Bayden-10, Sanders-4. ABŞ demokratlarının “Super çərşənbə axşamı” rəqabətinin nəticəsi belə oldu. Bayden 10 ştatda – Teksas, Massaçusets, Minnesota, Alabama, Arkanzas, Virciniya, Men, Şimali Karolina, Oklahoma və Tennessi, Sanders isə 4 ştatda – Kaliforniya, Kolorado, Vermont və Yutada qalib gəldi. Milyarder Mayk Blumberq yarım milyard dollardan çox pul xərcləsə də, heç nə əldə edə bilmədi, yalnız reklamçılara, mediaya, kampaniyasındakı əməkdaşlara – bütövükdə ölkə iqtisadiyyatına fayda vermiş oldu.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.
ABŞ Demokrat Partiyası daxilindəki ilkin seçkilərin “Super çərşənbə axşamı”nın nəticələrini şərh edən Ş. Cəfərli qeyd edib ki, bu nəticə fevralın sonlarına yaxın kampaniyasının perspektivi ilə bağlı bədbin proqnozlar səslənən Cozef Baydenin böyük zəfəridir:
“Hələlik qəti qələbədən danışmaq tez olsa da, Baydenin kampaniyası böyük stimul və psixoloji üstünlük əldə etmiş oldu. Bundan sonra ianə toplamaq və “Super çərşənbə axşamı”nın rüzgarı ilə mübarizəni davam etdirmək daha asan olacaq”.
Ş. Cəfərlinin sözlərinə görə, Bayden-Sanders rəqabəti həm də demokratlar daxilindəki iki ideoloji cərəyanın (mötədil-mərkəzçi və sosialist-proqressiv) rəqabətidir:
“Sol xətt əsasən 18-29 yaş arası gənclər və qismən də ispandilli (hispanic) demokratlar arasında populyardır. Orta və yuxarı yaş kateqoriyasına aid olan ağdərili, eləcə də dindar və afroamerikalı demokratlar əsasən tradisionalist mövqedədir, radikal paradiqma dəyişikliyindən ehtiyatlanırlar.
Sandersin nominasiyanı qazanması ehtimalı demokrat elitanı həm də ona görə qorxudur ki, sosialist namizədin liderliyi ilə seçkilərə girmək Konqresi itirməklə nəticələnə bilər. Çünki müstəqil seçicilərin, hətta bəzi azsaylı mərkəzçi demokratların da “solçu prezident+prezident yönümlü parlament çoxluğu” modelindən qorxaraq Konqres seçkilərində demokratlara səs verməməsi, yaxud seçkilərə getməməsi ehtimalı var. Amerika müstəqilləri sistemdə balans yaratmağı sevir və partiyalardan birinin həm icra, həm də qanunverici hakimiyyəti eyni anda nəzarətə götürməsindən həzz duymur”.
Bununla belə politoloq hələlik Sandersin şansının qaldığını vurğulayıb:
“Bundan sonra Nyu-York, Florida, Pensilvaniya, İllinoys və Ohayo kimi əhalisinin sayı 10 milyondan yuxarı olan ştatlarda keçiriləcək praymerizlər həlledici olacaq”.