30 Mart 2020 21:43
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran kimi Avropa və ingilislər də tarixən həmişə türklərlə qarşıdurma içində olub. Buna görə də, İran hakimiyyətini öz təsir dairəsində saxlayan ingilislər heç vaxt Azərbaycan türklərinə öz dillərində təhsil almağa və məktəb açmağa icazə verməz”.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) keçmiş üzvü, güney azərbaycanlı milli fəal Elyar Təbrizli belə deyib.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Milli Azadlıq Hərəkat uzun illər Güney Azərbaycan və İranda türk dilində təhsil müəssisələrinin açılması istiqamətində mübarizə aparsa da, hələ də bu tələblər yerinə yetirilməyib. Əsas səbəblər nədir?

- Bu tələblərin yerinə yetirilməməsi xarici və daxili faktorlara əsasılanır. Bu haqda danışırıqsa, xatırlamaq lazımdır ki, qüdrətli Qacar-Türk dövlətinə avropalılar və ya ingilislər son qoydu. Bundan sonra hakimiyyətə gələn fars rejimləri də həmin xarici güclərin İrandakı uzantıları kimi çıxış etməyə başladılar. Nə o vaxtkı şah, nə də indiki molla rejimi həmin xarici qüvvələrlə işbirliyindən əl çəkib. Hər iki rejim bu güclərin İran və Şərqdəki regional maraqlarını həyata keçirib, keçirir. Həm Pəhləvilərin, həm də mollaların Azərbaycan türklərinə olan soyuq münasibətinin səbəblərindən biri də budur.

İran kimi Avropa və ingilislər də tarixən həmişə türklərlə qarşıdurma içində olub. Buna görə də İran hakimiyyətini öz təsir dairəsində saxlayan ingilislər heç vaxt Azərbaycan türklərinə öz dillərində təhsil almağa və məktəb açmağa icazə verməz. İranda türk mədəniyyətinin inkişafı və yayılması həmişə onları narahat edib. İran daxilindəki vəziyyətə baxanda da, bu rejimin kimin arxasında, kimin önündə durduğunu görə bilərik. Təəssüf ki, bu gün Güney Azərbaycana kənardan dəstək yoxdur, buna görə də aparılan mübarizə qarşıya qoyulan məqsədə çata bilmir. Amma bütün çətinliklərə baxmayaraq, bu mübarizə davam edir, konstitusion haqlarımız yerinə yetirilənə qədər də öz gücünü qoruyub saxlayacaq.

- Amma İrandakı rejim Güney Azərbaycan türkləri ilə müqayisədə ermənilər, kürdlər və digər etnik azlıqlara bütün hüquqaları verir…

- İran coğrafiyasında təkcə ermənilər və yəhudilərin mədəni və siyasi haqları tanınır. Məsələn, ermənilər tarix boyu – hələ Qacarlar dönəmindən ruslar və fransızlar vasitəsilə İran hakimiyyətlərinə təzyiqlər edərək, siyasi, mədəni və iqtisadi istəklərinə nail olublar. Erməni din adamları həmişə rejimlə dil tapmağa çalışıb, işbirliyinə gedib. Türklərə gəlincə, İrandakı şiə din adamları həmişə Vatikan və İngiltərəyə bağlı olub, buna görə də onların tələbləri qarşısına əngəllər çıxarılır. Halbuki Güney Azərbaycan Mili Azadlıq Hərəkatı bu yöndə böyük səylər göstərib, göstərir.

Hələ XIX əsrdən - 1833-cü ildən bəri İrandakı erməni dini məktəbləri və müəssisələri avropalı və rus iş adamlarının himayəsi altında olub. Hətta ermənilər avropalılar və rusların vasitəsilə türk Nəsrəddin şah və oğlu Müzəffərəddin şaha da yaxın olublar. Ermənilər bu yolla o dövrdə İranda öz məktəblərini aça biliblər. Onu da bilməliyik ki, Türk-Qacar şahı olan Nəsrəddin dövlət xəzinəsindən erməni məktəbləri üçün büdcə də ayırmışdı. Şahın oğlunun da, bu baxımdan, ermənilərə böyük maddi-mənəvi dəstəyi olub. Bu gün də ermənilər və yəhudilər 150 ilə yaxındır ki, İranda heç bir problem olmadan öz ana dillərində təhsil alır, məktəbləri fəaliyyət göstərir.

- Həbs olunan milli-mədəni fəallara, onların ailələrinə münasibət necədir, həbsxanlarda hansı şəraitdə saxlanılırlar?

- Əlbəttə, həbs olunan farslarla müqayisədə milli fəallarımıza münasibət fərqlidir. Güneyli fəallar ağır həbs cəzalarına məhkum edilir, uzun illər zindanlarda saxlanılır, böyük həcmdə maddi cəzalarla üzləşirlər. Fəallarımız yaşadıqları yerlərdən uzaq bölgələrdəki həbsxanalara göndərilirlər. Bu, öz övladlarını görmək üçün böyük pullar xərcləməyə məcbur olan ailələrin maddi durumunun ağırlaşmasına da səbəb olur.

Məsələn, Abbas Lisani Tehrandakı Evin həbsxanasında 8 il azadlıqdan məhrum edilməklə yanaşı, 2 il fars şəhəri Yəzdə sürgün cəzası alıb. Başqa sözlə, həbs olunan milli fəalların əsas problemləri şəxsi təhlükəsizlikləri və maddi durumları ilə bağlıdır. Həbs edilən fəalların ailələri iş tapa bilmir, həmişə İran rejimi tərəfindən təzyiq altında saxlanılır. Ən pisi isə budur ki, İranda fəaliyyət göstərən heç bir media qurumu onların problemlərini dilə gətirmir, İranın öz müxalifətinə isə belə bir mənfi münasibət yoxdur. Buna görə də hər il beynəlxalq qurumlar İran rejiminin zorba və zorakılıq siyasətini pisləyən hesabatlarla çıxış edirlər. Amma arxasında Avropa kimi bir gücün dəstəyini görən İran rejimi qorxmadan öz bildiyi yolla gedərək, Azərbaycan türklərinə qarşı çirkin siyasətini həyata keçirir.

- Digər yandan, son illərdə Güney Azərbaycan bölgələrində silahlı kürd qruplaşmalarının fəallığı da artıb. Bu da o siyasətə daxildir?

- Bu, Böyük Yaxın Şərq planının tərkib hissəsinə daxildir. Bu planın icrasına illər əvvəl İraq və Suriyada start verilib. Əlbəttə, bu proyekt Güney Azərbaycanı da əhatə edir. Bu baxımdan, kürdlərin Güneydə fəallaşması təsadüfi deyil. Əlbəttə, bu fəallaşma son illərdə müşahidə olunmur, hələ Pəhləvilər dönəmindən belə bir proses gedir. Həmin dövrdə İraqdakı rejimdən qaçan Mustafa Bərzani Güney Azərbaycana üz tutdu, 500 mindən çox kürd də bu ərazilərdə yerləşdirildi. Bu siyasət molla rejiminin hakimiyyəti dövründə də davam etdirilir, yenə də İraqın şimalından didərgin düşən kürdlər Güney Azərbaycan ərazilərində məskunlaşdırıldı. Türk şəhərlərini kürdləşdirməklə yanaşı, bölgələrin valisi və deputatları da kürdlərdən seçilir.

Beləliklə, Böyük Yaxın Şərq proyekti İran hakimiyyəti tərəfindən də dəstəklənir. Başqa sözlə, Pəhləvilərdən bu yana İrana rəhbərlik edən rejimlərin hamısı hər fürsətdə Avropaya öz sədaqətlərini göstərirlər.

- İran hakimiyyəti, eyni zamanda, Güney Azərbaycan şəhərləri ilə Ermənistan bölgələri arasında münasibət qurmaq üçün aktiv formada hərəkətə keçib. Güneydə buna qarşı etirazlar varmı?

- Ermənistan dövlət səviyyəsində İranın rəsmi dairələri ilə yüksək formada əlaqələr qurub, bunda Rusiyanın da böyük rolu var. Bir tərəfdən də, Avropadan böyük dəstək alan İran bölgədə güclənən Azərbaycan və Türkiyəyə qarşı öz siyasi oyunlarını oynayır. Buna görə də hər il qondarma erməni soyqırımının ildönümlərində ermənilərin keçirdiyi aksiyalarda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması, ölkələrimiz əleyhinə təxribatçı şüarlar səsləndirilməsi adi hala çevrilib. Türk bayraqlarını yandıran erməniləri mühafizə edən də İran polisidir. Buna müqavimət göstərən gənc fəallarımız isə həbs olunur, ağır işgənclərə, təzyiqlərə məruz qalır, çox vaxt da bunun kəffarəsini öz canları ilə ödəyirlər.

Gənclərimiz himayəsiz olmasına baxmayaraq, bu qəddar rejimlə açıq qarşıdurmaya gedir, öz tələblərini səsləndirir, əliyalın meydanlara çıxırlar. Beynəlxalq qurumların bu barədə hazırladıqları hesabatlar göz qabağındadır. Halbuki dəstəyimiz olsa, apardığımız mübarizə tez bir zamanda öz bəhrəsini verər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər