi nəzarətdə saxlayır.
Yada salmaq istərdim ki, 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ilk iclası Naxçıvanda keçirilmişdi. Düşünürəm ki, bu cür görüşlər intensiv xarakter almalıdır. Bunlar həm Türkiyənin, həm Azərbaycanın, həm də digər türkdilli ölkələrin maraqlarına xidmət edən tədbirlərdir. Bunu ancaq təqdir etmək olar.
– Milli Məclisdə növbədənkənar seçkilər başa çatdı və yeni parlament formalaşdı. Həmişə olduğu kimi, bu dəfə də prosesin təbliğat-təşviqat kampaniyası xüsusi diqqət çəkən məqamlardan idi. Sizin bu prosesə baxışınız nədən ibarətdir?
– İstənilən seçki prosesi cəmiyyətin, siyasi partiyaların inkişafı baxımından çox müsbət haldır. Onun hansı şəraitdə və necə keçirilməsindən asılı olmayaraq, istənilən seçkinin faydası var. Çünki biz seçki prosesindən danışırıqsa, prosesdə üzə çıxan qüsurlar, çatışmazlıqlar birdən-birə yoxa çıxa bilməz. Bunun üçün seçki mədəniyyəti lazımdır. Seçki vərdişləri yaranmalıdır. Seçki vərdişlərinin yaranmasının bir şərti də odur ki, seçkilər olmalıdır və sən seçkidə iştirak etməlisən. Daha sonra seçki vərdişlərini təkmilləşdirməli, seçki mədəniyyətini artırmalısan. Bu baxımdan mən seçki prosesini bütövlükdə Azərbaycan cəmiyyəti, xüsusilə siyasi partiyalar üçün faydalı hesab edirəm. Siyasi partiya özünü harda sınaqdan çıxara bilər? Siyasi partiya üçün seçki prosesi ən ideal təlim-məşq platformasıdır. Seçki siyasi partiya üçün yeganə prosesdir ki, onun vasitəsilə öz tərəfdarlarının, öz siyasi baxışlarının testini keçirə bilər. Yoxlaya bilər ki, əhalinin onun siyasi baxışlarına, siyasi platformasına münasibəti necədir. Seçki vasitəsilə siyasi partiya yoxlaya bilər ki, onun elektoratının vəziyyəti nə yerdədir, onun elektoratı hansı səviyyədədir. Ümumiyyətlə, onun elektoratı var, yoxsa yoxdur? Yəni, seçki prosesində elektorat hansı reaksiyanı verir. Bu baxımdan seçki prosesi siyasi partiyaların inkişafı üçün ən ideal bir vasitədir. Düzdür, bəzi siyasi partiyalar parlament seçkisi prosesində iştirak etmədi. Mən düşünmürəm ki, seçki prosesində iştirak etməmək həmin partiyalara hər hansı uğur və müvəffəqiyyət gətirsin. Siyasi partiyanın birinci vəzifəsi seçkidə iştirak etməkdir. Əgər sən seçkidə iştirak edə bilmirsənsə, yaxud iştirak etmək istəmirsənsə, sənin siyasi partiya kimi mövcudluğun artıq sual altına düşür. Digər tərəfdən, siyasi partiyanın başlıca vəzifələrindən biri də siyasi institutun qorunub saxlanmasıdır. Siyasi institutun qorunması və inkişaf etməsi üçün başlıca şərt siyasi partiyanın bu prosesə qoşulması və iştirak etməsidir. Bu baxımdan mən düşünürəm ki, siyasi partiyalar mütləq şəkildə seçki prosesində iştirak etməli idilər. Amma bu seçkidə heç də bütü siyasi partiyalar iştirak etməyib. Bu mərhələ artıq arxada qalıb. Nəzərə almaq lazımdır ki, siyasi partiya, siyasi institutlar hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dövlətin milli təhlükəsizlik sisteminin vacib məqamlarından biridir. Ona görə də fakt bundan ibarətdir ki, siyasi partiyaların, siyasi institutların inkişafında hamıdan maraqlı olan Azərbaycan dövləti və iqtidarıdır.
Heç də təsadüfi deyil ki, artıq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ayrı-ayrı siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirir. Bu görüşlərə birmənalı şəkildə münasibət yoxdur. Amma mən düşünürəm ki, bu çox faydalı bir görüşdür. Şübhəsiz ki, bu, iqtidarla siyasi partiyalar arasında dialoq anlamını vermir. Sadəcə olaraq, bu, bir görüşdür. Çünki dövlət də, iqtidar da maraqlıdır ki, Azərbaycanda siyasi partiyalar inkişaf etsinlər, cəmiyyətdə öz yerlərini tutsunlar. Bu, siyasi partiyaların inkişaf etməsi, siyasi diskussiyaların meydana gəlməsi deməkdir. Siyasi diskussiyalar meydana gəlirsə, cəmiyyətdə bir hərəkətlilik yaranır. Hərəkətlilik, canlanma da istənilən cəmiyyətin inkişafı üçün əsas amildir.
– Parlamentin buraxılmasının əsas səbəbi kimi onun ölkədə gedən islahatlara adekvat olmadığı göstərilirdi. Sizcə, yeni formalaşmış parlamentin tərkibi islahatlara adekvat ola biləcəkmi?
– Gəlin, bu məsələdə tələsməyək. Hər şeyi zaman göstərəcək. Yeni parlamentin taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyirlər ki, bu parlamentin ömrü uzun olmayacaq, müəyyən vaxtdan sonra parlament yenidən buraxılacaq. Amma bu parlamentin nə qədər fəaliyyət göstərəcəyi, onun ömrünün nə qədər uzun olacağını indidən dəqiq demək çətindir. Düşünürəm ki, yeni parlamentin üzərinə böyük məsuliyyət düşür – perspektiv planlar var. Yəqin ki, yeni tərkib bu məsuliyyəti dərk edərək, müəyyən addımlar atacaq.
Mən düşünürəm ki, ölkədə yeni bir referendumun keçirilməsinə, konstitusiya islahatlarına böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, əhalimizin sayı artır. Artıq ictimai bir qənaət var ki, deputatların sayı artırılmalıdır. İctimai fikirdə özünə yer etmiş iddialardan, təkliflərdən biri də bundan ibarətdir ki, Azərbaycanda parlamentli respublikanın bərqərar olması üçün müəyyən əsaslar yaranıb. Baxmayaraq ki, mən bunun əleyhinəyəm. Mən düşünürəm ki, Azərbaycanda prezidentlik institutu, güclü mərkəzi hakimiyyət olmalıdır. Ona görə də bütün bu təkliflər, fikirlər parlament səviyyəsində, hüquqi müstəvidə müzakirələrdən keçib öz həllini tapmalıdır. Bu baxımdan mən düşünürəm ki, yeni tərkibdə olan parlament bütün hallarda islahatların həyata keçirilməsində ancaq faydalı, müsbət işlər görəcək. Mən buna inanıram.
– Bəs siz özünüz niyə seçki prosesində iştirak etmədiniz?
– Seçkidən əvvəl də məndən nə üçün seçkiyə qatılmadığımı soruşmuşdular. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Partiya da nizam-intizam deməkdir. Qeyd etmişdim ki, əgər partiyamızın sədri, cənab Prezident məni bu seçkidə namizəd kimi görmək istəsə, seçkiyə qoşulacam. Namizəd kimi görmək istəməsə, seçki prosesindən kənarda qalacam, yəni seçkidə iştirak etməyəcəm. Partiyanın sədri partiyanın hansı üzvünü hakimiyyətin hansı qolunda görmək istəyib-istəmədiyini özü müəyyən edir. Bu, partiya sədrinin səlahiyyətləri çərçivəsindədir. Əgər bizə belə bir təklif, belə bir tapşırıq olsaydı, biz həmin tapşırığı yerinə yetirmək üçün fəaliyyət göstərəcəkdik. Belə bir tapşırıq olmadığına görə mən parlament seçkilərində iştirak etmədim.