Rusiya prezidenti Vladimir Putin “Böyük iyirmilər”in (G20) videobağlantı ilə keçirilən konfransında ölkələrin koronavirus pandemiyası ilə daha effektli mübarizə apara bilmələri üçün iqtisadi sanksiyaların aradan qaldırılmasını istəyib.
Teleqraf.com-un xəbərinə bu barədə qərb mediası məlumat yayıb. Putin G20 sammitində deyib ki, sanksiyalar dərmanların, ərzaq, avadanlıq və texnologiyaların qarşılıqlı mübadiləsinin yaxşılaşdırılması naminə humanitar mülahizələrlə qaldırılmalıdır. Rusiya lideri Putin G20 sammitində konkret olaraq heç bir ölkənin adını çəkmədən zəruri mallar və bu malların alınması üçün bank köçürmələri üzərinə qoyulmuş sanksiyalara moratorium elan edilməsini istəyib. Xatırladaq ki, bundan bir neçə gün əvvəl qərbin sanksiyalarına reaksiya verən Putin bu sanksiyalar sərt tənqid etmiş, belə sanksiyalarla Rusiyanı nəyəsə məcbur etməyin mümkünsüzlüyünü bildirmişdi.
Rusiya liderinin son addımlarını Teleqraf.com-a şərh edən “Ayna-Zerkola” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı deyib ki, Rusiya lideri öz ölkə daxili aditoriyası üçün hətta qərbin sanksiyalarına “tüpürdüyünü” də deyə bilər, amma reallıqda koronavirus olmasa da, belə problemi olacaqdı.
Analitik xatırladıb ki, Rusiya ilə OPEK arasında neftin hasilatını azaltmaqla bağlı müqavilə var idi:
“Artıq Moskva bu müqavilədən çıxıb. Neftin qiyməti azı iki dəfə uculaşıb və üstəlik qərbin sanksiyaları davam edir. Rusiya iqtisadiyyatının əsasını da neft və qaz gəlirləri təşkil edir. Başqa sözlə, Rusiya neft və qaz üzərində oturan nəhəng ölkədir”.
Müsahibimiz deyib ki, Rusiya dövlət başçısı Vladimir Putin əslində hadisələrin bu istiqamətdə gedəcəyini gözləmirdi:
“Bu ondan irəli gəlir ki, müasir Rusiya tarixdən dərs götürməyib. SSRİ-də 70-ci illərdə eyni üsulla ABŞ və ərəb ölkələri tərəfindən yıxıldı. İndi Putin durumu görür və anlayır ki, vəziyyətdən çıxmaq lazımdır. Bunun üçün də sanksiyaların qaldırılmasının vacibliyini dilə gətirir”.