Əvvəlki çıxışlarımda da deputatların statusu haqqında fikrimi bildirmişəm. Amma yenə demək istəyirəm ki, qanun nə qədər yaxşı olsa da, onun həyata keçirilməsində müəyyən problemlər var.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.
R.Nurullayevin sözlərinə görə, bəzi fikirlər var ki deputatlar onu səsləndirməyə çətinlik çəkir:
“Ona görə də o təklifləri sizə yazılı formada təqdim edirlər. Mən bu platformada öz fikirlərimi, tənqidlərimi deyə bilirəm. Hesab edirəm ki, mübarizə meydanlardan yığılmalıdır və sivil formaya çıxmalıdır. Mən burada bitərəf kimi təmsil olunuram, amma mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədriyəm. Bu ada Əli Kərimli də iddia edir. Koronavirus, neftin ucuzlaşdığı bir vaxtda insanları narazı salmaq radikal qüvvələrin işinə yarayır. Hesab edirəm ki, o insanların narazılıqları aradan qaldırılmalıdır”.
R.Nurullayev dövlətin nəzərdə tutduğu yardımların hamıya şamil edilməli olduğunu deyib: “Hər bölgədə bələdiyyələr, icra orqanları var. Yoxsulların siyahısını onlar qısa zamanda hazırlaya bilərlər və o kəsim yardımlarını tez bir vaxta ala bilər. Hesab edirəm ki, hakimiyyət bu məsələni həll etməlidir”.