5 Aprel 2020 15:06
3 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Koronavirus pandemiyası ilə mübarizə fonunda Gürcüstandakı azərbaycanlıların durumu necədir?

- Bir neçə gün öncə Marneulidə bir nəfərin koronavirusa yoluxduğu barədə məlumat yayıldı və bir az da ajiotaj yaratdı. Müəyyən dairələr bundan sui-istifadə elədi, təbii ki, Gürcüstanın özünün içərisində bizim varlığımızı istəməyən qüvvələr mövcuddur, ayrı-ayrı etnik qruplar da, erməni və kürd faktoru da ola bilər. Bizim milləti aşağılamağa, guya biz xəstəlik daşıyanlarıq, xəstə millətik deyərək sosial şəbəkədə kampaniya başladılar. Bunun özü psixoloji diskomfort yaratsa da, yaxşı ki, gənclərimiz var, mövqe ifadə elədilər, həmin adamların üzə çıxarılması, bundan istifadə edib separatçılıq əhval-ruhiyyəsinin alovlandırılması, soydaşlarımızın etnik-milli kimliyinin aşağılanmasının yolverilməzliyi ilə bağlı istintaq aparılması tələbi irəli sürüldü. Hazırda istintaq gedir.

Ümumilikdə Gürcüstan üzrə koronavirusa yoluxanların sayında artım müşahidə edilir, orada da “evdə qal” kampaniyası aparılır, bəzi yerlərdə komendant saatı tətbiq edilir. Marneulidə azərbaycanlılardan cəmi beş nəfər infeksiyaya yoluxub. Kütləvi dezinfeksiya işləri aparılır, ciddi qadağalar var, qaydaları pozanlar iri məbləğdə cərimələnəcəklər. Hələlik sosial müdafiə, konkret evə məhkum edilmiş insanlarla bağlı daha ürəkaçan, onların tələbatını ödəyəcək yardımların olmaması haqda xəbərlər var. Hesab edirəm ki, dövlət insanlara “evdə otur” deyirsə, onun ehtiyacları da qarşılanmalıdır.

- Mövcud situasiyanı necə dəyərləndirirsiniz, bu, təhlükəli koronavirus epidemiyasıdır, yoxsa potensial psixoloji əməliyyatdır?

- Bizim sosial şəbəkə istifadəçiləri evdə oturub klaviaturanı işə salaraq müxtəlif fərziyyələr irəli sürürlər, bunu düşünülmüş planlar kimi izah edirlər. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamaları, dövlətlərin rəsmi qurumlarının məlumatları var, ideoloji fərqliliyə rəğmən, İran və ABŞ, Türkiyə və Yunanıstan kimi barışmaz mövqe ifadə edən dövlətlər hamısı eyni mövqeni bölüşürlər, qorxulu virus kimi xarakterizə edirlər. Bu baxımdan rəsmi mövqeləri ifadə etməyin tərəfdarıyam.

Avanturist çıxışlara rast gəlirəm, biri dinlə bağlayır, deyir Mehdi gəlir, biri Allahın cəzası sayır. Zaman-zaman belə şeylər olur, hərb tarixində də, ilk yaşayış tarixində də dünyanı silkələyən vəba, taun kimi xəstəliklər epidemiya halında yayılıb. Amma bu xəstəliyin pandemiya halında birinci dəfə elan olunduğunu görürəm. İdeoloji, siyasi, dini fərqlilindən asılı olmayaraq, bütün dünya dövlətləri eyni mövqedən çıxış edirsə, avantura ilə məşğul olmalı deyilik, buna inanmalıyıq. Gözümüzün qarşısında bu halın gerçəklik olduğunu görürük. Ola bilsin sui-istifadə halları var, siyasi cəhətdən, yaxud öz marağı üçün istifadə etmək istəyənlər var. Bunu üzə çıxarıb ifşa etmək lazımdır.

- Yəni COVİD-19-un bioloji silah olduğuna dair qənaətləri bölüşmürsünüz?

- Qətiyyən bölüşmürəm, bu cür yanaşmalar dini sektaların işi ola bilər. Alim bunu deyə bilər, amma bunu bağlı olduğu dini cərəyanın diktəsi ilə söyləyir. ÜST bu gün etibarlı və mötəbər bir təşkilatdır. Onun bəyanatlarını şübhə altına almaq istəsək, gələcəkdə bəşəriyyət məhv olub gedə bilər. Xurafat eşqilə nələrsə etmək niyyətində olanlar ictimai rəyi azdıra bilərlər. Azərbaycanda da qüvvələr var ki, xaosun yaranmasında maraqlıdır, biz isə dövlətçi, millətini sevən insanlarıq, insanları rəsmi məlumatlara riayət etməyə səsləyirik. Ola bilər, siyasətdə barışmadığım avanturist insanlar var, amma bu gün rəsmi qərarlara əməl etməyin alternativi yoxdur. Həkim kimi mən də sosial şəbəkələrdə insanlarımızın faydalanması üçün öz təkliflərimi verirəm.

