Teleqraf.com saytının suallarını Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazov cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
– Eldar müəllim, yeni növ koronavirus infeksiyası – COVID-19 bütün dünyanı cənginə alıb. Virus dünya ölkələrində ciddi insan itkiləri, həmçinin iqtisadi və maliyyə itkiləri ilə müşayiət olunur. Əksər sahələr koronavirusun təsirlərinə məruz qalıb. Sizin baş verənlərə yanaşmanız nədən ibarətdir?
– Hesab edirəm ki, pandemiya bütövlükdə dünyada pik nöqtəsinə çatmayıb. Düzdür, bəzi ölkələrdə pik nöqtəni keçib. Məsələn, pandemiyanın yayıldığı Çində pik nöqtə geridə qalıb. Ancaq dünyanın əsas ölkələrində pik nöqtə hələ qabaqdadır. Ona görə də bu prosesə indidən hansısa qiymət vermək bir qədər çətindir. Ancaq bir şey aydındır. XXI əsrdə bu altıncı epidemiyadır ki, biz görürük. Yəni, 2000-ci illərin əvvəllərindən 5 epidemiya artıq olub. Onun ikisi Çində başlayıb. Biri Səudiyyə Ərəbistanında, biri Meksikada, biri isə Afrikada meydana çıxıb. Söhbət atipik pnevmoniyadan, quş qripindən, donuz qripindən, ebola virusunun yaratdığı epidemiyadan və Yaxın Şərq sindromu adlandırılan epidemiyadan gedir. 2000-ci ildən başlayaraq son 20 ildə bu artıq altıncı epidemiyadır.
Elə epidemiyalar var ki, bundan daha təhlükəli idi. Bəzilərində ölüm faizi 30, bəzilərində 50 faiz təşkil edirdi. Ancaq onlar çox sürətlə yayılmadılar. Yəni dünyada yoluxanların sayı minlərlə ölçülürdü, elə epidemiya olurdu, on min adam yoluxurdu, elə epidemiya olurdu ki, 40 min adam yoluxurdu. Ən böyük epidemiyada 400 min adam yoluxmuşdu. Amma indiki koronavirus epidemiyası onlardan fərqli olaraq, çox sürətlə yayılır və demək olar ki, artıq yoluxanların sayı başqa epidemiyalara nisbətdə 3-4 dəfə çoxdur. Bu proses hələ davam edir. Burada hətta mən deyərdim statistikaya da o qədər inanmaq olmur. Xüsusilə bəzi ölkələrdə.
Biz bilirik ki, Qərb ölkələrində, məsələn Fransada, İtaliyada, İspaniyada, ABŞ-da statistika hər şeyi dəqiq göstərir. Amma elə ölkələr var ki, onlarda statistika ilə manipulyasiya etmək halları bir ənənəyə çevrilib. Məsələn, bu günlərdə Rusiyanın Səhiyyə naziri elan etdi ki, onlar yeni test hazırlayıblar. Rusiyada istehsal edilən bu test ilk yoxlamada təsadüfən seçilən 200 adam üzərində keçirilib. Məlum olub ki, təsadüfən seçilən bu 200 nəfərdən 11 nəfəri koronairusa yoluxub. 200 adamdan 11 nəfəri təqribən 5 faiz deməkdir. Rusiyanın da əhalisi 140 milyondan artıqdır. Nazirin sözlərindən belə çıxır ki, hazırda Rusiyada potensial olaraq 7 milyona yaxın virusa yoluxan adam ola bilər. Amma statistikada bu göstərilmir. Ona görə də ki, testlər hələ geniş yayılmayıb. Əhalinin hələ çox az hissəsi bu testlərdən keçirilib.
Yəni dünyada koronavirusla bağlı gedən proseslərə qiymət verərkən, nəzərə almaq lazımdır ki, hələ statistik materiallar reallığı tam əks etdirmir. Bircə şey aydındır ki, bu virus yəqin ki, yay aylarına kimi davam edəcək. İsti aylarda, yay aylarında ola bilsin ki, bu səngisin. Ancaq yəqin ki, böyük ehtimalla onun ikinci dalğası yenə də ilin sonunda, qışda başlaya bilər. O vaxtadək alimlər buna qarşı vaksini istehsal edə bilsələr, onda ikinci dalğaya biz daha hazırlıqlı olarıq və vaksinasiya prosesini vaxtında həyata keçirə bilsək, ikinci dalğaya insanlar daha hazır ola bilrlər.
– Koronavirus bütün dünyada insanların, o cümlədən dövlətlərin planlarını alt-üst edib. Ən müxtəlif sahələri əhatə edən tədbirlər, idman yarışları, hətta bu ilin yayında Tokioda keçirilməli olan Yay Olimpiya Oyunları təxirə salınıb. Hətta məlumata görə, dünya iqtisadiyyatı 5 trilyon dollar itirəcək. Bu baxımdan indi dünyanın gözü postkorona dövrünə dikilib. Postkorona dövrü necə olacaq?
– Bilirsiniz, bu, indi çox ciddi müzakirə olunan mövzulardandır. Ancaq mən sizə deyə bilərəm ki, bu müzakirələr hələ bir neçə il bundan əvvəl başlayıb. Ona görə ki, belə bir böyük pandemiyanın baş verməsi gözlənilən bir hal idi.
Birincisi, mən söhbətin əvvəlində də dedim, XXI əsrin son 20 ilində bu, altıncı epidemiyadır. Yəni, bu ildən ilə daha da güclənın xətt üzrə gedirdi və hiss olunurdu ki, epidemiyaların sayı artır. Daha böyük, daha ciddi pandemiyalar qabaqda ola bilər. Hətta, 2009-cu ildə Hollivudda “Yoluxma” adlı film çəkilib. Həmin filmin ssenarisinin yazılmasında ABŞ-da çox tanınmış alim, virusoloq da iştirak edib. Onu bu prosesə ekspert kimi cəlb etmişdilər. O filmdə bu gün baş verən hadisələrin demək olar ki, 90 faizi öz əksini tapıb. Yəni həmin alim-virusoloq o filmin ssenarisinə öz məsləhətlərini verəndə bu gün baş verən prosesləri demək olar ki, tam əks etdirmişdi.
Məşhur olan, hazırda müzakirə olunan bir hal da milyarder Bill Qeytslə bağlıdır. O da təqribən 5 il bundan əvvəl elan etmişdi ki, üçüncü dünya müharibəsi yəqin dövlətlərarası olmayacaq. Bəşəriyətlə virus arasında olacaq. Ona görə ki, çox ciddi epidemiyalar, pandemiyalar qabaqda ola bilər və bu sahədə çalışan fondlara, alimlərə də böyük miqdarda pul da ayırmışdı. Hətta keçən ilin sonlarında – pandemiyanın başlamasına bir ay qalmış Con Hopkins Universitetində Bill Qeytsin təşəbbüsü ilə bir modulyasiya oyunu keçirilmişdi ki, belə bir pandemiya necə başlaya, necə təsir edə bilər. Həmin o modulyasiyaya görə orada hətta 60 milyona yaxın insan da tələf ola bilərdi. Həmçinin, dünya iqtisadiyyatı – qlobal iqtisadiyyat da çökə bilərdi. Yəni demək istəyirəm, bu məsələ çox ciddi müzakirə olunur. Neçə illər ərzində bununla bağlı proqnozlar verilirdi. İndi də bu hadisə baş verdi və sübut etdi ki, həmin o narahatlıqlar, həmin o proqnozlar boş yerə deyilmiş. Həqiqətən də biz bu prosesi izləyəndə, bunun gələcəyini proqnozlaşdıranda görürük ki, dünya iqtisadiyyatına da çox böyük zərbə dəyəcək, qlobal siyasətdə böyük dəyişikliklər ola biləcək. Bəzi dəyişiklikləri indidən hiss etmək olar.
– Hansı dəyişiklikləri indidən hiss etmək olar?
– Məsələn, çoxdandır söhbət gedirdi ki, Birləşmiş Millətlər Təşkilatı dünyanın ən böyük universal təşkilatı kimi öz funksiyasını yerinə yetirə, konfliktlərin həllində mühüm rol oynaya bilmir. Birləşmiş Millətlər Təşkilatının qərarları yerinə yetirilmir. Ona görə ki, bu təşkilat ümumiyyətlə, dünyada mövcud olan balansı əks etdirmir. Birləşmiş Millətlər Təşkilatı keçən əsrin 50-ci illərinə dünya siyasətinin balansını əks etdirir. Ancaq Almaniya, Braziliya, Hindistan kimi hazırda dünyada aparıcı rol oynayan ölkələr Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü deyillər. Bu pandemiya başlayandan bəri biz görürük ki, BMT haqqında deyilən bütün tənqidi sözlər özünü doğruldur.
Demək olar ki, dünyanın aparıcı təşkilatı dünyaya meydan oxuyan bu pandemiya ilə mübarizədə heç bir rol oynaya bilmədi. Heç bir işləri koordinasiya edə bilmədi. Dövlətlərin işini koordinasiya edə bilmədi. Əksinə, bu funksiyanı “Böyük iyirmilik” (G-20) deyilən format öz üzərinə götürdü. “Böyük iyirmilik” bu məsələlər ətrafında artıq bir müddətdir ki, müzakirələr aparır. Həm neftin dünya bazarında qiymətinin aşağı düşməsi, həm də koronavirusla mübarizə sahəsində təşəbbüsü ələ götürüb. Ona görə ki, “Böyük iyirmilik” dünyada mövcud olan geopolitik balanası daha düzgün əks etdirir və daha çevik hərəkət edir.
Biz artıq görürük ki, postkorona dövründə ya BMT-nin strukturunda ciddi islahatlar olmalı, ya da onun dünya siyasətində rolu daha da azalacaq və onun yerini başqa formatlar, başqa qurumlar tutacaqlar. Qlobal siyasətdə bu cür dəyişikliklər gözəniləndir. O cümldən regional səviyyədə də müxtəlif reional dövlətlərin liderlik ambisiyaları hazırda sınaqdan keçir.
Məsələn, Türkiyənin bu yaxınlarda Suriyada yeni hərbi texnologiyalarla əməliyyat keçirməsi, dünya tarixində ilk dəfə olaraq “dronlar müharibəsi”ni böyük uğurla reallaşdırması Türkiyəyə bütün dünyada çox böyük rəğbət qazandırdı. Son dövrlərdə də Türkiyə koronavirusla mübarizədə çox fəal iştirk edir. Türk alimlərinin bununla bağlı əldə etdikləri uğurlar var. Türkiyə iqtisadiyyatı da bu zərbəni digər ölkələrdən yaxşı dəf edir. Yəni, bütün bunlar onu göstərir ki, Türkiyənin regional lider ambisiyaları özünü doğruldur və o bu sınaqdan yəqin ki, uğurla çıxacaq.
Ancaq digər ölkələr var ki, onların həm iqtisadi sisteminin, həm də dövlət qurumlarının bu pandemiya sınağından uğurla çıxacağı çox böyük şübhə altındadır. Ona görə də bu postkorona dövrü həqiqətən də fərqli olacaq. Həm qlobal siyasətdə, həm regional güclərin balansında çox ciddi dəyişikliklər baş verəcək.
– Koronavirus bir sıra mənfi tendensiyalarla yanaşı, dünyada nefin qiymətinin kəskin ucuzlaşması ilə də müşayiət olunur. Bu baxımdan ixracının böyük hissəsini neft və neft məhsulları təşkil edən ölkələr, o cümlədən ölkəmiz daha böyük ziyanla üzləşiblər. Bu istiqamətdə də fikirləriniz maraqlı olardı...
– Bəli, neft hasil edən ölkələr üçün baş verənlər ayrıca bir sınaqdır. Ona görə ki, dünya iqtisadiyyatına vurulan zərbələrdən biri də neftin qiyməti ilə bağlıdır. Postneft əsri gözlənilirdi, ancaq bu təqribən 15-20 ildən sonraya gözlənilirdi. Bunu onunla bağlayırdılar ki, dünya bazarında satılan neftin 50 faizi nəqliyyat üçün yanacaq kimi istifadə olunur və artıq bir çox aparıcı ölkələrdə dövlət proqramları qəbul olunub ki, 2035-2040-cı illərdə artıq həmin ölkələrdə benzinlə işləyən avtomobillərin satışı qadağan olunacaq. Yalnız elektromobillər istifadə olunacaq. Ona görə gözlənilirdi ki, 2035-2040-cı illərdə artıq postneft dövrü başlayacaq. Ona görə ki, tələbat azalan kimi neftinqiyməti 10-20 dollar arasında olacağı proqnozlaşdırılırdı.
Amma indi koronavirusla bağlı dünya iqtisadiyyatına dəyən zərbə, eyni zamanda Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft qiymətləri ətrafında başlanan bu savaş neftin qiymətlərini çox kəskin aşağı saldı. Ona görə də neft hasilatı ilə məğul olan ölkələr, o cümlədən Azərbaycan üçün bu əlavə bir sınaqdır və iqtisadiyyatımızı postneft mərhələsinə hazırlamaq üçün bizim daha əvvəlkitək artıq vaxt limitimiz yoxdur. Söhbət 5-10 ildən getmir. Çox qısa müddətdə, bir neçə ilin ərzində Azərbaycan iqtisadiyyatında çox ciddi struktur dəyişiklikləri həyata keçirək lazımdır ki, ölkəmizin neftdən asılılığına son qoyulsun.
– Neftin qiymətinin kəskin ucuzlaşması ilə koronavirusun yayılması arasında birbaşa bağlılıq varmı?
– Var. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi iki amillə bağlı oldu. Burada birincisi koronavirisun vurduğu zərbədir ki, dünya iqtisadiyyatının inkişafı dayanıb, neftə tələbat azalıb. Ona görə də qiymətlər aşağı düşüb. Digər tərəfdən, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında gedən bu savaş da öz rolnu oynadı. Sanki hər bir ölkə netin qiymətləri ətrafında yarışa çıxdı ki, hansı ölkə ən aşağı qiymətlərə tab gətirə, hansı ölkə dağıla bilər. Bax, bu savaş da koronavirus amili ilə üst-üstə düşdü. İki amil bir yerdə bu effekti yaratdılar.