Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri humanist addım hesab edirəm. Ancaq bir məqamı da səsləndirməyi özümə borc bilirəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Rəşad Mahmudov Cinayət Məcəlləsinə edilən dəyişikliklər haqqında çıxışı zamanı deyib.
Deputat xatırladıb ki, ölkədə həkimlərin sağlamlığı və təhlükəsizliyinin qorunması üçün əvvəllər də Cinayət Məcəlləsinə təklifləri olub:
“Bu gün məsələ aktual olaraq qarşımıza çıxır. Əlbəttə, biz dünyada və ölkəmizdə bu gün pandemiyaya qarşı mübarizə aparan həkimlərin fəaliyyətini yüksək qiymətləndirirk. Ötən toplantıda cənab sədrin təklifi ilə biz tibb işçilərini ayaq üstə alqışladıq. Cənab prezidentin səhiyyə işçilərinin əmək haqlarının 5 dəfə artırılması haqda qərarı tibbi işçiləri tərəfindən müsbət hadisə kimi qarşılandı. Təklif edirəm ki, xidmət və peşəkar fəaliyyəti zamanı tibbi işçilərinə zor tətbiqi, hədələmə kimi hallar Cinayət Məcəlləsində öz əksini tapsın. Bunun üçün hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsi maddəsini tibb işçilərini də aid edə bilərik. Nəzərə alaq ki, səhiyyə işçiləri gecə saat 3 və ya 4-də xəstə yanına getməli olur, bəzən tibb işçilərinin nə ilə qarşılaşa biləcəyi reallığını qəbul etməliyik”.