Mixail Saakaşviliyə Ukraynada vəzifə təklif edilməsi və onun Kiyevə qayıtması başadüşüləndir. Ancaq o, baş nazirin müavini təyin edilməsi üçün Ali Radada tələb edilən qədər səs qazanmadı. Fikrimcə, bu məsələ zamanla həllini tapacaq və Saakaşvili Ukrayna hakimiyyətində sanballı post tutacaq.
Bu sözləri Teleqraf.com-a hüquq elmləri doktoru, politoloq Rüstəm Məmmədov Ukraynada Saakaşvili ətrafında yaranan vəziyyəti şərh edərkən deyib.
Politoloq bildirib ki, hazırda Ukrayna hakimiyyəti Saakaşvilini hansı posta yerləşdirmək haqqında düşünür. Onun sözlərinə görə, Saakaşvili Amerikaya yaxın adamdır: “Amerika məntiqi ilə istəyir ki, Ukraynanı abıra salsın. Bəli, Ukrayna böyük ölkədir, varlı ölkədir və s. Amma həm də Ukraynada hərc-mərclik var, necə illərdir ki, bu ölkədə vəziyyəti sahmana salmaq mümkün olmur. Saakaşvili ABŞ modeli ilə bu ölkədə sahman yaratmaq üçün dəvət edilib. Mənim şəxsi fikrim belədir ki, Saakaşvili bunu bacara biləcək adamdır.
Digər tərəfdən, unutmayaq ki, əslində Saakaşvili Gürcüstandan çox Ukraynada yaşayıb. Gürcüstanın sabiq prezidenti Ukraynada universitetdə oxuyub, sonra bu ölkədə yaşayıb. Yəni Saakaşvili əsl ukraynalıdır, bu ölkəni yaxşı tanıyır”.
Rüstəm Məmmədov əlavə edib ki, Ali Radada Saakaşvilinin baş nazirin müavini təyin edilməsi üçün lazımi səs əldə edilməməsinin öz səbəbləri var:
“Burada birinci məqam odur ki, ukraynalılar millətçidir. Onlar başqa millət təmsilçisinin vəzifəyə gətirilməsinə qeyri-müəyyən yanaşırlar. Ola bilsin ki, digər təsir Rusiyadan ola bilər. Amma buna baxmayaraq, Saakaşvili Ukraynada vəzifəyə gətiriləcək”.