Ermənistan növbəti dəfə danışıqları pozub. Çox güman ki, daxili problemlərə görə, Ermənistan hakimiyyəti yenidən danışıqları pozmağa məcbur olub və düşünürəm ki, yaranan bu duruma beynəlxalq təşkilatların reaksiyası olmaldır. Çünki Ermənistanın belə ərköyün davranışları birinci dəfə deyil ki, baş verir. Onlar danışıqlar prosesini vaxtaşırı pozurlar. Hesab edirəm ki, Minsk Qrupunun həmsədrləri yarnan son duruma, konkret Ermənistanın danışıqlar prosesini pozmasına öz möveyini açıqlamalıdır.
Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan və Ermənistan arasında Qarbağ münaqişəsinə dair aparılan sülh danışıqlarının indiki durumunu qiymətləndirərkən deyib.
Deputat hesab edir ki, ilk növbədə danışıqlarda vasitəçilik missiyasını həyata keçirən Minsk Qrupu real duruma mövqeyini açıqlamalıdır:
“Nəzərə almaq lazımdır ki, bu halda danışıqların əhəmiyyəti itir və Ermənistan öz hərəkətləri ilə bölgədə gərginliyi tamamilə artırır. İstisna etmirəm ki, onlar hansısa təxribata da əl ata bilərlər”.
Asim Mollazadənin sözlərinə görə, Ermənistan diplomatiyasının Qarabağ danışıqlarına dair son addımları xaricdən qaynaqlanmır:
“Mənə elə gəlir ki, onların daxilində ciddi problemləri var. İndiki erməni hakimiyyətindən müəyyən qədər narazı olan Rusiya Lavrov vasitəsilə açıqlamalar verir və bu açıqlamalar öz-özlüyündə Ermənistana təzyiq xarakterindədir. Çox güman ki, bu proseslər Ermənistanda hakimiyyətin iflic vəziyyətində olduğunu göstərir. İstisna deyil ki, burada Rusiyada yaşayan erməni diasporunun da təsiri var. Biz deyə bilmərik ki, ermənilərin Rusiyada mövqeyi zəifləyib. Əksinə, Nikol Paşinyandan Rusiya və Rusiyada yaşayan ermənilərin narazılığı var. Bu təzyiqlər eyni zamanda Ermənistan daxilində cinayətkar separatçı rejimin əlinə oynayır. Bildiyiniz kimi, separatçı rejimdə də hakimiyyət dəyişikliyi olub və Paşinyan orada da öz mövqelərini itirib. Bu mənada çox güman ki, Ermənistan daxilində gözlənilən daxili siyasi proseslər onları vadar edib ki, danışıqları pozsunlar, dayandırsınlar”.