Onsuz da soyuq olan ABŞ-Çin münasibətləri son vaxtlar daha da gərginləşib. Əgər ABŞ-la Çin indiyədək “ticarət müharibəsi” aparırdılarsa, artıq koronavirus pandemiyasının yayılmasında Çinin məsuliyyətinə dair iddialar səbəbindən münasibətlər daha kəskin şəkil alıb. Üstəlik, Almaniya başda olmaqla bir sıra Avropa dövlətlərinin də koronavirus pandemiyasına görə Çinlə münasibətləri korlanıb.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, ABŞ Çinin yeni xəstəliklə bağlı məlumatları vaxtında Ümumdünya Səhiyyə Təşkilatına təqdim etmədiyini, üstəlik ÜST-ni və dünya ölkələrini yalan məlumatlarla çaşdırdığını hesab edir:
“ABŞ Çini beynəlxalq məhkəməyə vermək iddiasındadır. Başda Almaniya olmaqla digər Avropa dövlətləri də onun bu iddiasına qoşulurlar. Üstəlik, yeni bir iddia da ortaya atılıb ki, Çin özünün guya humanistliyini və xeyirxahlığını nümayiş etdirmək üçün bir sıra ölkələrə, o cümlədən ABŞ-a koronavirusla bağlı humanitar yardım göndərib. ABŞ iddia edir ki, ona göndərilən yardımlar – tibbi avadanlığın və ləvazimatların hamısı saxta və keyfiyyətsiz məhsullardan ibarətdir. Heç nəyə yaramır. Bu səbəbdən də Çini ittiham edirlər”.
Qabil Hüseynlinin sözlərinə görə, ümumiyyətlə, Çinin koronavirusla bağlı atdığı addımlarda xeyli şübhəli məqamlar olduğunu göz önünə gətirən Qərbi Avropa siyasətçiləri belə hesab edirlər ki, Avropa ölkələri və ABŞ-da koronavirusun yayılmasında Çindən gəlmiş turistlərin böyük rolu olub:
“Məsələn, qeyd edilir ki, Uhan şəhərində ilk yoluxmuş şəxsdən sonra epidemiyanın geniş miqyas alacağının aşkar olması Çinə həyəcan təbili çalmaq üçün əsas verirdi. Çin isə bu məlumatların yayılmasını ən azı 15-20 gün gecikdirib və Ümumdünya Səhiyyə Təşkilatına məlumat verməyib. Üstəlik, Uhan şəhərindən koronavirus daşıyıcısı olan minlərlə insanın şəhərdən çıxmasına və dünyaya – ilk növbədə İtaliya və İspaniyanın turistik bölgələrinə, həmçinin ABŞ-a daxil olmaqla virusun bütün Avropa və Amerikaya, habelə Avstraliyaya yayılmasına səbəb olublar. Bu səbəbdən pandemiya başa çatdıqdan sonra ABŞ Çini beynəlxalq məhkəməyə vermək niyyətindədir. Avropa ölkələrinin bir çoxu da ABŞ-ın bu iddiasını təsdiqləyir və müdafiə edir. Amma bildirirlər ki, Çini beynəlxalq məhkəmədə mühakimə etmək üçün ortaya ciddi faktlar, ciddi əşyayi-dəlillər qoyulmalıdır və bu istiqamətdə də tədbirlər həyata keçirilir. Belə görünür ki, bu istiqamətdə addımların atılması getdikcə daha sistemli xarakter alacaq və bu əşyayi-dəlillərin axtarılması prosesində Çinin koronavirus tədqiqatları və bütövlükdə onun bir sıra digər bioloji silahlar hazırlamaq istiqamətindəki fəaliyyəti ciddi təftiş ediləcək. Zənnimcə, bu da Çinə qarşı ciddi ittihamların irəli sürülməsinə və ondan böyük məbləğdə, təxminən 2-3 trilyon dollar ətrafında təzminat tələb olunmasına gətirib çıxara bilər. Bu isə Çin üçün çox ağır və yerinə yetirilməsi xeyli çətin olan, ölkənin iqtisadiyyatını çökdürə biləcək bir təzminat ola bilər. Əgər bu baş tutarsa, məhkəmə bununla bağlı qərar çıxararsa Çinin beynəlxalq münasibətlərdən təcrid edilməsi prosesi də gündəmə gələ bilər”.
Qeyd edək li, Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Piter Navarro koronavirus pandemiyası fonunda Çinin ünvanına yeni ittihamlar irəli sürüb. O qeyd edib ki, Pekin Vaşinqtona aşağı keyfiyyətli və hətta saxta koronavirus sınaq dəstləri göndərib. “ABŞ gələcəkdə belə hallara yol verə bilməz”, – deyə Navarro bildirib.
İqtisadi məsələlər üzrə müşavir Çini virusun yayılması ilə əlaqədar ABŞ-ın yaşadığı problemlərdən qazanc əldə etməkdə ittiham edib. O, Çini pandemiyanın qarşısının alınmasında yol verdiyi silsilə səhvlərə görə məsuliyyət daşımağa çağırıb.