Koronavirus təhlükəsi gündəliyə gələn andan cənab Prezident İlham Əliyev ciddi tapşırıqlar verdi. Bu tapşırıqlar əsasında müvafiq addımlar atıldı, prosesə nəzarət etmək, koronavirusun fəsadlarını azaldaraq, daha az itki ilə bundan çıxmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Artıq ölkənin bütün strukturları səfərbər olunublar, ciddi rejimdə işləyir. Amma təəssüflər olsun ki, yoluxmanın qarşısını almaq mümkün deyil. Dünyada bu proses gedir, dinamika müşahidə edilir. Ölkə prezidentinin bəyan etdiyi kimi, bu dinamikanın qarşısını almaq hələlik mümkün deyil. Həmçinin prezidentin COVİD-19-la bağlı müxtəlif platformalarda dediyi fikirlər, dövlətin gördüyü tədbirlər və vətəndaşlarımıza edilən müraciətlər göz önündədir. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın sistemli xarakter daşıyan və arqumentlərə söykənən müraciətləri hər kəs mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, dövlət özündən asılı olan hər şeyi edir. Bundan sonra da edəcəyinə şübhə yoxdur.
Bu sözləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Deputat əlavə edib ki, Prezident İlham Əliyev iqtisdiyyatı düşdüyü vəziyyətdən çıxarmaq, eyni zamanda yaranan durumla əlaqədar iş yerlərini itirən vətəndaşlarımza əməkhaqqı vermək, sahibkarların itkilərini qarşılamaq üçün külli miqdarda vəsait ayırıb. Onun sözlərinə görə, dörd sahə üzrə 20-dən çox konkret məqamları özündə ehtiva edən proqramlar hazırlanıb:
“Bununla bağlı ölkə Prezidentinə İqtisadiyyat naziri Mikayıl Cabbarov ətraflı hesabat verdi, cəmiyyəti maarifləndirdi. Hesab edirəm ki, bu prosesdə səhiyyə işçilərimiz böyük fədakarlıq göstərir, vətəndaşlarımızı sağlam həyata qaytarmaq üçün ölüm-dirim mübarizəsi aparırlar. Polis işçilərimiz hər zaman olduğu kimi bu gün də vətəndaşlarımızla bərabərdir, maarifləndirmə işində fəallıq nümayiş etdirirlər. Amma təəssüflər olsun ki, vətəndaşlarımız koronavirusun təhlükəli olduğunu və heç bir yaş həddini nəzərə almadan insanlara yoluxmasını nəzərə almırlar. Bir vətəndaşımız deyir ki, mən cavanam virusa yoluxa bilmərəm, başqası deyir ki, mən inanmıram, bir başqası bildirir ki, mənim ümmunitetim güclüdür və s. Bu cür doğru olmayan və məsuliyyətsiz yanaşmalar problem yaradır. İndi bəlli olur ki, infeksiya heç bir yaş həddi tanımır. Körpələr, yeniyetmələr, gənclər, ortayaşlı insanlar və təbii ki, yaşlı nəsil də bundan sığortalana bilmir. Dünyada böyük itkilər var. Bu günə qədər bizdə də 5 nəfər həyatını itirib, yoluxanların sayı çoxalır. Dinamika sürətlə gedir. Odur ki, vətəndaşlarımız məsuliyyətli olmalıdır. Heç kim cddi əsas və zərurət olmadan çölə çıxmalı deyil və qəbul olunan qərarlara, tövsiyələrə əməl olunmalıdır. Bir nəfərin məsuliyyətsizliyi yüzlərlə insanın xəstələnməsinə səbəb ola bilər. Bu insanlar anlamalıdır ki, ciddi ehtiyac olmadan çölə çıxmaq olmaz. Məsuliyyətsiz yanaşma ölkəmizdə koronavirusun qarşısını almağa ciddi əngəl yaradır”.
Deputatın fikrincə, xüsusi karantin rejiminin tələbləri sərtləşdirilməlidir:
“Artıq maarifləndirmə işi kifayət qədər aparılıb və yetərlidir. 15-20 gündür ki, maarifləndirmə işi aparılır. Əgər aparılan maarifləndirmə, həkim, polis, jurnalist əməyi ayrı-ayrı vətəndaşımız tərəfindən pozulursa, dərhal cəzalandırılmalıdır. Belə insanlar inzibati qaydada cərimələnməklə yanaşı, xüsusi yerlərdə saxlanılmalı və onlar mediaya təqdim edilməlidir. Yüz və ya min nəfərə görə, bu xalqı qurban vermək, dövlətin əsaslarını sarsıtmaq olmaz. Belə şəxslər haqqında ciddi cəza tədbirləri olmalıdır. Hər kəs də bilməlidir ki, Operativ Qərargahın qərarlarını və tətbiq etdiyi xüsusi rejimi pozan məsuliyyətsiz insanlar kimdir. Belələrini cəzalandırmaq təkcə mənim deyil, böyük çoxluğun fikridir".