2 Aprel 2020 12:42
6 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda da, Yaxın Şərqdəki münaqişələr səngimək bilmir. İllərdir Liviyada gedən vətəndaş müharibəsi bu günlərdə də dayanmadı”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, Liviyada Milli Sülh Hökuməti ilə qiyamçı general Xəlifə Haftara bağlı qüvvələr arasında açıq qarşıdurma gedir:

“Liviya və Türkiyə arasında Aralıq dənizində karbohidrogen axtarışlarına dair imzalanmış müqavilə bölgə dövlətlərini Ankara ilə üz-üzə qoydu. Regional dövlətlər Türkiyəni buradan çıxarmaq üçün hərəkətə keçiblər. Bu çərçivədə də, Liviya hökumətinə qarşı olan qüvvələri dəstəkləyirlər. Həmin qüvvə də, uzun zamandır hakimiyyətə ələ keçirmək üçün savaş aparan Haftara bağlıdır. Haftara da Rusiya, BƏƏ, Misir və bir sıra Qərb dövlətlərindən böyük dəstək var.

Liviyada legitim hakimiyyətin devrilməsi üçün gərgin proseslər cərəyan edir. Türkiyə isə Liviya hakimiyyətinin yanındadır, onu dəstəkləyir. Amma buna baxmayaraq, Türkiyə bu münaqişəyə yüz faiz girməyib. Bir neçə gün əvvəl Türkiyə parlamentində Liviya hökuməti ilə imzalanmış müqaviləyə dair müzakirələr oldu. Müzakirələrdə bildirildi ki, əgər bu münaqişə uzanacaqsa və Türkiyə əleyhinə atılan addımlar dayandırılmayacaqsa, Suriyada olduğu kimi Liviyada da eyni fəaliyyətlər həyata keçiriləcək. Lakin bu məsələ hələlik nəzərdən keçirilmə prosesindədir və yekun qərar verilməyib. Çünki Türkiyə bu addımı atsa, bölgədə ikinci bir dövlətlə də münaqişəyə başlamış olacaq. Yəni Suriyada üzləşdiyi vəziyət Liviyada da təkrarlana bilər”.

Ramiyə Məmmədova bildirib ki, Türkiyə Liviyadakı hərbi fəaliyyətini genişləndirsə, Rusiya ilə üz-üzə qalacaq:

“Çünki Türkiyə hakimiyyəti dəstəklədiyi kimi, Rusiya da qiyamçı Haftarı dəstəkləyir. Bu baxımdan, Türkiyə məsələyə bir qədər həssas yanaşır və bunu ciddi şəkildə nəzərdən keçirir. Amma hesab edirəm ki, Liviyada Rusiya və Türkiyə arasında açıq qarşıdurmanın olacağından söhbət gedə bilməz. Türkiyə Liviyaya ordu yeritsə, yenidən Rusiya ilə masa arxasında əyləşməli olacaq. Bu baxımdan, Türkiyənin Liviyaya girib-girməyəcəyi Rusiya ilə aparılan danışıqlardan sonra məlum olacaq.

Qənaətimə görə, Liviya ətrafında yaranmış yeni situasiya Aralıq dənizi üzərində gedən nüfuz savaşı ilə bağlıdır. İsrail, Misir, Yunanıstan, BƏƏ və Cənubi Kipr kimi dövlətlər Türkiyəni bu dənizdən uzaqlaşdırmağa çalışırlar. Bir sıra Qərb dövlətləri ilə yanaşı, regional ölkələr də Türkiyənin neftlə zəngin olan Aralıq dənizində güclənməsini istəmirlər. Buna görə də, Türkiyə qarşı bir blok qrulub. Əlbəttə Ərdoğan Suriyada olduğu kimi, Liviya ilə bağlı da öz mövqeyini açıqlayıb. Türkiyə lideri yenə də geri çəkilməyəcəyini bildirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər