15 Aprel 2020 16:07
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə dövlət səviyyəsində görülən qabaqlayıcı tədbirlər koronavirus pandemiyasından maksimum az itkilərlə çıxmağımız üçün zəmin yaratdı”.

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər haqda Teleqraf.com-a danışan “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə belə deyib.

Baş redaktor bildirib ki, koronavirus pandemiyasının Azərbaycanda görünməsindən sonra dövlət başçısı tərəfindən aidiyyəti qurumlara ciddi tapşırıqların verilməsi, hər kəsin bu mübarizəyə cəlb olunması, Operativ Qərargahın yaradılması, fondun qurulması və digər qabaqlayıcı tədbirlər virusun yayılmasının qarşısının alınmasında önəmli rol oynadı, oynayır:

“Hesab edirəm ki, bu gün Azərbaycan koronavirus pandemiyasına qarşı sistemli və düzənli mübarizə aparan ən nümunəvi ölkələrdən biridir. Bu günədək görülən qabaqlayıcı tədbirlər bu infeksiyanın daha geniş areala yayılmasının qarşısını vaxtında aldı. Artıq bir neçə gündür hamımız görürük ki, sağalaraq evə buraxılanların sayı yoluxanların sayından daha çoxdur. Hesab edirəm ki, bu, Azərbaycanda görülmüş uğurlu işlərin nəticəsidir.

Ümumiyyətlə, Azərbaycan dövləti həm ölkəyə, həm də ölkə daxilində bölgələr üzrə giriş-çıxışın vaxtında məhdudlaşdırılması, Bakı şəhərində karantin rejiminin tətbiq olunması və bütövlükdə bu rejimə ciddi şəkildə riayət edilməsi ilə bağlı tədbirlərin görülməsi pandemiyanın genişlənməsinin qarşısını aldı. Habelə yayılmamasına böyük zəmin yaratdı. Təxminən 1000 nəfər insan bu virusa yoluxdu, bu insanların da əksəriyyəti sağalaraq evlərinə buraxılıb, bir hissəsi də ciddi müalicə alır”.

Vüqar Rəhimzadənin sözlərinə görə, cənab prezidentin qarşısına qoyduğu məqsəd və hədəf budur ki, ən az itkilərlə bu vəziyyətdən çıxaq:

“Bu istiqamətdə prezidentin təşəbbüsü ilə aztəminatlı ailələrə, habelə sahibkarlara yardımlarla bağlı lazımi tədbirlər görülür. Digər məsələlərlə bağlı da böyük layihələr reallaşdırıldı ki, bunlar da ölkədə yaşayan hər bir insanın bu dövr ərzində qayğılardan azad olması ilə bağlı tədbirləri əhatə edir. Kimsə bu tədbirlərdən kənara qalmadı, qalmır. İndi də bu layihələr uğurla davam etdirilir.

Hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə koronavirus pandemiyasının qarşısının alınması üçün uğurlu qabaqlayıcı tədbirlər gördü. Nəticədə infeksiya ölkəmizdə daha geniş əraziləri əhatə etmədi. Halbuki Avropa ölkələrində, ən inkişaf etmiş ölkələrdə nə qədər itkilərə məruz qaldılar. Bu, vaxtında verilməmiş qərarların, vaxtında atılmamış addımların nəticəsidir. Yenə də qeyd edirəm ki, Azərbaycan vaxtında gördüyü qabaqlayıcı tədbirlər nəticəsində maksimum az itkilərlə bunun qarşısının alınmasına nail oldu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər