18 Aprel 2020 14:02
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heç də bütün ölkələrin rəhbərləri öz xalqı üçün bu qədər fədakarlıq etmir".

“Məlum qərarlar təkcə Azərbaycan dövlətinin sosial mahiyyəti deyil, bu, birbaşa Prezidentin xalqa münasibətinin göstəricisidir”.

“Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.

Prezident bildirib ki, bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur: “Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bunu dəfələrlə, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”.

Ölkəmizdə koronavirusla mübarizə tədbirlərinin uğurla davam etdirildiyini vurğulayan “Teleqraf Holdinq”in baş direktoru Aynur Camalqızı bu sahədə atılan bütün addımların təqdirəlayiq olduğunu deyib. Holdinq rəhbəri “Sherg.az”a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin koronavirus pandemiyasına görə 190 manat müavinət alan işsiz insanların sayını 200 min nəfərdən 600 min nəfərədək artırılması ilə bağlı qərarı təkcə Azərbaycan dövlətinin sosial mahiyyəti deyil, bu, birbaşa Prezidentin xalqa münasibətinin göstəricisidir:

“Azərbaycanın koronavirus pandemiyasının əhaliyə və iqtisadiyyata vurduğu zərərlərin minimallaşdırılması ilə bağlı ayırdığı vəsaitin həcmi olduqca böyükdür. Adətən dövlətlərin pandemiyaya qarşı ayırdığı vəsait onun ümumi daxili məhsulu ilə müqayisə edilir. Azərbaycan dövləti birbaşa cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətə ümumi daxili məhsulun 3 faizindən çox – yəni 2,5 milyard vəsait ayırıb. Müqayisə üçün yada salaq ki, Rusiyanın bu istiqamətdə ayırdığı vəsait ümumi daxili məhsulunun 0,4 faizindən daha azdır.
Amma biz görürük ki, Prezident yalnız 2,5 milyard vəsaitlə kifayətlənmir, dövlətin bütün imkanlarını bu istiqamətdə səfərbər edir. Yalnız tibbi avadanlıqların alınmasına Prezident öz ehtiyat fondundan 97 milyon ayırdı. Əlavə olaraq tibbi avadanlıqlar üçün 150 milyon manat da ayrılıb və ən zəruri halda dərhal istifadə ediləcək. Bütün bunlar 2,5 milyarda daxil deyil.
Və ən önəmlisi, cənab Prezident bu il üçün nəzərdə tutulan sosial proqramların təxirə salınmaması ilə bağlı da göstəriş verdi və hazırda bütün sosial proqramlar, o cümlədən şəhid ailələri üçün mənzillərin alınması və tikintisi davam edir”.

A.Camalqızı deyib ki, Koronavirusla mübarizəyə 2,5 milyard ayrılsa da, Prezidentimiz hər vəchlə bu rəqəmi böyüdür, müxtəlif mənbələri cəlb etməklə əhalinin hazırkı vəziyyətdən daha rahat çıxması üçün bütün imkanlardan maksimum istifadə edir və özünün də qeyd etdiyi kimi, bu məbləğ artıq 3-3,5 milyarda yüksəlməkdədir:

“Bundan əlavə, məşğulluq orqanlarının fəaliyyəti də gücləndirilib. DOST İş Mərkəzi vasitəsilə aprel və may ayları üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb.Məlumatlara görə, artıq 5 min nəfər işlə təmin olunub. Sevindirici haldır ki, ümumilikdə yeni yaradılan ictimai iş yerlərinin sayı 90 minə çatmaqdadır. Xüsusi karantin rejimi başlayanadək 38 min nəfər bu işlərə cəlb edilib və hazırda da işləməkdə davam edirlər”.

Aynur xanım dövlətin bu qədər yükü öz üzərinə götürdüyü bir məqamda vətəndaşların və sahibkarların üzərinə düşən məsuliyyəti də xüsusi qeyd edib:

“Təbii ki, vətəndaşlar dövlətin aldığı qərarlara riayət etməlidirlər və bilməlidirlər ki, bütün bu tədbirlər, xərclənən milyardlarla manat vəsait və görülən çoxhəcmli tədbirlər xalqın qorunması üçündür və heç də bütün ölkələrin rəhbərləri öz xalqı üçün bu qədər fədakarlıq etmir.

Biz bizi qoruyan dövləti öz məsuliyyətimizi dərk etməklə qorumalıyıq və Prezidentin bu addımlarına qoşulmaqla ölkə rəhbəri və Birinci Vitse-prezidentin xalqa sonsuz sevgisini cavablandırmağı bacarmalıyıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər