Hələ ötən ilin yayında Azərbaycanın yaxın vaxtlarda Rusiyadan Su-35 və MiQ-35 qırıcı təyyarələri alacağını bildirmişdim. Azərbaycan və Rusiya arasında əsasən, ölkədaxili müəyyən mövzular ətrafında müzakirələrin uzanması iki ölkə arasında növbəti hərbi müqavilənin imzalanmasını ertələyirdi. Lakin indi bunun üçün heç bir sədd yoxdur. Hər iki tərəf bu alqı-satqıda maraqlıdır.
Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan tərəfinin Türkiyə, Pakistan, İsrail, Belarus və Rusiyadan aldığı ən müasir hərbi texnika Ermənistanı narahat etməkdədir:
“Belə ki, Ermənistan mediası iki gündür Rusiya rəhbərliyinin Su-35 və MiQ-35 qırıcı təyyarələrinin Azərbaycana satılacağı niyyətini kəskin tənqid edir. Hətta tənqid etməklə də kifayətlənmir, Rusiyanı satqın adlandıraraq təhqirlərə yol verirlər”.
Z.Məmmədov bildirib ki, ötən ilin dekabrında Rusiya SU-30 qırıcılarının birinci partiyası Ermənistana təhvil verilib:
“Bundan sevinən ermənilər Su-30 qırıcılarını havada hərbi-siyasi tarazlığı qorumaq baxımından erməni tərəfinin üstünlüyünün qarantı kimi qiymətləndirirdilər. Hərçənd ki, reallıq tam tərsinə idi. Hazırda bu qırıcıların ikinci partiyasının Ermənistana göndərilməsi gözlənilir”.
Politoloq əlavə edib ki, 2021-ci il Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklərin olacağı il kimi yadda qala bilər. Belə ki, ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri 2021-ci ildə bölgədəki proseslər üçün önəmli faktor olacaq:
“Bildiyiniz kimi dünya yeni siyasi və iqtisadi epoxaya qədəm qoyur. Dünya gücləri, bizim gözlə görmədiyimiz qlobal qruplar arasında bütün bölgələr uğrunda mübarizə gedir. İstər bu aspekti, istərsə də Rusiya və ABŞ arasında dünyanın nüfuz dairələrinə bölüşdürülməsini nəzərə alaraq biz növbəti hədəfin təbii ki, Cənubi Qafqaz olacağını bilirik. Artıq ermənilər tərəfindən Cənubi Qafqazda atəşkəsin tez-tez pozulması və eyni zamanda bir sıra provokasiyalar onu göstərir ki, nə qədər parodoksal səslənsə də, bölgədə ermənilərin əli ilə Rusiyaya qarşı mübarizənin başlayacağının şahidi olacağıq”.
Z.Məmmədov hazırda baş verən prosesləri SSRİ-nin dağılması ərəfəsindəki vəziyyətə bənzədib:
“30-33 il bundan əvvəl rusların özlərinin əli və ermənilərin köməyi ilə SSRİ-nin dağılması prosesi necə baş vermişdisə, indi də biz Rusiyaya qarşı elə Rusiyadakı bəzi qüvvələrin və Qərb ölkələrinin, Qərbdəki ayrı-ayrı qrupların birgə davranışını müşahidə etməkdəyik”.
Qeyd edək ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Azərbaycan nümayəndə heyəti Rusiyanın Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən hərbi zavodlara baş çəkiblər. “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə ölkəmizin Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib. Azərbaycan nümayəndə heyətinə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti, silahlanması, ümumilikdə aviasiya vasitələrinin istehsalı, istismarı və onlara texniki xidmət göstərilməsi barədə məlumat verilib. Rusiya tərəfi Azərbaycana HHQ-yə lazımi döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduğunu bildirib.
Azərbaycanlı pilotlar Rusiyanın hərbi aviabazalarında MiQ-35 təyyarəsində praktiki uçuşlar yerinə yetiriblər.
Xatırladaq ki, hazırda Azərbaycan HHQ-nin silahlanmasında Rusiyanın MiQ-25 və MiQ-29, həmçinin Su-25 və Su-24 təyyarələri var.