- Təklifləriniz nədən ibarətdir?

- Gigiyenik qaydalara riayət etməli, insanlarla məsafəni doğru saxlamalıyıq, küçəyə evimizin içi kimi baxmalı, zibilləməməliyik. Bir-birimizə sayğılı olmalı, yardımlaşmalıyıq, qonşumuzda kasıb, günəmuzd çalışan varsa, əlimizi uzatmalıyıq. Bunlar mənəvi mahiyyət daşıyan məsələlərdir. İnsanlar bir-birinə yardım göstərməyə vərdiş etməlidir. İnsanların sosial müdafiəsi yönündə ciddi addımlar atılmasına ehtiyac var. Eləcə də kirayə haqqı bir müddətlik dayandırılmalı, kommunal xidmətlərlə bağlı güzəştlər təmin olunmalı, xroniki xəstələrə özəl yanaşılımalıdır. Hətta biz Borçalıya, Dərbəndə, Güney Azərbaycana koronavirusla bağlı yardım göstərməliyik.

- Maska taxılıb-taxılmaması istiqamətində müzakirələr hələ də davam edir. Belə hesab olunur ki, maska insanı koronavirusdan qorumur, sadəcə xəstəliyin kütləvi yayılmasının qarşısını alır. Bəs Siz necə hesab edirsiniz?

- Maskadan istifadə olunmayanda yaxın məsafədə bir xəstədən gələn virus sənin ağız və burun boşlğuna daxil olur, bir də var maska ilə infeksiyanın qarşısını alırsan. Heç kim maskanı gözdən sala bilməz. Həkim kimi 40 ilə yaxındır maska taxıram. Maska qoruyucu vasitə olsa da, xəstəliyi sağaldan vasitə deyil, bunu da bilməliyik. Maskadan istifadə edib küçədə kef eləmək də olmaz. Maska taxmalısan ki, təmasda olduğun virus daşıyıcısından yoluxma imkanın olmasın. Küçədə öpüşmə vərdişinin də tərgidiləcəyinə ümid edirəm. Əski türklər əllərini ürəyinin üstünə qoyub baş əyirdi, bəlkə bizim salamlaşma ənənəsini o əvəz edə. Gələcəkdə itmiş dəyərlərin yenidən özünə qayıtması baxımından koronavirusun bir faydası da bu ola bilər.

- Postkoronavirus dövrü necə olacaq? Dünyanın düzəni necə dəyişəcək, narahatlıq doğuran vaksin tapılacaqmı?

- Koronavirus naqislikləri üzə çıxara bildi. Dövlətlərin əlaqələrində, çağdaş iqtisadi münasibətlərdə qüsurlar aşkarlandı. Azərbaycanda da dəyişiklik şübhəsizdir, siyasət, iqtisadiyyat sosial yönümlü olacaq. Dünya düzənində də yeni formatlar ortaya çıxa bilər. Mövcud qütblərin, sərhədlərin gələcək taleyi, Avropanın tətbiq elədiyi Şengen modelinin genişləndirilməsi və ya daralması kimi məsələlər gündəmə gələcək. Vaksinin tapılmasına gəlincə, müasir elm planetlərdə yuva salır, əstəğfurullah, bir qalıb Allahın yanına getsinlər, elm pik nöqtəsindədir, sivilizasiyanın yüksək mərhələsini yaşayırıq. Bir virusun vaksininin tapılmaması absurddur. Bu virus xəstəliklərinin də bir dövrü var, yayıla bilər, birdən də tədricən çəkilə bilər. O da mayın axırına qədər çəkə bilər. Bunun 3 aylıq inkubasiya dövrüdür, sonra isə eniş dövrü başlanmalıdır. Bu vaxta qədər virusologiya ilə bağlı əldə etdiyimiz məlumatlar bunu deməyə əsas verir. Elm, insan beyni bir virusun əlində aciz qalacaqsa, bəşəriyyət dağıla bilər. Elm o səviyyədədir ki, hökmən vaksini tapacaq. Artıq İsraildən, Yaponiyadan, ABŞ-dan bu barədə pozitiv notlar var. Türkiyənin özü iddialı çıxış edir. Mənə elə gəlir, mövcud situasiyadan istifadə edib Azərbaycan aliminin mərtəbəsini yüksəltmək lazımdır. Azərbaycan tibb alimlərinin fəaliyyəti görünmür, onların beyinlərindən istifadə etmək lazımdır. Alimlərimizə doğru yanaşılsa, yerləri dəqiq müəyyənləşsə, - genetikamız da, zehniyyətimiz də güclüdür, - bəlkə də vaksini bizim alimlər tapa bilər.


Müəllif: Nərgiz