13 Mart 2020 20:15
2 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Konstitusiyasında parlament seçkilərinin hər 5 ildən bir, noyabr ayında keçirilməsi təsbit olunub. Ancaq biz növbədənkənar parlament seçkilərinə getdik. Bu seçkilər də fevralın 9-da baş tutdu. Ona görə Konstitusiyadan noyabr ifadəsi çıxarılmalıdır. Yəni burada hüquqi uyğunsuzluq yaranıb və bu, hansısa formada ali qanunda öz əksini tapmalıdır. Ona görə də ölkədə referendum keçirilə bilər”.

Bu fikirləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Konstitusiya dəyişikliyi üçün referendum keçiriləcəyi barədə fikrini əsaslandırarkən deyib.

Partiya sədri əlavə edib ki, digər məsələlər, xüsusi olaraq, ölkə rəhbərliyinin parlament seçkilərindən sonra çoxpartiyalı sistemin yaradılması baxımdan atdığı addımlar və parlamentdə təmsil olunan siyasi partiyaların Milli Məclis rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin güclənməsi üçün görülən tədbirlərdir. Onun sözlərinə görə, bunu daha da inkişaf etdirmək baxımından ola bilsin ki, digər addımlar da atılsın:

“Neçə müddətdir ki, proporsional seçki sisteminin mojaritar sistemlə bərabər tətbiq edilməsi haqqında müxtəlif müzakirələr gedir. Milli Məclisdə də dəfələrlə belə təkliflər səsləndirilib. Siyasi partiyalar tərəfindən də hər zaman bu məsələlərə aktual münasibət ifadə olunub. Bütün bunlar nəzərə alsaq, düşünürəm ki, referendum keçirilə bilər”.

Deputat “Siz referendumun keçiriləcəyini nə dərəcədə real hesab edirsiniz” sualına cavabında deyib ki, buna gümanı var: “Mən sadəcə güman edirəm ki, bu, baş verə bilər. Ancaq bunun olub-olunmayacağı ölkə rəhbərliyi səviyyəsində həll edilir”.


Müəllif: Cavad

Oxşar xəbərlər