17 Mart 2020 18:53
2 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni tip koronavirus – “Covid-19” əslində, sadəcə, xəstəlik deyil. O, demokratiya, açıq dünya, sərhədlərdən maneəsiz keçid, açıq bazar, “dünya qlobal kənddir” idefiksidir, qlobalizm və azad bazar münasibətlərinə çox ağır zərbə oldu”.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra Avropanı ümumi bazar və “böyük, vahid məkan”a çevirmək istəyirdilər:

“Avstriyalı filosof Rixard Kudenhove-Kalerqi “Panavropa” konsepsiyasını irəli sürəndə qapalılıqdan, qarşıdurmalardan və savaşlardan usanmış Avropa nicat yolunu tapdığını düşündü. Ötən ilin sonlarına, Çinin Hubey vilayətində koronavirus aşkarlananadək belə oldu. İndi o virus vəba və taun orta əsrlər Avropasını qaranlıq çağlara qərq etdiyi kimi, müasir Avropanı feodal münasibətlərə qaytarır.

Postinsan, fövqəlinsan ideyalarıın sementləşmiş sayılan bünövrələri dağılır və bəşəriyyət mağara dövrü halındakı kimi qorxur, virusdan, bəladan qaçmağa çalışır.

Görünməyən, duyulmayan bəla insanların arasına xof, təlaş, qorxu səpir. Aqenor və Telefassanın oğlu Kadmın səpdiyi əjdaha dişlərindən sonralar spartalar cücərdiyi kimi, bu toxumlardan da qlobal iqtisadi problemlər, mövcud strategiyaların çökməsi cücərəcək”.

Elçin Alıoğlu baş verənlərin qlobal miqyasda dünyaya təsirlərinə də toxunub:

Dünya artıq əvvəlki kimi olmayacaq, çünki Fransa, İtaliya, İspaniya, Almaniya, Britaniyadakı psevdo olsa da, demokratik sistem ciddi sınağa əsla hazır olmadığını göstərdi. Yarasa ətindən yarandığı iddia olunan koronavirus sanki Tolkinin əsərindəki məşum nazqullar kimi taclı yürüşünü davam etdirir. Şübhə etmirəm ki, insan oğlu bu sınaqdan da çıxacaq.

Amma necə? Sınaqdan sonra dünyanın halı nə qədər fərqli olacaq, düşüncələr necə dəyişəcək? Bu bəladan siyasi məqsədlər üçün istifadə etməyə çalışanların nəsibi nə olacaq? Fövqəlinsanın yaratdığını düşündüyü fövqəldünyanın əsasları laxlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər