17 Aprel 2020 22:15
2 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını Yeni Zaman Partiyasının sədri Musa Ağayev cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Müsa müəllim, istərdik əvvələcə Yeni Zaman Partiyasının nə vaxt yaradıldığı barədə oxuculara bir qədər məlumat verəsiniz...

– Yeni Zaman Partiyası 2007-ci ildə təsis olunub. 2007-ci ildən qeydiyyat üçün sənədlərimizi Ədliyyə Nazirliyinə təqdim etmişdik. Aprelin 15-də qeydiyyatdan keçdik və dünən bizə şəhadətnaməni təqdim etdilər. Düzdür, o vaxtdan 13 il keçib. Amma əsas nəticədir və biz nəticədən razıyıq. Təşəkkür edirik ki, nəhayət, aidiyyatı qurumlar qeydiyyat məsələsini həll etdilər.

– Üstündən 13 il vaxt keçib. Bu, kifayət qədər uzun zamandır. Sizcə, partiyanız niyə bu qədər gec qeydə alındı? Səbəb nə idi? Yəqin ki, əvvəllər qeydiyyatın niyə bu qədər yubanması qədər sual verirdiniz və sizə hansısa cavab verilirdi. Bu cavab nədən ibarət olurdu?

– Bəli, bizə cavab verirdilər. Amma mən o tarixlərə bir də qayıtmaq istəməzdim. Əsas etibarilə nəticədir və biz nəticəyə nail olduq, qeydiyyat məsələsi həll olundu. Bir də istəmirəm ki, o vəziyyətə qayıdaq. Əlbəttə, subyektiv amillər, hansısa əngələr var idi. Amma əsas məsələ nəticədir. Və nəticə etibarilə 13 il vaxt keçməsinə baxmayaraq, məsələ müsbət həll olundu.

Amma biz ötən 13 il müddətində də müəyyən işlər görürdük, müəyyən təşkilatlanma işləri aparırdıq. Mütəmadi olaraq ölkədə gedən proseslərə, yaxud bizə birbaşa aid olan beynəlxalq məsələlərə öz münasibətimizi bildirirdik.

– Qeyd etdiniz ki, bu müdət ərzində müəyyən təşkilatlanma işləri aparırdınız. İstərdim bir qədər partiyanız haqqında məlumat verəsiniz. Neçə rayonda təşkilatınız var? Üzvlərinizin sayı nə qədərdir?

– Bizim üzvlərimizin sayı təxminən 11 min nəfərdir. Partiyanın ərazi ilk təşkilatları Bakı şəhərinin rayonları da daxil olmaqla hələlik ölkənin 28 rayonunda mövcuddur. Hesab edirəm ki, qeydiyyat məsələsi müsbət həll olunduğu üçün biz postkoronavirus dövründə digər rayonlarda da ərazi ilk təşkilatlarımızı formalaşdırmağa nail olacağıq.

Partiyanın üzvlərinin sayına gəldikdə isə mən hesab etmirəm ki, partiyanın üzvlərinin sayının yüz minlərlə olması hər şeyi həll edir. Hesab edirəm ki, partiyanın tərəfdarlarının sayı çox olmalıdır. Partiyanın proqramı və onun insanlara çatdırılması o şəkildə olmalıdır ki, doğrudan da insanlarda böyük bir həvəs, ruh, ümid yaransın. İnsanlar bilməlidirlər ki, biz partiya olaraq nələri edə, nələri həyata keçirə bilərik və bunun mexanizmləri nədən ibarətdir. Təkcə proqram yox, o proqramın həyata keçirilməsi mexanizmləri dəqiq olmalıdır. Bu, insanlara, vətəndaşlara çatdırılmalıdır. Mən hesab edirəm ki, inşallah, biz buna nail olacağıq.

– Qarşıdakı dövrdə partiyanın əsas hədəfləri nədən ibarətdir?

– Partiyanın əsas hədəfləri az öncə qeyd etdiyim kimi, təşkilatlanma, mövcud proqramımızın təkmilləşdirilməsi və əlbəttə, postkoronavirus dövrünə hazırlıqdan ibarətdir. Ümumiyyətlə, hədəflərimiz ölkədə demokratiyanın inkişafına töhfə vermək, ölkədə iqtidar-müxalifət dialoqunu dəstəkləməkdir. Bu, həmişə vacib olub. İndi isə ölkəmiz əvvəlki problemlərlə yanaşı yeni çağırışlarla da qarşı-qarşıyadır. Bizim cəmi 29 illik müstəqillik tariximiz var. Ən böyük problemimiz ölkəmizin ərazi bütövlüyünü təmin etmək, işğal olunmuş əraziləri düşmən tapdağından azad etməkdir. Mən hesab edirəm ki, ümummilli, dövlət üçün taleyüklü məsələlərdə birlik lazımdır. Biz də çalışacağıq ki, bu birliyə öz töhfəmizi verək.
Bundan başqa siyasi partiyaların əsas hədəflərindən biri ölkədə keçirilən seçkilərdə iştirak etməkdir. Ötən ilin sonunda bələdiyyə, bu ilin fevralında parlament seçkiləri keçirilib. Bu baxımdan seçkilər artıq arxada qalıb. Biz çalışacağıq ki, qarşıdan gələn seçkilərə daha mütəşəkkil, daha yaxşı hazırlaşaq.

– Son dövrlərdə ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılması prosesi gedir. Özünüz də də yəqin ki bunun şahidisiniz. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Bu məqamları Prezident İlham Əliyev də öz çıxışlarında bir neçə dəfə bildirib. Eyni zamanda ötən ilin sonlarına Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Sizin bu proseslərlə bağlı fikirləriniz nədən ibarətdir?

– Biz siyasi partiya olaraq bu cür siyasi konfirasiyanın formalaşdırılmasını, ümumiyyətlə ölkədə həyata keçirilən siyasi, iqtisadi və məhkəmə-hüquq islahatlarının tam tərəfdarıyıq. Hesab edirik ki, bu, ölkə üçün, xalq və dövlət üçün ən yüksək əhəmiyyətə malikdir. İstər kadr islahatlarıı, istərsə də iqtisadi, siayasi, sosial kadr islahatları daha yüksək templə gedəcək. İslahatlar dayanmayan bir prosesdir. Hər dövrün özünün tələb etdiyi islahatlar var. Hesab edirəm ki, başlanan bu islahatlar davamlı olacaq. Bu, ümumilikdə xalqa, dövlətə, Vətənə xeyir verəcək.

Ümumiyyətlə, ölkədə aparılan iqtidar-müxalifət dialoqu çox vacibdir. Elə bir məqamdır ki, ölkədə, dünyada gedən prosesləri nəzərə almaq lazımdır. Dünyanın belə deyək, yenidən bölüşdürülməsi uğrunda mübarizə gedir. Dünyada ümumi bir bəla – pandemiya var. Çox güman ki, bununla da bitməyəcək, başqa proseslər olacaq. Dünya iqtisadiyyatı tənəzzülə doğru gedir. Digər tərəfdən, neftin dünya bazarında qiyməti aşağı düşür. Bu proseslərin nə vaxt yekunlaşacağı məlum deyil. Bu, böyük dövlətlərin apardığı siyasətin nəticəsində məlum olacaq. Hesab edirəm ki, ölkənin demokratik inkişafını nəzərə alaraq, bütün bu islahatlar, həmçinin Azərbaycanda başlanan iqtidar-müxalifət dialoqu çox vacibdir. Əlbəttə, bütün strukturlarda aparılan kadr islahatları da çox müsbət nəticələr verəcək.

– Dünən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli də bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən yeni siyasi partiyaların qeydiyyata alınması ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürüdür...

– Bəli, mən də hesab edirəm ki, aprelin 15-də partiyamızın və digər bir partiyanın qeydə alınması ölkədə yeni siyasi konfiqurasiyanın, yeni siyasi münasibətlər sisteminin təzahürüdür. Hesab edirəm ki, bu, davamlı olmalıdır. Proses təkcə qeydə alınmaqla yekunlaşmamalıdır, ümumiyyətlə iqtidar-müxalifət birgə proqramlar ortaya qoymalıdır. Gələcəkdə birgə dəyirmi masaların keçirilməsi, müxalifət partiyalarının da konstruktiv fikirlərinin nəzərə alınması çox vacidir.

– Partiyaların fəaliyyəti həm də qərargahın mövcudluğundan asılıdır. Sizdə bununla bağlı vəziyyət necədir?

– Yeni Zaman Partiyasının qərargahı yoxdur. Bizim qərargahımız özümüzün qeydiyyat ünvanımızdır, amma hesab edirəm ki, gələcəkdə bu məsələlər müsbət həll oluna bilər.

– Partiyanızın ideologiyası, Azərbaycanın gələcəyi ilə bağlı baxışlarınız nədən ibarətdir? Hansı siyasi sistemə inteqrasiyanı məqbul hesab edirsiniz? Məsələn, Avroatlantik strukturlar, yaxud Rusiya ilə münasibətlərin daha da yaxşılaşdırlması, Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyinə inteqrasiyanın tərəfdarısınız?

– Ümumiyyətlə, biz bütün dövlətlərlə ikitərəfli münasibətlərin tərəfdarıyıq. Amma əlbəttə, ölkənin maraqları bizim üçün əsasdır. Rusiya Azərbaycanın qonşusu olan və dünyada iki ən güclü dövlətdən biridir. Rusiya ilə münasibətlərin yaxşı səviyyədə olması Azərbaycanın xeyrinədir. Hesab edirəm ki, Azərbaycan müstəqil, suveren ölkə kimi Rusiya ilə də əlaqələri yüksək səviyyədə qurmalıdır. Bilirsiniz ki, bizim ən böyük diasporumuz Rusiyadadır. Rusiyada çoxmilyonlu azərbaycanlılar yaşayır. Bizim Rusiya ilə iqtisadi əlaqələrimiz daha güclüdür. Bilirsiniz ki, neft və qaz sektoru istisna olmaqla qeyri-neft sektorunun inkişafı istiqamətində əsas əlaqələrimiz Rusiya ilədir. Bundan başqa biz Avropa ölkələri, bütün Qərb ölkələri, eləcə də Ermənistanı çıxmaq şərtilə qonşu dövlətlərin hamısı ilə ikitərəfli iqtisadi, siyasi və sair sahələrdə münasibətlərin tərəfdarıyıq. Amma biz bir partiya olaraq hansısa hərbi bloka daxil olmağın əleyhinəyik. Hesab edirik ki, Azərbaycan imkan daxilində müstəqilliyini, suverenliyini qorumaq üçün NATO başda olmaqla heç bir bloka üzv olmamalıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər