18 Aprel 2020 16:00
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövətimizin başçısı İlham Əliyev bildirir ki, bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik.

Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm baza mövcuddur

Möhtərəm Prezidentimiz İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda bu mühüm amili bir daha vurğulamışdır ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründəki bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir: “Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.”

Təbii ki, ölkə Prezidentinin bu fikirləri Azərbaycanın malik olduğu möhkəm iqtisadi bazaya əsaslanır. İslahatların zamanın, dövrün tələblərinə uyğun təkmilləşməsi, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, bir sözlə, iqtisadi inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması və uğurlu icrası hər bir ölkənin inkişafında vacib amil olan iqtisadiyyatın dayanıqlılığının təminatında əhəmiyyətli rol oynayır. Necə ki, koronavirus pandemiyasının törətdiyi fəsadların aradan qaldırılması dünya ölkələrinin iqtisadi və sosial imkanlarının təqdimatı oldu, bu dəhşətli virus vəziyyətdən uğurla çıxmaq üçün ölkələrin təcrübəsinin bir daha nəzərdən keçirilməsini aktuallaşdırdı.

Azərbaycanın pandemiyanın geniş yayılmağa başladığı və artıq demək olar ki. bütün dünya dövlətlərini ağuşuna aldığı dövrə təsadüf edən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, ölkəmizin ilin ötən 3 ayında öz vətəndaşlarını bu ümumbəşəri bəladan qorumaqla yanaşı, iqtisadi inkişaf sahəsində də böyük uğurlara nail olduğunu açıq-aydın görərik. Yanvar-fevral aylarında ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri -neft sektorunda artım 7 faizə yaxın, qeyri-neft sənaye sektorunda 23 faizdir. İnflyasiya 3 faiz səviyyəsindədir. Əhalinin gəlirləri 7 faizə yaxındır. Orta aylıq əməkhaqqı 28 faiz, orta pensiya 27 faiz artıb. Ölkəmizdə orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır. Bir sözlə, ölkəmiz 2020-ci ilə uğurla başlayıb, islahatların davam etdirilməsi mühüm nəticələrə gətirib çıxarıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə ifadə etdiyi bu əminlik də ölkəmizin uğurlarına, qarşıya qoyduğu hədəflərə nail olmaq məqsədilə zəruri addımların atılması istiqamətində göstərdiyi səylərə, nəzərdə tutulan mexanizmlərin icrası üçün tələb olunan maliyyə imkanlarına malik olmasına əsaslanır: “Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.”

Sahibkarlığın inkişafı, iş adamlarına dövlət dəstəyi prioritetdir

Koronavirus pandemiyasının hər bir ölkənin iqtisadiyyatında törətdiyi fəsadlar həllivacib məsələlərin, mühüm tədbirlərin həyata keçirilməsini bir zərurətə çevirib. Heç şübhəsiz, Azərbaycanın tətbiq etdiyi qabaqlayıcı tədbirlərin dünyanın əksər ölkələrində də təqdir olunaraq bizim təcrübəmizdən istifadə edilməsi siyasətimizin düşünülmüş və gələcəyə hesabalanmış uğurlarının göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı geniş tədbirləri əhatə edir. Bu sənəd əsasında məşğulluğun və sosial rifahın dəstəklənməsi tədbirləri uğurla həyata keçirilir. Sənəddə bu məqsədlə 4 istiqamət üzrə 10 tədbir öz əksini tapıb. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 17 aprel 2020-ci il tarixdə elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndəşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon vəsaitin ayrılması Azərbaycan dövlətinin ölkə vətəndaşlarını dünyanı bürüməkdə olan və getdikcə daha böyük fəsadlar törədən pandemiyanın ağır nəticələrindən qoruması məqsədini güdür.

Cənab İlham Əliyev koronavirusa qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən iş yerlərinin azaldılmamasını, sahibkarlara dövlət dəstəyinin göstərilməsini, işsiz, həmçinin xüsusi karantin rejimi ilə əlaqədar müvəqqəti işsiz qalan insanlara maddi yardımın göstərilməsini mühüm tələb kimi qarşıya qoydu. Məhz dövlət başçısının müvafiq gösrərişlərinə uyğun olaraq koronavirus pandemiyasından zərər çəkmiş sahibkarların gündəlik qayğıları diqqət mərkəzində saxlanılmaqla onlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilməkdədir. Bu məqsədlə edilən müraciətlər operativ şəkildə araşdırılır və ictimaiyyətə mütəmadi məlumatlar verilir. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə karantin pejimi dövründə məşğulluq orqanlarının fəaliyyətinin gücləndirilməsi məsələsi ciddi nəzarətdə saxlanılır. Bu məqamda bir mühüm statistik rəqəmi qeyd etmək yerinə düşər ki, DOST mərkəzləri vasitəsilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Ümumilikdə, ictimai iş yerlərinin sayı 90 minə çatıb. Onu da qeyd edək ki, işsizlərə və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minumumu səviyyəsində, yəni. 190 manat birdəfəlik ödəmə verilməsinə başlanılıb.

Bu çətin günlərdə əhalinin məşğulluğunun təmin olunması da prioritet vəzifələr sırasındadır. Xüsusi karantin rejiminin tətbiqinə başlanılmasından dərhal sonra son illərdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına ayrıca diqqətin göstərilməsi, ailə təsərrüfatlarına asan dəstək məqsədilə ABAD mərkəzlərinin fəaliyyətinin və onların coğrafiyasının genişləndirilməsi, regional inkişaf proqramları çərçivəsində bölgələrdə əhəmiyyətli infrastruktur layihələrinin, özünüməşğulluq proqramının icrası və sair kimi addımlar deyilənlərin bariz nümunəsidir. Bu tədbirlər ümumi daxili məhsulda özəl bölmənin payının artmasını şərtləndirir. Heç də təsadüfi deyil ki, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat vəsait ayrılıb. Həmçinin proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Bu baxımdan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən ölkəmizin Dünya Bankı ilə birgə reallaşdırılması nəzərdə tutulan layihəsi də təqdirəlayiq addım hesab edilməlidir. Həmin layihə əsasında 5 min ailənin özünüməşğulluğu təmin ediləcək, həmçinin BMT-nin İnkişaf Proqramı ilə birgə əlilliyi olan 500 nəfər vətəndaşımızın biznesə çıxışına dəstək veriləcək. Bütün bu addımlar dövlətimizin başçısı İlham Əliyevin daim vurğuladığı “İqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” tezisinin artıq reallığa çevrildiyini əyani surətdə əks etdirir.

Sosial müdafiə tədbirlərinin gücləndirilməsi: Karantin və postpandemiya dövrlərinin başlıca tələbi

Möhtərəm Prezidentimiz 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bu əminliyi də ifadə etdi ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Təbii ki, dövlətimizin başçısının bu əminliyi də mövcud imkanlara, cari ilin uğurlu sosial-iqtisadi göstəricilərinə əsaslanır. Məlum olduğu kimi, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi daxil oldu. Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, islahatların yeni mərhələsinə 2018-ci ilin prezident seçkilərindən sonra start verilmişdir. 2018-ci ilin 11 aprel prezident seçkilərində qarşıdakı 7 il müddətinə xalqdan növbəti dəfə mandat alan dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində inkişafımızın və islahatların bütün perspektiv istiqamətlərini dahiyanə uzaqgörənliklə göstərmişdir.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin başlandığı zamandan əhalinin sağlamlığının təminatı üçün “Evdə qalaq, sağlam olaq” prinsipinə, ən əsası dövlətimizin başçısı İlham Əliyevin “ Biz birlikdə güclüyük!” çağırışına uyğun olaraq xüsusi karantin rejiminin tətbiqi şəraitində dövlət müəssisələrində çalışanlara əməkhaqlarının ödənilməklə məzuniyyətin verilməsi, karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması, təyinatının sadələşdirilməsi və sair kimi addımlar cənab İlham Əliyevin nəinki iki il bundan əvvəl keçirilən prezident seçkilərində bəyan etdiyi seçki platformasını ardıcıl həyata keçirməkdə israrlı olduğunu, eyni zamanda, qarşıya çıxan istənilən ekstremal vəziyyətlərdə daim xalqın yanında olduğunu, vətəndaşların hər bir probleminə son dərəcə böyük həssaslıqla yanaşdığını bir daha sübut etdi. Məhz dövlət başçısının sosial siyasətində vətəndaşların maddi rifahının yüksəldilməsinin prioritet istiqamət təşkil etməsinin nəticəsidir ki, bu il aprelin 1-dən ünvanlı sosial yardım alanların sayı 10 min ailə artıb. Ümumilikdə isə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Hər ailəyə düşən yardımın məbləği 222 manata çatdırılıb. Eyni zamanda, 2020-ci ilin martından etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddətinin xüsusi karantin rejimin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması, sosial baxımdan həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinin nəzərdə tutulması, əhaliyə güzəştli elektrik enerjisi limitinin artırılması və sair addımlar da Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən güclü sosial siyasətin iqtisadi tərəqqiyə əsaslandığını bir daha təsdiqləyir.

Karantin qaydalarında daha riskli qrup kimi yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın sağlamlığının təmin olunması üçün onların evdə qalmaları ilə bağlı müddəanın əksini tapması da göstərilən diqqət və qayğının tərkib hissələrindəndir. Statistikaya müraciət etsək görərik ki, hazırkı xüsusi karantin rejimində bu qəbildən olan 15 mindən çox tənha yaşlı hər gün hərtərəfli sosial xidmətlə əhatə olunur. Bundan əlavə, hazırda 9 sosial xidmət müəssisəsində mindən çox şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyevin 14 aprel 2020-ci il tarixli “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələrində, tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaaşının bir misli miqdarında müddətli əlavənin müəyyən edilməsindən sonra bu sahədə işlər daha geniş xarakter almışdır.

Dövlətimizin başçısı İlham Əliyevin aprelin 6-da imzaladığı əfv Sərəncamı əsasında xüsusi risk qrupuna aid olan yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa buraxılması humanizmin, insanpərvər siyasətin, dövlətin bu ağır günlərdə hər bir vətəndaşının yanında olmasının göstəricisidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində əksini tapan “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri-ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik” fikirlərində də böyüklərimizə xüsusi qayğı və hörmətin göstərilməsinə, onların qorunmasına çağırış ifadə olunur.

Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır

Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə olmaqla yanaşı, insanların sağlamlığına təhdid olduğu indiki şəraitdə qabaqlayıcı tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi, “Evdə qal, sağlam ol”, “Evdə qalaq, həkimlərimizə dəstək olaq” kimi çağırışlar bugünümüzün əsas tələblərinə çevrilib. Bu tələblər isə, öz növbəsində, sosial məsuliyyətin daha da artırılmasını aktuallaşdırır. Bir daha cənab İlham Əliyevin bu müdrik fikrini təsdiqləyir ki, biz yalnız dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsi fonunda pandemiyaya qarşı mübarizədə uğur qazana bilərik. Bu baxımdan indiki həlledici məqamda sağlamlığımızın keşiyində dayanan həkimlərimizin əməyi ölkə Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən yüksək dəyərləndirilir. Prezidentin və Birinci vitse-prezidentin müraciətlərində xüsusi vurğulanır ki, həkimlərimiz Hippokrat andına sadiqliklərini, xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır.

Dövlətimizin başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda “Deyə bilərəm ki, ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə, aztəminatlı ailələrə kömək göstəririk” söyləyərək bu məqamı da xüsusi vurğulamışdır ki, Azərbaycan xalqı dövlət tərəfindən görülmüş işlərə böyük qiymət verir, bu, bizi daha da ruhlandırır.

YAP Siyasi Şurasının üzvü,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist Vüqar Rəhimzadə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər